Ümumilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub
Mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin 95 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayon Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Konsert proqramı 3 nömrəli uşaq incəsənət məktəbinin xor kollektivinin Ulu Öndərə ithaf olunan T.Cəbrayılovun “Ey vətən” əsərinin ifası ilə başlayıb.
Məktəbin şagirdlərinin ifasında Q.Qarayevin “Eskiz”, A.Məlikovun “Qızlar rəqsi”, H.Vəkilovun “Şıdrığı”, F.Şopenin “Fantaziya- expromt”, L.Minkusun “Don Kixot”, K.Debüsinin “Doktor Qradus”, F.List və C.Verdinin “Riqoletto”, V.Adıgözəlovun “Bayram suitası” və digər bəstəkarların əsərləri səsləndirilib.
Sonda məktəbin şagirdləri konsertdə fəal iştiraklarına görə diplomla təltif ediliblər.