Milli Qurtuluş Günü Suraxanıda geniş qeyd edilir
“15 iyun - Milli Qurtuluş Günü” münasibəti ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilmiş, rayonun küçələrindən birinə “15 iyun” adı verilmiş, rayonun bütün qəsəbələrində bayram konsertləri nəzərdə tutulmuşdur.
14 iyun 2013-cü il tarixində isə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin, Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli Qurtuluş Günü”nə həsr olunmuş elmi-praktiki konfrans və “Dahi Azərbaycanlı” sənədli televiziya filminin təqdimatı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Ündərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Mərkəzlə tanışlıqdan sonra konfrans öz işinə başlamış, dövlət himni səslənmişdir.
Konfransda giriş sözü ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, hər bir xalqın milli mənəvi irsini, əxlaqi dəyərlərini, genetik yaddaşını gələcək nəsillərə ötürmək missiyası kimi çətin və məsuliyyətli vəzifənin gerçəkləşməsində fenomenal şəxsiyyətlərin rolu əvəzsizdir. Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Ündər Heydər Əliyev belə şəxsiyyət olmaqla bu baxımdan xalqımız üçün bənzərsiz və unudulmazdır.
Bu günün prizmasından baxanda bir daha aydın görünür ki, Heydər Əliyevin "qan içi"ndə çalxalanan paytaxta gəlməsinin özü bir cəsarət nümunəsi, Liderlik örnəyi idi. Başıpozuq bir ölkədə, qardaş qardaşın qanını axıtdığı bir zamanda Ulu Öndərin təhlükəsizliyinə heç kim zəmanət verə bilməzdi. Belə bir vəziyyətdə hadisələrə düzgün siyasi qiymət verməyi yalnız Heydər Əliyev kimi fenomenal şəxsiyyət bacara bilərdi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi bu dahi şəxsiyyətin, sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, qanunsuzluqların, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alındı. Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyuldu, atəşkəsin imzalanmasına nail olundu.
Bu böyük qayıdış Azərbaycanda dövlət quruculuğunun sürətlənməsinə səbəb oldu, dövlətçiliyimizi və suverenliyimizi qoruya bilən ordu formalaşdı, iqtisadiyyatın inkişafı, ictimai asayişin və sabitliyin bərpası təmin olundu.
İlqar Abbasov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki cənab Ramiz Mehdiyevin 13 aprel 2013-cü il tarixdə “Azərbaycan” qəzetində dərc olunmuş “Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan Ümummilli Lider Heydər Əliyevin qadir siyasətidir” adlı məqaləsindəki bir fikri konfrans iştirakçılarının diqqətinə çatdırdı: “İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir. Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurları var. Onların istisna olmadan hamısı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın.”
Konfransda “Heydər Əliyev Azərbaycan xalqının Qurtuluş mübarizəsinin qalibidir” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm xadimi, tarix üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı, Yaqub Mahmudov qeyd etdi ki, Heydər Əliyevin həyat tarixçəsini, dövlət başçısı kimi fəaliyyət dövrünü vərəqləsək Azərbaycan xalqına misilsiz xidmətinin parlaq nümunələri gözlərimiz önündə canlanar. Azərbaycan xalqı üçün Heydər Əliyev dahi və əvəzolunmaz nadir tarixi şəxsiyyətdir.
Natiq qeyd etmişdir ki, 1991-ci ildən 1993-cü ilin iyun ayınadək olan dövr xalqımızın böyük sarsıntı içində yaşamaq məcburiyyətində qalması, ümumilikdə, dövlətin özünün gələcəyinin sual altında olması ilə şərtlənirdi. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan Ulu Öndər Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı.
Ulu Öndər böyük fədakarlıqla Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladı, onu dönməz, daimi və əbədi etdi. Bu böyük qayıdış Azərbaycanda dövlət quruculuğunun sürətlənməsinə səbəb oldu, dövlətçiliyimizi və suverenliyimizi qoruya bilən nizami ordu formalaşdı, iqtisadiyyatın inkişafı, ictimai asayişin və sabitliyin bərpası təmin olundu.
Məruzə ətrafında çıxışlardan sonra “Azərbaycan Televiziya və Radio verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan “Dahi Azərbaycanlı” sənədli televiziya filminin təqdimatı oldu. Konfrans iştirakçıları filmi seyr etdilər.
Tədbirdə eyni zamanda bir qrup rayon fəalına Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının fəxri fərmanı verildi və bir qrup gəncə Yeni Azərbaycan Partiyasınin üzvlük vəsiqələri təqdim olundu.
Tədbiri yekunlaşdıran İlqar Abbasov xüsusi vurğuladı ki, hər bir Azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Azərbaycan xalqının neçə-neçə nəsilləri bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən Azərbaycanımızın inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və müdrik dövlətçilik siyasəti nəticəsində sıçrayışlı inkişaf və modernləşmə dövrünü yaşayan Müasir Azərbaycanımız yaradılmış möhkəm təməl üzərində dinamik inkişaf edərək iqtisadi qüdrətini davamlı artıraraq regionun lider dövlətinə çevrilmiş, dünya birliyində layiqli yerini tutmuş, etibarlı tərəfdaş kimi tanınmışdır.
MDB məkanında məhz Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuran ilk dövlət olaraq dünyanın maraqla öyrəndiyi "İnkişafın Azərbaycan modeli"ni formalaşdırmış və inkişaf etmiş ölkələr sırasına qoşulmaq məramını elan etmişdir.
İlqar Abbasov Ümummilli Liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində müstəsna xidmətləri olan Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmişdir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xöşməramlı səfiri, Milli Məslisin deputatı, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilir.
Tədbiri yekunlaşdıran rayon rəhbəri bir daha xüsusi vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə qazandığımız bütün sosial-iqtisadi nailiyyətlər, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi Heydər Əliyevin arzularının həyata vəsiqə alması deməkdir. Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər qazanacaq, daha uca zirvələri fəth edəcəkdir.