Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “15 iyun – Milli Qurtuluş günü” münasibəti ilə konfrans keçirilmişdir

13 iyun 2018 | 16:00

Suraxanı rayonunda “15 iyun – Milli Qurtuluş günü” münasibəti ilə silsilə tədbirlər keçirilir. Novbəti tədbir “Heydər Əliyev və tarixi qayıdış” mövzusunda konfrans Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatı tərəfindən təşkil olunmuşdur.
Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Poçt markaları və kitab sərgiləri ilə tanış oldular və Mərkəzin sifarişi ilə hazırlanmış “Xilaskar” filminə baxdılar.
Dövlət himni səsləndirildikdən sonra konfransda çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi xalqımızın qurtuluş, qəhrəmanlıq tarixidir.
Xalqın arzu və təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər 1991-ci ildə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi qarşısında olan Azərbaycanı düşdüyü ağır vəziyyətdən, qardaş qırğınından qurtarmaq üçün qısa zamanda təxirəsalınmaz və qətiyyətli tədbirlər gördü. Ulu Öndər dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri  istedadını birləşdirərək ölkədə möhkəm və dönməz sabitlik yaratdı, qeyri-qanuni silahlı dəstələri tərksilah etdi, xarici müdaxilə cəhdinin qarşısını aldı, atəşkəsə nail oldu.
Ulu Öndər 1993-cü ildə 15 iyun tarixdə siyasi hakimiyyətə gəlməklə Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdurdu. Özünəməxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırdı. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsürlər zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ulu Öndər xalqı öz ətrafında birləşdirməklə dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkdi.
Ümummilli Lider Heydər Əliyevin həyat yolu öz xalqına xidmətin nümunəsidir. Ulu Öndərin müdrikliyi, zəhməti, dəmir iradəsi Azərbaycanı möhkəm, iqtisadi cəhətdən inkişaf etmiş və sabit dövlətə çevrmişdir.
Bu gün biz qürur duyuruq ki, bayrağımız dünya dövlətlərinin bayraqları ilə bir sırada  Birləşmiş Millətlər Təşkilatının iqamətgahının qarşısında dalğalanır. Bu müstəqilliyini əbədi etdiyi Azərbaycana, Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətinin ən yüksək nümunəsidir.
Böyük iftixar hissi ilə vurğulamaq istəyirəm ki,  Ümummilli Lider Heydər Əliyevin siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin siyasətini yaradıcı şəkildə həyata keçirərək sürətlə dəyişən müasir dünyada Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müstəqil Azərbaycanı Heydər Əliyevin şah əsəri adlandırır. Bu şah əsər bu gün möhtərəm Prezidentimizin rəhbərliyi altında özünün daha möhtəşəm, daha qürurlu inkişaf dövrünü yaşayır.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində, müstəqilliyinin dönməz və əbədi edilməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir.
Heydər Əliyev əzəməti, böyüklüyü, qüdrəti və fədakarlığı daim xalqımız tərəfindən uca tutulmuş və bundan sonra da uca tutulacaqdır.
Konfransda çıxış edən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli qeyd etdi ki, Müasir Azərbaycanda dövlət quruculuğu ilə yanaşı ümumilikdə dövlətçiliyin inkişafı  Ulu Öndərin adı ilə bağlıdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz Ümummilli Lider Heydər Əliyevdir. Bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları öz əksini tapmışdır.
Ulu Öndərin ən böyük nailiyyət hesab etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsi idi. Azərbaycanın öz maraqlarına uyğun işlənib - hazırlanmış müstəqil siyasi kursu da Heydər Əliyevin əsəridir. Bu gün də həmin kurs böyük uğurla davam etdirilir. Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasəti, eyni zamanda, uzun illər boyunca öyrəndiyimiz və öyrənəcəyimiz Heydər Əliyev irsi  dövlətçiliyimizin, dövlət quruculuğunun gələcəyi üçün də yetərli təminatdır.
Konfransda çıxış edən Milli Məclisin deputatları Rafail Cəbrayılov, Fəzail Ağamalı, Sevinc Fətəliyeva, Ağacan Abiyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd etdilər ki,  Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşmüşdür. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Sonda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə rayonun tam orta məktəblərində təhsil alan 9-11-ci sinif şagirdlərinə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda keçirilən  açıq dərslərin tədrisində fərqlənən müəllimlər, rayonun ictimai həyatında fərqlənən bir qrup şəxs Rayon İcra Hakimiyyəti başçısının Fəxr Fərmanı ilə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə məktəblilər arasında keçirilmiş inşa yazı və rəqsm müsabiqəsində fərqlənən şagirdlər isə rayon İcra Hakimiyyəti başçısının Təşəkkürnaməsi ilə təltif olundular.

Keçidlər