Suraxanı rayonunda ilin 1-ci rübünün yekunları müzakirə olunmuşdur
Suraxanı rayonunda ilin 1-ci rübünün yekunları müzakirə olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunmuş, qarşıda duran vəzifələr konkretləşdirilmişdir.
Şuranın geniş iclasında məruzə ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vurğuladı ki, ölkə əhalisinin yüksək fəallığı şəraitində, mütəşəkkil, şəffaf şəkildə keçirilən, insanların yüksək əhval-ruhiyyə ilə iştirak etdikləri 11 aprel Prezident seçkiləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin möhtəşəm və inamlı qələbəsi ilə başa çatdı və bir daha təsdiq etdi ki, cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi on beş il ərzində xalqın böyük hörmət və rəğbətini qazanmışdır. Bu parlaq qələbə münasibətilə ilə cənab Prezidenti rayon ictimaiyyəti adından təbrik edirəm. Hər birimiz qürur duyuruq ki, xalqımız növbəti 7 ildə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə irəliləyəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında səsləndirdiyi başlıca müddəalar barədə ətraflı məlumat verən İlqar Abbasov bildirmişdir ki, son 15 il ərzində dövlət başçısı tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar, ölkəmizin bütün regionlarının, o cümlədən Suraxanı rayonunun hərtərəfli sosial-iqtisadi inkişafını təmin etmişdir. Cari ilin birinci rübü ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 77,2 milyon manat, tikinti-quraşdırma işləri 8,4 milyon manat, nəqliyyat xidmətləri 3,4 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 22,3 milyon manat, kənd təsərrüfatı 1,3 milyon manat, pərakəndə ticarət dövriyyəsi 218,3 milyon manat olmuş, orta aylıq əmək haqqı 576 manat təşkil etmiş, əhaliyə 54,8 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, 1154 yeni daimi iş yeri açılmışdır.
Hesabat dövrü ərzində rayonda küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 16,3 min kv.m. asfalt örtüyü çəkilmiş, Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilmişdir.
Yenidən qurulan yolların ətrafının estetik görünüşün yaxşılaşdırılması məqsədi ilə yolların ətrafında təmir-tikinti, abadlıq işləri aparılır, yaşıllıq zolaqları salınır, yerüstü kommunikasiya xətləri yerin altına salınır, yeraltı kommunikasiya xətləri təmir edilir və ya dəyişdirilir, nizamlanaraq rənglənir.
Hesabat dövrü ərzində rayonda 2457 p.m. su, 198 p.m. kanalizasiya və 1850 p.m. qaz, 470 m hava elektrik xətti çəkilmiş, elektrik yarımstansiyaların binalarında cari təmir işləri aparılmış, abonentləri elektrik enerjisi ilə birbaşa təmin edən hava xətlərinin bəziləri təmir edilmiş. Görülən işlər nəticəsində rayon əhalisinin 100%-i elektrik enerjisi, 98%-i məişət qazı, 96%-i su ilə təmin olunur.
Qış mövsümündə aidiyyəti qurumlar tərəfindən istilik sistemlərində təmir-bərpa işləri aparılmış, 299 p.m istilik xətti dəyişdirilmiş, istilik sisteminə qoşulmuş 324 çoxmənzilli yaşayış binası, 34 məktəb, 35 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə istilik verilişi təmin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində ilk 7 mərtəbəli binanın tikintisi, Yeni Günəşli “D” yaşayış sahəsində “Xəzər inşaat XXI əsr” MTK, Yeni Günəşli “AB” yaşayış sahəsində “Atlanta” MTK, Qaraçuxur qəsəbəsində “Elit-R” MTK, Zığ qəsəbəsində “Şahinlər” MMC, Qaraçuxur qəsəbəsində “İB.N.M-İnşaat” MTK, “Neftçi” MTK tərəfindən yaşayış binalarının inşası işləri davam etdirilir.
Yararsız və ya qəzalı binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının və digər obyektlərin sökülərək yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişinə və Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq “Etibarlı” MTK tərəfindən Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34, 36 və Qəzənfər Vəliyev küçəsi 13 ünvanda yerləşən istismara yararsız iki mərtəbəli yaşayış binalarının yerində 12 və 14 mərtəbəli, iki girişli yaşayış binasının tikintisinə başlanılmış və işlər davam etdirilir.
Qaraçuxur qəsəbəsində “ATEF Şirkətlər Qrupu”nun yüksək gərginlikli avadanlıqlar zavodunun tikintisi başa çatdırılmışdır.
Qaraçuxur qəsəbəsi, Neftçilər parkında yenidənqurma və əsaslı təmir işləri davam etdirilir. Mövcud “Nümunəvi abad məhəllə”lərdə bərpa-təmir işləri aparılmış, İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Abad həyət - Sağlam həyat” layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə 1, 2, 3, 4, 5 və 6 saylı yaşayış binalarının həyətində abad məhəllənin salınması işləri davam etdirilmişdir. Mənzil-kommunal təsərrüfatı birlikləri tərəfindən rayonun sanitar təmizliyinin təmin edilməsi tədbirləri davam etdirilmiş, Yeni Günəşli “Q” yaşayış sahəsi 7, 8, 9, 10 və 11 saylı çoxmənzilli yaşayış binalarının əsaslı təmirinə başlanılmışdır.
Hesabat dövründə neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 2,0 hektar olan müxtəlif ölçülü 32 gölməçə qurudulmuş, neftlə çirklənmiş 6,41 hektar torpaq sahəsi təmizlənmişdir.
“Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsində martın 26-29-da rayonun 27 nümunəvi şagirdi Naxçıvan Muxtar Respublikasına səfər etmiş, Bakı şəhərində səfərdə olan Naxçıvan məktəbliləri isə 17 və 28 mart tarixlərində Suraxanı rayonuna gələrək “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu ilə tanış olmuşlar. Bu tur-aksiyalarda ümumilikdə 326 nəfər Suraxanı məktəblisi iştirak etmişdir.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə indiyədək 85 minə yaxın yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 16 mindən artıq istifadəçi faydalanmışdır. Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar ilə birgə 2009-cu ildən bəri 230-dan yuxarı tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə ayda bir dəfə tədris olunmaqla “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 9-11-ci sinif şagirdlərinə açıq dərs keçirilir.
Suraxanı rayon Gənclər və İdman İdarəsi böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, məktəb şagirdlərinin hərbi-idman və turizm oyunlarına cəlb etmək, onları ordu sıralarında xidmətə hazırlamaq məqsədi ilə şagirdlər arasında “Şahin” və “Sərhədçi” hərbi-idman oyunları üzrə yarışların keçirilməsini təşkil etmiş, bu yarışlarda ümumilikdə 3711 məktəbli iştirak etmişdir. Yaz çağırışına həsr olunmuş gənclərin iştirakı ilə keçirilən “Marş irəli” devizli “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə yarışlarda və “Mahir nişançı” adlı güllə atıcılığı üzrə komanda birinciliklərində 870 yeniyetmə və gənc iştirak etmişdir. Milli Qəhrəmanlarımızın tanıdılması, hərbi vətənpərvərlik hisslərinin aşılanması, hərbi hissədə əsgərlərlə görüşün təşkili istiqamətində ümumilikdə 31 tədbir keçirilmişdir ki, bu tədbirlərdə 3270 uşaq, yeniyetmə və gənc iştirak etmişdir.
2018-ci ilin birinci rübündə rayonda 34 idman tədbiri keçirilmiş, ümumilikdə bu tədbirlərdə 4210 idmançı iştirak etmişdir. Suraxanı rayon ümumtəhsil məktəblərində bədən tərbiyəsi və sağlamlıq işlərini yaxşılaşdırmaq, şagirdlər arasında kütləvi bədən tərbiyəsi və idman işlərini daha da inkişaf etdirmək məqsədi ilə hesabat dövründə Suraxanı rayon məktəblilərinin iştirakı ilə keçirilmiş yarışlarda ümumilikdə 1713 məktəbli iştirak etmişdir.
Hesabat dövründə 78 idmançı beynəlxalq yarışların qalibi, 192 idmançı isə Bakı şəhər və Respublika birinciliklərinin qalibləri olmuşdurlar.
Ötən dövr ərzində rayonda vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə diqqət artırılmış, 510 nəfərin iştirakı ilə 10 səyyar görüş-qəbul keçirilmiş, RİH-in başçısı tərəfindən 228 nəfər vətəndaş qəbul edilmişdir.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə daim diqqət göstərilmiş, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində hazırda 8960 nəfər sosial müavinət alan vətəndaş qeydiyyatda alınmış, 2018-ci ilin 1-ci rübü ərzində həmin vətəndaşlara 2,27 milyon manat sosial müavinət verilmiş, 1106 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, 173 nəfər tənha, əlil vətəndaşa evlərində sosial xidmət göstərilmiş, 46 nəfər müalicə və istirahət üçün pansionat və sanatoriyalara göndərilmiş, Rayon Məşğulluq Mərkəzi 236 nəfəri işlə təmin etmiş, 28 nəfər peşə hazırlıq kurslarına cəlb olunmuş, orta ümumtəhsil məktəblərində 827 nəfər şagird peşəyönümünə cəlb olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilmiş, 2018-ci ildə rayon üçün həmin proqrama əsasən 1362 yeni iş yeri açılmış, rayonun ərazisində abadlıq, yaşıllaşdırma və təmizlik işlərinin görülməsi, çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə Rayon MKTB-yə 31-i məcburi köçkün olmaqla cəmi 714 nəfər işaxtaran şəxs, digər qurumlarda isə 486 nəfər vətəndaş işə qəbul edilmiş və hal-hazırda onlar işlərini davam etdirirlər.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il fevralın 10-dan mayın 1-nədək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının icrası ilə əlaqədar 01 aprel 2018-ci il tarixədək rayon üzrə 87234 nəfər və 82 müəssisənin kollektivi tibbi müayinədən keçmiş, müxtəlif xəstəliklər aşkarlanmış vətəndaşlar müalicəyə cəlb edilmişdir.
“ASAN xidmət mərkəzi”nin müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusları vasitəsilə 2018-ci ilin fevral ayında Hövsan və Zığ qəsəbələrində ¬¬¬¬1428 vətəndaşa səyyar xidmət göstərilmişdir.
Şuranın geniş iclasında çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və digər çıxış edənlər uğurlara və problemlərə diqqət yetirmiş, qarşıda duran vəzifələrlə bağlı fikir və təkliflərini söyləmişlər.
Müzakirələri yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vurğuladı ki, Azərbaycanın bütün regionlarının, o cümlədən Suraxanı rayonunun hərtərəfli inkişafına böyük diqqət və qayğı göstərən dövlətimizin başçısını əmin etmək istəyirəm ki, Heydər Əliyev siyasi və iqtisadi kursuna sadiq olan rayonun sakinləri və əmək kollektivləri cənab İlham Əliyev tərəfindən müəyyən edilən vəzifələrin yerinə yetirilməsi, rayonumuzun inkişaf etdirilməsi və abadlaşdırılması naminə üzərimizə düşən vəzifələrin icra edilməsi üçün bütün səylərimizi və qüvvəmizi səfərbər edəcəyik.
İclas iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Müraciəti qəbul olundu.
Sonda rayonun ictimai həyatında və digər sahələrdə fəal iştirakına görə bir qrup şəxs rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişlər.
Digər şəkillər - /gallery/36.html