Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi silsilə tədbirlərlə qeyd olunur

18 may 2018 | 16:00

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında”  Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin 16 yanvar 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər planına müvafiq olaraq Suraxanı Rayon İcra Hakimiyyəti baçısının 24 yanvar 2018-ci il tarixli sərəncamı ilə   Tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına müvafiq olaraq rayonun təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər həyata keçirilir.
Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 17 may 2018-ci il  tarixdə rayonun Bülbülə qəsəbəsinin ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 327 nömrəli tam orta məktəbdə “Cümhuriyyət Parlamentinə gedən yol” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə  AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Selcan Məmmədzadə məruzə ilə çıxış etmişdir.
18 may 2018-ci il tarixdə isə rayonun Yeni Suraxanı qəsəbəsinin ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 89 nömrəli tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyəti – dünəndən bu günə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Əsmər Göyüşova məruzə ilə çıxış etmişdir. Həmin gün eyni zamanda “Suraxanı Oyl Opereyşn Kompani S.A.” Şirkətinin əməkdaşlarının iştirakı ilə 85 nömrəli tam orta məktəbin akt zalında “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Alxan Məmmədov məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şöbəsinin əməkdaşları Hatəm Gülməmmədov, Həbibə Qəribova, rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov çıxış etmişlər.
Keçirilən tədbirlərdə qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə qeyd olunması azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edir.
Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən silsilə tədbirlər qarşıdakı günlərdə də davam edəcəkdir.

Keçidlər