Suraxanı rayonunda növbəti səyyar görüşlər keçirilmişdir
16 avqust 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşləri olmuşdur.
Növbəti belə görüşlər Zığ qəsəbəsində Qum Adası bağlar yaşayış sahəsində və Hövsan qəsəbəsində Mədəniyyət evində keçirilmişdir. Sakinlərlə keçirilən növbəti görüşlərə gələn rayon rəhbəri məlumat vermişdir ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında Suraxanı rayonu üzrə nəzərdə tutulmuş 102 tədbiridən icrasına başlanılan və başa çatdırılan tədbirlər proqramın 89,22 faizini təşkil etmiş, həmin Proqramın “Əlavə Tədbirlər Planı"nda nəzərdə tutulmuş 48 tədbirin isə 22,92 faizinin icrasına başlanılmışdır.
Dövlət Proqramı əsasında rayonda görülməsi nəzərdə tutulmuş işlərin icra vəziyyəti icraçı idarə və təşkilatların rəhbərlərinin iştirakı ilə mütəmadi müzakirə edilir, müşavirələr keçirilir, qarşıya çıxan problemlərin həlli yolları müəyyən olunur.
İlqar Abbasov səyyar görüşlərdə iştirakçıların diqqətinə çatdırmışdır ki, Proqramda Zığ qəsəbəsi üzrə, o cümlədən Qum Adası bağlar yaşayış sahəsində bir sıra işlərin görülməsi, su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması, qəsəbədaxili yolların tikintisi və təmiri, Zığ gölünün ətraf ərazilərində neft tullantılarının təmizlənməsi, müvafiq torpaq işlərinin görülməsi, su mənbələrinin müəyyənləşdirilərək, suvarma sisteminin qurulması və ərazinin yaşıllaşdırılması nəzərdə tutulmuşdur. Bu işlərin bir qismi icra olunmuş, digərlərinin üzərində isə iş gedir. Hövsan qəsəbəsində isə uşaq poliklinikası, südçülük sovxozu ərazisində həkim məntəqəsi tikilmiş, müasir avadanlıq və inventarla təchiz edilərək əhalinin istifadəsinə verilmiş, qəsəbədəki 37 saylı uşaq musiqi məktəbi əsaslı təmir olunmuş, 196 saylı orta məktəb əsaslı təmir olunmuş və məktəb üçün 400 şagird yerlik 20 əlavə sinif otağı, poçt şöbəsi üçün yeni bina tikilmiş, 280 saylı orta məktəb, 163 və 273 saylı uşaq bağçaları əsaslı təmir edilmiş, su şəbəkəsinin qurulmasına, 76 saylı orta məktəbin əsaslı təmirinə, 281 saylı orta məktəbin əsaslı təmirinə və 600 şagird yerlik 30 əlavə sinif otağının tikintisinə, 23 saylı şəhər poliklinikasının, 126 və 263 saylı körpələr evi-uşaq bağçalarının əsaslı təmirinə başlanılmışdır.
Səyyar görüşlərdə İlqar Abbasov xüsusi vurğulamışdır ki, qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələri həyata keçirilmişdir.
Səyyar görüşlərdə sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlər etdilər. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qaldırılan məsələlərə aydınlıq gətirdi. Səyyar görüşlərdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.
Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Görüşlərdə 125-ə yaxın sakin və RİH başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.