Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda AXC-nin 100 illiyi münasibəti ilə “Vətən mənə oğul desə” mövzusunda tədbir keçirilmişdir

06 iyun 2018 | 16:00

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə “Vətən mənə oğul desə” mövzusunda  Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Tədbir rayon İcra Hakimiyyətinin, YAP Suraxanı Rayon Təşkilatının və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin  birgə təşkilatçılığı ilə hazırlanmışdır.
Tədbir iştirakçıları əvvəlcə Suraxanı rayonu Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər və Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov qeyd etdi ki, 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etmişdir ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki il çəkdi, onun varisi kimi yaranan Azərbaycan Respublikasının ömrü isə daha qısa ola bilərdi, əğər düşünülmüş siyasət və güclü lider olmasaydı. Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə - 1990-cı ildə ilk dəfə Naxçıvanda cümhuriyyətin üçrəngli bayrağını muxtar respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolun başlanğıcı oldu. Xalqın çağırışı ilə 1993-cü ildə respublikaya rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi.
Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxıb.
Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xidmət edir.
Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir. Ordumuzun 2016-cı ilin aprelində qazandığı şanlı qələbə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldı. Dördgünlük müharibə Azərbaycan Ordusunun qüdrətini dünyaya göstərdi.
Aprel hadisələrindən həmən sonra  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə cəbhə bölgəsinə səfəri, təmas xəttinin 200 metrliyində yerləşən kəndlərdə evləri dağılmış insanlarla, habelə səngərdə dayanan hərbçilərlə görüşü dövlətimizin başçısının cəsarətinin və şücaətinin göstəricisidir. Dövlətimizin başçısı bu dəfə də öz liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim etdi. Ali Baş Komandanın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri düşmənə layiqli cavab verərək istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu bir daha göstərdi.
Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin rəisi Vüsal Həsənov, şəhid  anası Saray Quliyeva, Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış etdilər. Çıxışlarda qeyd olundu ki, döyüşkən ruhlu ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir. Ordumuzda vətənpərvərlik ruhu bu gün ən yüksək səviyyədədir. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən an düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Sonra Azərbaycan ordusu haqqında film göstərildi və ədəbi-bədii kompozisiyaya təqdim olundu.

Keçidlər