Suraxanı rayonunda əhalinin 87,4%-i tibbi müayinədən keçib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il fevralın 10-dan mayın 12-nədək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı rayonda böyük ruh yüksəkliyi ilə icra olunmuşdur. Rayon İcra Hakimiyyəti başçısının 07 fevral 2018-ci il tarixli 12 saylı sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədi ilə rayon İcra Hakimiyyətində komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədənkeçmə qrafiki tərtib olunmuşdur. Rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi keçirilmişdir.
Əhalin tibbi müayinəsini mütəşəkkil təşkil etmək məqsədi ilə müayinə aparılan dövrdə Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları əhali arasında planlı formada maarifləndirici tədbirlər aparmışdır. Görülən işlərin nəticəsidir ki, rayon əhalisinin tibbi müayinəsi uğurla başa çatmışdır
Suraxanı rayonu üzrə 180 min 117 nəfər (18 yaşdan yuxarı) sakinin və rayonda məskunlaşan 14 min 492 nəfər (18 yaşdan yuxarı) məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdu. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində müayinə olunmuşdur. Tibbi müayinə dövründə Suraxanı rayon üzrə 157 min 409 nəfər və 136 müəssisənin kollektivi tibbi müayinədən keçmişdir. Tibbi müayinədən keçən vətəndaşların 10 min 824 nəfəri rentgen, 21 min 176 nəfəri laboratoriya müayinəsindən, 5 min 290 nəfəri USM aparatından və 3 min 138 nəfəri EKQ müayinəsindən keçib. Onlardan 3 min 370 nəfərində müxtəlif xəstəliklər aşkarlanmış, 118 nəfər stasionar müalicəyə cəlb edilmiş, 259 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilmişdir.
Tibbi müayinənin keçirildiyi dövrdə səhiyyə müəssisələrində işləyən həkimlərdən ibarət səyyar briqadalar fəaliyyət göstərmişdir. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmiş, akara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilmişdir.
Rayonda tibbi müayinənin aparıldığı səhiyyə ocaqlarından biri də 23 nömrəli Şəhər Poliklinikası olmuşdur. Poliklinikanın baş həkimi Şərəbanı Yusifzadə bildirdi ki, poliklinika müayinələrin aparılması üçün əvvəlcədən tam hazır vəziyyətə gətirilmiş və əhalinin tibbi müayinəsi uğurla başa çatmışdır. Şərəbanı Yusifzadə vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların tibbi müayinədən keçirilməsi əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına xidmət edir. Poliklinika 27 min nəfərə yaxın böyük əhaliyə xidmət edir. Tibbi müayinədən keçmək üçün gələn əhali ümumi və biokimyəvi, rentgen, kardioqram, ulturasəs və digər müayinələrdən keçmişlər. Tibbi müayinə dövründə 23 min 640 nəfər tibbi müayinədən keçib. Onlardan 2 min 282 nəfəri rentgen, 2 min 023 nəfəri USM aparatından, 919 nəfəri laboratoriya və 2 min 624 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən əhalinin 334 nəfərərində müxtəlif xəstəliklər aşkar olunub və 72 nəfər Bakı şəhərinin digər xəstəxanalarına müayinə üçün göndərilib. Xəstəlik aşkar edilən vətəndaşların müalicəsi istiqamətində işlər görülür.
Aparılan araşdırmalar deməyə əsas verir ki, tibbi müayinədən rayon əhalisi çox razı qalmışdır. Sakinlərdən Şəfa Cəfərova, Novruz Xamzəliyev qeyd etmişdir ki, bu tədbirin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğının nəticəsidir. Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.