Suraxanıda “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində növbəti tədbir keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, Mənzil-Kommunal İstismar Sahələrinin məsul işçilərinin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.
Dəyirimi masada cıxış edən rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Elşən Zahirli “Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”na uyğun olaraq şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin əsas vəzifə kimi qarşıya qoyulduğunu qeyd etmişdir. Elşən Zahirli bildirmişdir ki, Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət planının cari ildə icrasını təmin etmək məqsədi ilə rayon İcra Hakimiyyəti başçısının 01 yanvar 2018-ci il tarixli sərəncamına əsasən İş planı təsdiq edilmişdir. İş planına uyğun olaraq rayon İcra Hakimiyyətində müasir elektron xidmət növlərinin təkmilləşdirilməsi, yenliklərə inteqrasiya edilən elektron xidmətlərin sayının artırılması, “Elektron hökumət” portalının imkanlarından istifadə edilərək vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərin təmin edilməsi və rayon İcra Hakimiyyəti tərəfindən görülmüş işlər barədə RİH-in rəsmi internet səhifəsində məlumatların yerləşdirilməsi təmin edilmişdir.
Tədbirdə çıxış edən Suraxanı rayon prokurorunun böyük köməkçisi Fizuli Əliyev Açıq hökümətin təşviqi istiqamətində Suraxanı rayon prokurorluğunda da bir sıra işlərin görüldüyünü bildirərək qeyd etmişdir ki, rayon prokurorluğu Respublika Baş Prokurorluğunda yaradılmış mərkəzləşdirilmiş “Elektron Cinayət” və “Müraciətlərin elektron qeydiyyatı” portallarında istintaq edilən cinayət işlərinin və baxılan müraciətlərin yerləşdirilməsi təmin etmişdir. Nəticədə vətəndaşlar prokurorluğa gəlmədən müraciətləri üzrə qəbul edilmiş qərarlarla həmin portallara daxil olmaqla məlumat almaq, həmçinin müraciətlərini birbaşa elktron qaydada prokurorluğun saytına göndərmək imkanı əldə etmişlər. Vətəndaşların prokurorluqda qəbulu işi daha da təkmilləşdirilmiş, günündan asılı olmayaraq prokurorluğa müraciət edən vətəndaşların qəbulu, müraciətlərinin operativ həll edilməsi və nəticəsi barədə qısa müddət ərzində yazılı və elektron qaydada cavablandırılması təmin edilir. Fizuli Əliyev tədbir iştirakçılarını maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat vermiş, onların çoxsaylı suallarını cavablandırmışdır.