Heydər Əliyev Mərkəzi ilə tanışlıq Suraxanı ictimaiyyətində zəngin təəssüratlar yaradıb
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 49 illiyi münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri Ulu Öndərin zəngin irsinin öyrənilməsi məqsədi ilə Heydər Əliyev Mərkəzində olmuşlar.
Bildirilib ki, Mərkəz ulu öndərimizin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, dahi şəxsiyyətin irsinin tədqiqi və təbliği, Azərbaycan tarixi və mədəniyyətinin, dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, habelə təbliği, eləcə də yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində səmərəli fəaliyyət göstərir. Mərkəz, həmçinin digər ölkələrin analoji qurumları, araşdırma mərkəzləri ilə elm, təhsil, mədəniyyət, iqtisadiyyat, idman, ekologiya kimi müxtəlif sahələrdə birgə layihələr reallaşdırır.
İlk olaraq ictimaiyyət nümayəndələri muzeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar.
Sonra diqqətə çatdırılıb ki, muzey ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, ulu öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır. Muzeyin “Şəkillərə həkk olunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində ulu öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.
Bildirilib ki, muzeyin ən maraqlı bölmələrindən biri də ümummilli liderin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və ümummilli liderə təqdim olunan hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda ulu öndərin hərbi və mülki geyimləri, o cümlədən, onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.
Qonaqlar “Azərbaycan inciləri” sərgisi ilə də maraqla tanış olublar. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Burada qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri diqqət çəkir, mis məmulatlar xüsusi maraq doğurur. Azərbaycanın qədim musiqi alətləri orijinal formada – səsli təqdim olunur. Ölkəmizin milli geyimlərinin, qədim sikkələrinin yerləşdiyi ekspozisiyada isə müxtəlif dillərdə müqəddəs kitablar nümayiş olunur.
İctimaiyyət nümayəndələri “Mini Azərbaycan” sərgisinə də baxıblar. Bu sərgidə qonaqlar Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı əldə ediblər.
Rayon ziyalıları və ictimaiyyətin nümayəndələri Heydər Əliyev Mərkəzindən zəngin təəssüratla ayrılıblar.