Suraxanıda Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyi qeyd edildi
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Mərkəzin, Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyi münasibəti ilə ölkənin aparıcı mətbuat orqanlarının nümayəndələrinin rayon ictimaiyyəti ilə görüşü keçirilmişdir.
Görüşdə iştirak edən rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi, media nümayəndələri Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edirlər, Heydər Əliyev Mərkəzi ilə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Poçt markaları və kitab sərgiləri ilə tanış oldular.
Tədbir Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi ilə başladı. Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 143 ildə müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da hər çətinliyə dözmüş və tutduğu şərəfli yoldan dönməmişdir. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.
Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.
Ulu Öndər hələ 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi gündən başlayaraq respublikamızda digər sahələrlə yanaşı mətbuatın da inkişafında əsaslı dönüş yaranmağa başlamışdır. Məhz Ulu Öndərin səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dili Azərbaycan dili kimi təsbit olundu.
Həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpmağa başladı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu Öndər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilməyə başladı. Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı.
Məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ötən əsrin 70-80-cı illərində həyata keçirdiyi tədbirlər Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rol oynamışdır.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb olmuşdur. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli, söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratmışdır.
İlqar Abbasov vurğulamışdır ki, Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uöurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanmış və qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu konsepsiyanın müddəalarını uğurla həyata keçirir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımlarının göstərilməsi, jurnalistlərin təltif olunması haqqında möhtərəm Prezidentimizin imzaladığı sərəncamlar bir daha göstərir ki, dövlətimiz milli mətbuatın inkişafında bundan sonra da maraqlıdır və bunun üçün zəruri addımları atır. Dövlətimizin başçısı digər peşə sahibləri kimi jurnalistlərin də sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikintisi işləri uğurla davam edir.
Əminəm ki, milli mətbuatimiz ölkəmizdə sivil, demokratik cəmiyyət yaradılması işinə bundan sonra da layiqli töhfələrini verəcəkdir.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direkrotu Vüqar Səfərli çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu artıq üçüncü dəfədir Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirir. Bugünkü tədbir Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyinə təsadüf edir. Azərbaycan Milli Mətbuatı şərəfli yol keçmişdir. Bu yolu üç hissəyə bölmək istəyirəm. Birinci hissə 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşr edilməsi ilə başlayır. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdur. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdur. XIX əsrin sonlarında "Ziya", "Kəşkül", “Kaspi” qəzetləri nəşrə başlamışdır. XX əsrin əvvəllərində "Şərqi-rus", "Həyat", "Açıq söz", "Azərbaycan " kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı. İkinci hissəni sovet dörü əhatə edir. Bu dövrdə, xüsusi ilə, 14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızda mətbuatın inkişafında əsaslı dönüş yarandı. Üçüncü hissəni isə müstəqillik dövrü əhatə edir. Müstəqilliyin ilk illərində ölkəyə başçılıq edən şəxslər nəinki vətəndaşların söz azadlığı hüququnu tanıyır, əksinə, imperiya dövründəki basqıların, senzuranın daha da gücləndirilməsinə şərait yaradırdılar. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra mətbuatın inkişafında mühüm dəyişikliklər baş verdi, söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaradıldı. Qanunvericilik bazası təkmilləşdirildi. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu. Bu gün ölkədə KİV-lərin fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hərtərəfli şərait yaradılıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan mətbuatına, mətbuat işçilərinə xüsusi diqqət və qayğı göstərir. 2017-ci ildə 255 jurnalist mənzillə təmin edilib və cənab Prezident tərəfindən yeni binanın təməli qoyulub. Yaxın 3 ildə həmin bina da jurnalistlərin istifadəsinə veriləcək. 15 iyul 2018-ci il tarixdə cənab İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə 1 milyon manat maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.
Tədbirdə Milli Məclisin deputatı Ağacan Abiyev, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal çıxış etdilər.
Tədbirin ikinci hissəsində Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldılar.