Suraxanı rayonunda 2013-cü ilin birinci yarısının yekunları müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqindən irəli gələn məsələlər Suraxanı Rayon İcra Hakimiyyətində də ətraflı müzakirə olunub. RİHB yanında Şuranın geniş iclasında rayonun hüquq-mühafizə orqanlarının, təsərrüfat xidmətlərinin, sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Suraxanı rayonunda da ötən dövr ərzində Dövlət və yerli Proqramlarının yerinə yetirilməsi işləri uğurla davam etdirilmişdir. 2013-cü ilin 6 ayında rayonun sənaye müəssisələri tərəfindən 136,6, tikintidə 72,2, nəqliyyatda isə 9,2 milyon manat həcmində iş görülmüş, əsas kapitala 14,8 milyon manat investisiya yönəldilmiş, pərakəndə ticarət dövriyyəsi 137,5 milyon manat təşkil etmiş, 1060 yeni iş yeri yaradılmış, orta aylıq əmək haqqı 569,8 manata çatdırılmışdır.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında nəzərdə tutulmuş 102 tədbiridən icrasına başlanılan və başa çatdırılan tədbirlər proqramın 89,22 faizini təşkil etmiş, həmin Proqramın “Əlavə Tədbirlər Planı"nda nəzərdə tutulmuş 48 tədbirin isə 22,92 faizinin icrasına başlanılmışdır.
2013-cü ilin 6 ayı ərzində rayonda 108,7 min p.m. yeni qaz, 9700 p.m yeni su, 620 p.m yeni kanalizasiya xətləri çəkilmiş, 1260 yeni abonent qazla təmin edilmiş, 8180 p.m. kabel xətti, 1752 p.m. naqil çəkilmiş, 1723 p.m. su xətti dəyişdirilmiş, Bülbülə və Əmircan qəsəbələrində hər biri 2000 nömrə olmaqla ATS-lər istifadəyə verilmiş, mənzil fonduna aid evlərdə 4,5 min kv.m. dam örtüyü təmir edilmiş, müxtəlif ünvanlarda 155,0 min kv.m. asfalt örtüyü salınmışdır.
12 saylı Birləşmiş Şəhər Xəstəxanasında, 273 və 324 saylı uşaq bağçalarında əsaslı təmir işləri başa çatdırılmış, “Gənclər evi”nin, Rayon Polis İdarəsinin yeni inzibati binasının, 84 saylı orta məktəbin yerində yeni 960 şagirdlik məktəb binasının, 2 saylı Bərpa Xəstəxanasının köhnə binasının yerində yeni xəstəxana binasının, 281 saylı orta məktəb üçün 600 şagirdlik, 101 saylı orta məktəb üçün 400 şagirdlik əlavə tədris korpuslarının, 6 uşaq bağçasının (5, 23, 126, 263, 279 saylı və Əmircan qəsəbəsində Vüqar Bayramov adına), 23 və 31 saylı Şəhər Poliklinikalarının, 4 saylı Tibbi sanitar hissəsinin (13 saylı Birləşmiş şəhər xəstəxanası) və 2 saylı uşaq evinin əsaslı təmiri işləri davam etdirilmiş, şahmat məktəbinin tikintisinə, 76, 270 və 275 saylı orta məktəblərin əsaslı təmirinə başlanılmışdır.
“Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun, A.Rzayev, S.Bəhlulzadə və Balandin küçələrinin ətrafında genişmiqyaslı abadlıq işləri görülmüş, fərdi yaşayış evlərinin fasadları abadlaşdırılmış, dam örtükləri dəyişdirilmiş, A.Rzayev küçəsi asfaltlanmış və küçəyə mərmər bardürlar, səki daşları və işıq dirəkləri quraşdırılmışdır.
Əmircan qəsəbəsi S.Bəhlulzadə dairəsindəki park yenidən qurulmuş, Hövsan qəsəbəsində istirahət parkının yenidənqurulması davam etdirilmişdir.
Rayonun ekoloji durumunun sağlamlaşdırılması istiqamətində neftlə çirklənmiş torpaqlarda aparılmış rekultivasiya işləri nəticəsində 16,4 hektardan çox sahə təmizlənmiş, ümumi sahəsi 3,7 hektar olan 52 neft gölməçəsi qurudulmuş, 22 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmişdir. Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən birgə icra edilmiş “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi” çərçivəsində Zığ və Bülbülə qəsəbələrində, Yeni Günəşli yaşayış sahəsində əvvəllər mövcud olmuş məişət tullantıxanaları təmizlənmişdir.
Zığ qəsəbəsində qəza nəticəsində yararsız vəziyyətə düşmüş yaşayış binasının əvəzinə RİH tərəfindən 5 mərtəbəli, 2 girişli, 25 mənzilli yaşayış binasının tikintisi başa çatdırılmış və sakinlər evlərə köçürülmüşdür.
Bu dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Suraxanı rayonundan olan 13 kiçik sahibkarlıq subyektinə 140,0 min manat güzəştli kredit verilmiş və nəticədə 16 yeni iş yeri açılmşdır.
Bu ilin mart ayının 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğuna gəlmiş, aparılan bərpa və yenidənqurma işləri ilə yaxından tanış olmuşlar.
Ötən dövr ərzində də təsdiq edilmiş tədbirlər planlarına əsasən rayonda bir çox ictimai-siyasi tədbir keçirilmiş, bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 42 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 10,0 min istifadəçi faydalanmış, Mərkəzdə 2013-cü ilin 6 ayı ərzində 10 ümumrayon tədbiri keçirilmişdir.
14 may tarixdə Riqa şəhər Dumasında Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti və Riqa şəhər Dumasının Şərqi İcra Direksiyası arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Vətəndaşların rifah halının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi işi daim rayonun dövlət orqanlarının diqqət mərkəzindədir.
Belə ki, 2013-cü ilin 6-ayı ərzində Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 350 ailəyə yeni sosial müavinət, 1462 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, 865 yeni doğulmuş uşağa 68,2 min manat birdəfəlik müavinət, bütövlükdə bu dövr ərzində 2,3 milyon manat sosial müavinət və 2,5 milyon manat sosial yardım ödənilmiş, istirahət mərkəzlərinə və pansionatlara 42 nəfər göndərilmişdir.
2013-cü ilin 6-ayı ərzində Rayon Məşğulluq Mərkəzinə 502 nəfər müraciət etmiş, 314 nəfər, o cümlədən kvota üzrə 8 nəfər işlə təmin olunmuş, 76 nəfərə işsiz statusu verilmiş, 82 nəfərə işsizlik müavinəti təyin edilmiş, 16 nəfər peşə hazırlıq kurslarına cəlb olunmuşdur.
Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında 6 ayı ərzində rayon əhalisinə 450 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
Rayon rəhbəri qeyd etmişdir ki, ötən dövr ərzində vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılmış, onların problemlərinin həllinə hərtərəfli köməklik göstərilmişdir.
2013-cü ilin 6 ayı ərzində Rayon İcra Hakimiyyətinə 2304 vətəndaş müraciəti daxil olmuş, müraciətlərin böyük hissəsi fərdi yaşayış evlərinin tikintisi, layihələrinin təsdiqi, fərdi yaşayış evlərinin istismara qəbul edilməsi, mənzil növbəsinə götürülmə, mənzil və torpaq sahəsi ilə təmin olunma, su və kanalizasiya xətlərinin çəkilməsi, yolların asfaltlanması, ünvanlı sosial yardım verilməsi və s. məsələlərlə bağlıdır.
2013-cü ilin 6-ayı ərzində Rayon İcra Hakimiyyətində 1416 nəfər, o cümlədən RİH başçısı tərəfindən 673 nəfər vətəndaş qəbul edilmiş, qəsəbələrdə sakinlərlə 21 səyyar görüş-qəbul keçirilmiş, qəbullarda 1570 nəfər sakin iştirak etmiş, qaldırılan məsələlərin əksəriyyəti müsbət həll edilmişdir.
Məruzə ətrafında Milli Məclisin deputatı Sevinc Fətəliyeva və digərləri çıxış etmişdir.
Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirdi ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü ərzində davam etdiriləcək, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.
Suraxanı rayonuna göstərilən diqqət və qayğıya görə İlqar Abbasov rayon sakinləri adından bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi və dövlətimizin başçısını əmin etdi ki, rayonun əmək kollektivləri və sakinləri həmişə olduğu kimi, yenə də Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, qazanılmış uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaqlar.
Hesabat yığıncağında Milli Məclisin deputatları Ağacan Abıyev və Fərəc Quliyev iştirak etmişdir.