Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Günəşli yaşayış sahəsində şahmat məktəbinin açılışı olub

05 iyul 2018 | 16:00

İyulun 5-də Suraxanı rayonu Yeni Günəşli “D” yaşayış sahəsində şahmat məktəbinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, şahmat məktəbi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilib.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda böyük ənənələri olan şahmatın inkişafı istiqamətində görülən işlərdən danışıb. Ölkəmizdə idmanın inkişafına dövlət qayğısı siyasətinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan nazir müavini qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən etibarən respublikamızın 70-dək şəhər və rayonunda uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib. Sovet İttifaqı dövründə dünya şahmat tacının Azərbaycana gətirilməsində də Heydər Əliyevin əvəzsiz xidmətləri olub.
İ.İsmayılov vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən müddətdə şahmatçılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələrə nail olub, 100-dən çox medal qazanıblar. Bu gün Azərbaycanda idmanın digər növləri kimi, şahmatın da inkişafı diqqət mərkəzində saxlanılır, ölkəmizdə yeni şahmat məktəbləri istifadəyə verilir. Azərbaycan dünyada yeganə ölkədir ki, şahmatın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilib.
Nazir müavini yeni şahmat məktəbinin açılışının Suraxanı rayonunda gənclərin idmanın bu qədim növünün sirlərinə yiyələnmələri işinə mühüm töhfə verəcəyini vurğulayıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov idmanın ən qədim növlərindən olan şahmatın ölkəmizdə inkişafına dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb. Bildirib ki, Ulu Öndərin diqqət və qayğısı sayəsində qısa müddətdə Azərbaycanda böyük şahmat infrastrukturu yaradılıb. Ümummilli Liderin idmana dövlət qayğısı siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə idmanın digər növləri kimi, şahmat da sürətlə inkişaf edir.
Rayonda şahmatın inkişafı istiqamətində görülən işlər barədə məlumat verən İ.Abbasov vurğulayıb ki, rayon Gənclər evində şahmat dərnəyi fəaliyyət göstərir. Dərnəkdə 70 gənc şahmatla məşğul olur. “Neftçi” idman-sağlamlıq mərkəzində, rayonun mədəniyyət ocaqlarında, Yeni Günəşlidə “İlkin” şahmat klubu fəaliyyət göstərir. Suraxanılı gənc şahmatçılardan Fazil Məmmədov, Məmmədbağir Hüseynli, Səyyarə Məmmədzadə və İsmayıl Qurbanov müxtəlif beynəlxalq yarışlarda ölkəmizi təmsil edirlər.
Çıxışlardan sonra tədbir iştirakçıları şahmat məktəbində yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, ümumi sahəsi 963 kvadratmetr olan binada şahmatın tədrisi üçün sinif otaqları, yarış zalları, müəllimlər otağı, kitabxana, tədris üçün nəzərdə tutulan və xüsusi şahmat proqramları ilə təchiz edilmiş kompüter, həkim, inzibati otaqlar, mətbəx və s. var. Məktəbdə eyni vaxtda 70-80 nəfərin şahmatın sirlərinə yiyələnməsi üçün hər cür imkan yaradılıb. Bina tədris və yarışlar üçün nəzərdə tutulmuş elektron lövhələr, müvafiq inventar, avadanlıq və ləvazimatlarla tam təchiz edilib.
Şahmat məktəbinin binası müasir havalandırma, yanğından mühafizə və təhlükəsizlik sistemləri, kanalizasiya, elektrik, rabitə, internet xətləri ilə təchiz olunub. Ərazidə içməli və yanğına qarşı ehtiyat su anbarı, nasosxana da tikilib.
Qeyd edək ki, bu gün Azərbaycan dünyada güclü şahmat ölkələrindən biri kimi tanınır. Prezident İlham Əliyevin 2009-cu il 5 may tarixli Sərəncamı ilə təsdiq edilən “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” ölkəmizdə bu qədim idman növünün kütləviliyinin təmin olunması, şahmat müəssisələri şəbəkəsinin getdikcə genişləndirilməsi və onların maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssis korpusunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın şahmat ölkəsi kimi nüfuzunun artırılması üçün böyük imkanlar açıb. Xüsusilə ötən il şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi üçüncü dəfə Avropa çempionu titulunu qazanaraq ən güclü komandalardan biri olduğunu növbəti dəfə sübut etdi.
Azərbaycanda şahmatın inkişafı ölkəmizin ümumi intellektual potensialını əks etdirir. Hazırda Azərbaycanda 25 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 20 FIDE ustası, 15 beynəlxalq hakim və 16 FIDE hakimi var.

Keçidlər