Suraxanı rayonunda ilin 1-ci yarısının yekunları müzakirə olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunmuş, qarşıda duran vəzifələr konkretləşdirilmişdir.
Şuranın geniş iclasında məruzə ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vurğuladı ki, ölkə əhalisinin yüksək fəallığı şəraitində, mütəşəkkil, şəffaf şəkildə keçirilən, insanların yüksək əhval-ruhiyyə ilə iştirak etdikləri 11 aprel Prezident seçkiləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin möhtəşəm və inamlı qələbəsi ilə başa çatdı və bir daha təsdiq etdi ki, cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi on beş il ərzində xalqın böyük hörmət və rəğbətini qazanmışdır. Hər birimiz qürur duyuruq ki, xalqımız növbəti 7 ildə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə irəliləyəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında səsləndirdiyi başlıca müddəalar barədə ətraflı məlumat verən İlqar Abbasov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülən təşəbbüslər sabitlik, əmin-amanlıq şəraitində reallaşıb, əldə edilən uğurlar ölkəmizi daha da gücləndirib, Azərbaycanın bütün regionlarının inamlı inkişaf dinamikası saxlanılıb.
Hesabat dövrü ərzində Suraxanı rayonunun hərtərəfli sosial-iqtisadi inkişafı təmin edilmiş, 2018-ci ilin 6 ayı ərzində Suraxanı rayonunda ilkin hesablamalara görə sənaye məhsulunun istehsalı 171,9 milyon manat, tikinti-quraşdırma işləri 46,6 milyon manat, nəqliyyat xidmətləri 6,5 milyon manat, pərakəndə ticarət dövriyyəsi 432,6 milyon manat olmuş, orta aylıq əmək haqqı 605 manat təşkil etmiş, əhaliyə 143,3 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, 1401 yeni daimi iş yeri açılmışdır.
May ayının 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qaraçuxur qəsəbəsində “ATEF Şirkətlər Qrupu” MMC tərəfindən yüksək gərginlikli avadanlıqlar zavodunun açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan və təməli 2017-ci ilin 24 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən qoyulan Hövsan Yaşayış Kompleksində binaların tikintisi davam etdirilir.
Hesabat dövrü ərzində rayon ərazisində ümumilikdə 23,8 min kv.m. asfalt örtüyü çəkilmiş, Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilmişdir. Yenidən qurulan yolların ətrafının estetik görünüşün yaxşılaşdırılması məqsədi ilə yolların ətrafında təmir-tikinti, abadlıq işləri aparılır, yaşıllıq zolaqları salınır, yerüstü kommunikasiya xətləri yerin altına salınır və ya nizamlanaraq rənglənir, yeraltı kommunikasiya xətləri təmir edilir və ya dəyişdirilir, küçələrdə müasir avtobus dayanacaqları quraşdırılır, yararsız vəziyyətdə olan mövcud dayanacaqlar isə yeniləri ilə əvəz olunur.
Hesabat dövrü ərzində rayonda 8340 p.m. su, 436 p.m. kanalizasiya və 3928 p.m. qaz xətti çəkilmiş, elektrik yarımstansiyaların binalarında cari təmir işləri aparılmış, 1040 p.m. elektrik xətləri çəkilmiş, istismara yararsız 11 ədəd KTM yeni müasir KTM-lərlə əvəz olunmuş, bəzi TM və KTM-də güc transformatorları daha güclü transformatorlar ilə əvəzlənmişdir. Görülən işlər nəticəsində rayon əhalisinin 100%-i elektrik enerjisi, 98%-i məişət qazı, 96%-i su ilə təmin olunur.
İstilik sistemlərində təmir-bərpa işləri davam etdirilmiş, 422 p.m istilik xətti dəyişdirilmiş, istilik sisteminə qoşulmuş 324 çoxmənzilli yaşayış binası, 34 məktəb, 35 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə istilik verilişi təmin olunmuşdur. Hal-hazırda 2018-2019-cu illərin istilik mövsümünə hazırlıq işlərinə start verilmişdir.
Yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının və digər obyektlərin sökülərək yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişinə və Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq “Etibarlı” MTK tərəfindən Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36 ünvanda yerləşən istismara yararsız iki mərtəbəli 16 mənzilli yaşayış binalarının yerində 12 və 14 mərtəbəli, iki girişli yaşayış binasının tikintisinə başlanılmış və hal-hazırda binanın 2-ci girişinin 12-ci mərtəbəsində tikinti quraşdırma işləri aparılır, 1-ci girişinin mərtəbələrində dəmir-beton işləri başa çatdırılıb, hörgü və suvaq işləri aparılır.
İyulun 5-də Yeni Günəşli “D” yaşayış sahəsində müvafiq Dövlət Proqramına uyğun tikilən şahmat məktəbinin açılışı olmuşdur. Yeni Günəşli “AB” yaşayış sahəsində özəl klinikanın, Əmircan qəsəbəsində 100 yerlik uşaq bağçasının və Rayon Məhkəməsi üçün yeni inzibati binanın tikintisi, eləcə də RİH-in daxili imkanları hesabına Yeni Günəşli “D” yaşayış sahəsində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində və Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın yataqxana binalarında cari təmir işləri aparılır.
Bundan əlavə, Yeni Günəşli “D” yaşayış sahəsində “Xəzər inşaat XXI əsr” MTK tərəfindən, Yeni Günəşli “AB” yaşayış sahəsində “Atlanta” MTK tərəfindən, Qaraçuxur qəsəbəsində “Elit-R” MTK tərəfindən, Zığ qəsəbəsində “Şahinlər” MMC tərəfindən, Qaraçuxur qəsəbəsində “İB.N.M-İnşaat” MTK və “Neftçi” MTK tərəfindən 32 ədəd çoxmənzilli yaşayış binasının inşası işləri davam etdirilmişdir.
Mənzil-kommunal təsərrüfatı birlikləri tərəfindən Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “Q” yaşayış sahəsində 5, “V” yaşayış sahəsində 6, 4042/60-cı məhəllədə 5 çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri davam etdirilmiş, binaların həyətində çoxsaylı söhbətgah, yelləncək, sürüşkən, turnik, idman və digər qurğular quraşdırılmışdır.
Mövcud “Nümunəvi abad məhəllə”lərdə bərpa-təmir işləri aparılmış, İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə 1, 2, 3, 4, 5 və 6 saylı yaşayış binalarının həyətində və Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 15, 15A, 15B saylı yaşayış binalarının həyətində abad məhəllənin salınması işləri davam etdirilmişdir.
2018-ci ilin 6 ayı ərzində ətraf mühitin yaxşılaşdırılması tədbirləri davam etdirilmiş, neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 3,7 hektar olan müxtəlif ölçülü 56 gölməçə qurudulmuş, neftlə çirklənmiş 12,18 hektar torpaq sahəsi təmizlənmişdir.
Hesabat dövrü ərzində Suraxanı rayonunda RİH-in təşkilatçılığı və digər qurumların iştirakı ilə bir çox ictimai-siyasi tədbir keçirilmiş, dövlət bayramları və əlamətdar günlər qeyd edilmişdir. Ənənəvi olaraq rayonda əksər ictimai-siyasi tədbirlər Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin imkanlarından geniş istifadə olunmaqla həyata keçirilir. İndiyədək Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 90 minə yaxın yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 16 mindən artıq istifadəçi faydalanmışdır. Mərkəzdə müxtəlif dövlət orqanları, ali təhsil müəssisələri, elmi institutlar ilə birgə hesabat dövründə 9 ümumrayon tədbiri, 2009-cu ildən bəri isə 240-dan yuxarı tədbir keçirilmişdir.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə rayon məktəbliləri də davamlı tanış olur, Mərkəzin imkanlarından faydalanırlar. RİH-in və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə ayda bir dəfə tədris olunmaqla “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 9-11-ci sinif şagirdlərinə açıq dərslərin keçirilməsi davam etdirilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar rayonda silsilə tədbirlər keçirilmiş, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti birgə konfrans keçirilmiş, konfransdan sonra Suraxanı rayonu Heydər Əliyev parkında respublikanın tanınmış incəsənət ustalarının iştirakı və İctimai televiziya ilə canlı yayımlanan konsert və atəşfəşanlıq təşkil edilmişdir.
Azərbaycanın görkəmli oftalmoloq-alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibəti ilə rayonda silsilə tədbirlər keçirilmiş, Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə konfrans təşkil olunmuşdur.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi rayonda geniş qeyd olunmuş, 22 may tarixdə YAP Suraxanı rayon təşkilatında RİH və AMEA-nın Qafqazşünaslıq İnstitutu ilə birgə elmi-praktik konfrans keçirilmiş, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondu ilə birgə çoxsaylı maarifləndirici tədbirlər təşkil olunmuş, 21 iyun tarixdə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Son iclas” bədii-sənədli filminin rayon ictimaiyyətinə təqdimatı olmuşdur.
“15 iyun – Milli Qurtuluş günü” ilə əlaqədar Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi ilə birgə konfrans keçirilmişdir.
Son illər ərzində turizmin inkişafı istiqamətində mühüm addımlar atılmış, ölkədə yaradılan müasir infrastruktur müxtəlif ölkələrdən turistlərin Azərbaycana gəlməsinə şərait yaratmışdır. Rayonun əsas turizm obyekti olan “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna 2018-ci ilin 6 ayı ərzində 20677 nəfər ziyarətçi gəlmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 80 faiz çoxdur.
2018-ci ilin 6 ayı ərzində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 318 nəfər vətəndaş qəbul edilmiş, 795 nəfərin iştirakı ilə 22 səyyar görüş-qəbul keçirilmiş, qəbullarda əsasən küçə və yolların asfaltlanması və işıqlandırılması, su və kanalizasiya xətlərinin qurulması, torpaq sürüşməsi-çökməsi zonasında yerləşən evlər haqqında tədbir görülməsi, sənədsiz evlərin sənədləşdirilməsi və digər məsələlər qaldırılmışdır.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə daim diqqət göstərilmiş, DSMF-nin rayon şöbəsi tərəfindən bu dövr ərzində 9378 nəfərə 105,0 min manat məbləğində sosial müavinət verilmiş, 169 nəfər tənha, əlil vətəndaşa evlərində sosial xidmət göstərilmiş, Rayon Məşğulluq Mərkəzi 369 nəfəri işlə təmin etmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilmiş, rayon ərazisində abadlıq, yaşıllaşdırma, təmizlik işlərinin görülməsi, çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə Rayon MKTB-yə 31-i məcburi köçkün olmaqla cəmi 850 nəfər işaxtaran şəxs, digər idarə və müəssisələrdə isə 487 nəfər vətəndaş işə cəlb olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il fevralın 10-dan mayın 1-nədək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının icrası ilə əlaqədar rayon üzrə 157400 nəfər (əhalinin 87,4%-i) və 136 müəssisənin kollektivi tibbi müayinədən keçmiş, müxtəlif xəstəliklər aşkarlanmış sakinlər müalicəyə cəlb edilmişdir.
Şuranın geniş iclasında çıxış edənlər uğurlara və problemlərə diqqət yetirmiş, qarşıda duran vəzifələrlə bağlı fikir və təkliflərini söyləmişlər.
Müzakirələri yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vurğuladı ki, bu gün ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi mükəmməl prinsiplərə söykənərək yeni, ümummilli vəzifələri uğurla həyata keçirməkdədir. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət sayəsində Azərbaycan bölgənin iqtisadi baxımdan ən dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Azərbaycanın bütün regionlarının, o cümlədən Suraxanı rayonunun hərtərəfli inkişafına böyük diqqət və qayğı göstərən dövlətimizin başçısını əmin etmək istəyirəm ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarına, siyasi xəttinə sadiq olan rayonun sakinləri və əmək kollektivləri cənab İlham Əliyev tərəfindən müəyyən edilən vəzifələrin yerinə yetirilməsi, ölkəmizin inkişaf etdirilməsi və daha da güclü olması üçün bütün səy və bacarıqlarını səfərbər edəcək, ölkəmizin daha da qüdrətlənməsi naminə cənab Prezidentə yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.
Sonda rayonun ictimai həyatında və digər sahələrdə fəal iştirakına görə bir qrup şəxs rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişlər.
Şuranın geniş iclasında Milli Məclisin deputatı Ağacan Abiyev iştirak etmişdir.