Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir

07 may 2018 | 16:00

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir.
Növbəti belə tədbir - “Heydər Əliyev və ölkənin milli təhlükəsizliyi”  mövzusunda konfrans Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Mərkəzdə keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı, 3 mindən yuxarı rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, Suraxanı Rayonu Heydər Əliyev parkında məktəblilərin əl işlərindən ibarət sərgiyə baxdılar.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan, 2 saylı uşaq evinin sakinlərinin  çəkdikləri rəsmlərə, əl işlərinə, Ulu Öndərə həsr olunmuş kitab və Poçt markalarına baxışdan sonra Mərkəzin sifarişi ilə hazırlanmış Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş “Millət Atası” filmi nümayiş olundu.
Konfrans dövlət himninin səsləndirilməsi ilə başladı. Giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, Heydər Əliyev deyəndə, həmişə müstəqil dövlətçiliyimizi, ölkəmizdə yaradılmış möhkəm sabitliyi, əmin-amanlığı, inkişaf və tərəqqini düşünürük. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xalqı, milləti və Vətəni qarşısında xidmətləri ölçüyəgəlməzdir. Konfrans Ulu Öndər Heydər Əliyev dühasının, genişmiqyaslı və məqsədyönlü fəaliyyətinin bir sahəsi olan ölkənin milli təhlükəsizliyinə həsr olunub. Ümummilli Lider Heydər Əliyev əmək fəaliyyətinə dövlət hakimiyyətinin mühüm strukturlarından biri olan təhlükəsizlik orqanında başlamışdır.
Ötən əsrin 50-ci illərindən başlayaraq Ulu Öndərin səyi ilə təhlükəsizlik orqanlarında azərbaycanlıların xüsusi çəkisi sürətlə artmağa başlamışdır. Ölkənin təhlükəsizlik orqanlarında formalaşmış yeni nəsil sonralar müstəqil Azərbaycanın milli təhlükəsizlik orqanlarının kadr potensialının özəyini təşkil etmişdir. Azərbaycanın bir çox görkəmli ziyalılarını milli düşüncələrinə görə təqibdən məhz Heydər Əliyev qorumuşdur.
1991-ci ildə müstəqillik əldə etmiş ölkəmizdə müstəqilliyin ilk illərində xaos, anarxiya baş alıb gedirdi, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı, dövlətçiliyimiz və müstəqilliyimiz təhlükədə idi. Bu ağır günlərdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, tükənməz Vətən sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etdi.
Böyük iftixar hissi ilə vurğulamaq istəyirəm ki,  Ümummilli Lider Heydər Əliyevin milli təhlükəsizlik siyasəti və strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin siyasətini yaradıcı şəkildə həyata keçirərək sürətlə dəyişən müasir dünyada Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müstəqil siyasəti sayəsində Azərbaycan sözü eşidilən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirmişdir. Ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində, müstəqilliyinin dönməz və əbədi edilməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İdarə rəisi Araz Əhmədov qeyd etdi ki, hər kəsin ad gününü onun yaxınları, doğmaları bilir. Lakin xalqların tarixində elə insanlar var ki, onlar daim yad olunur, xatırlanır. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev də məhz belə bir dahi şəxsiyyətdir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini  bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur. Dövlət quruculuğunda özünə sarsılmaz abidə ucaldan Ulu Öndər 25 il Dövlət Təhlükəsizlik orqanlarında xidmət etmişdir.
Konfransda  Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının professoru Cəlal Qasımov, “Azərbaycan Xüsusi Xidmət Veteranları” İctimai Birliyinin üzvü Mirzəağa Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin istefada olan polkovniki, “Bahar Energy operating Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vitse-prezidenti Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ölkənin hərtərəfli inkişafı, milli təhlükəsizliyinin təmin olunması istiqamətində əvəzsiz rolu haqqında ətraflı məlumat verdilər.
Konfransın sonunda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İdarə rəisi Araz Əhmədova Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi təqdim olundu.
Tədbir bu sözlərlə yekunlaşdı: Ümummilli Lider Heydər Əliyevin həyat yolu öz xalqına xidmətin nümunəsidir. Ulu Öndərin müdrikliyi, zəhməti, dəmir iradəsi Azərbaycanı möhkəm, iqtisadi cəhətdən inkişaf etmiş və sabit dövlətə çevrmişdir.
Heydər Əliyev əzəməti, böyüklüyü, qüdrəti və fədakarlığı daim xalqımız tərəfindən uca tutulmuş və bundan sonra da uca tutulacaqdır.
Sonra Suraxanı Rayonu Heydər Əliyev parkında respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert və atəşfəşanlıq oldu. Konsert İctimai televiziya ilə canlı yayımlandı.

Digər şəkillər-/gallery/41.html

Keçidlər