Şriftin ölçüsü :

Saytın rəngi :

“31 mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar Suraxanıda silsilə tədbirlər keçirilir

27 mart 2018 | 16:00

“31 mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil, səhiyyə və sənaye müəssisələrində silsilə tədbirlər keçirilir. Rayon məktəbliləri 27-30 mart tarixlərində tərtib olunmuş cədvələ uyğun olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial  Soyqırımı Muzeyi ilə tanış olurlar.
27 mart tarixdə muzeydə olan məktəblilərə məlumat verilmişdir ki, muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşib. Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılıb. Muzeyin tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağılıb viranə qoyulmuş görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Muzeydə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımlar barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərin və imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb. Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar vardır. Bu guşələrdə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının məlumatları, sənədləri, Rusiya imperiyası və İran dövləti arasında bağlanmış və Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələri, "Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırım siyasətinin deportasiya və sürgün mərhələsi" kompozisiyası, 1930-cu illərdə repressiya qurbanı olmuş Azərbaycan ziyalıları və görkəmli şəxsiyyətlərin cinayət işlərindən götürülmüş fraqmentlər, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından son deportasiyasını əks etdirən fotolar sərgilənir.
Muzeyin soyqırım və terror bölmələrində erməni silahlı birləşmələri və MDB-nin 366-cı alayının 1992-ci ilin fevralın 26-da Xocalı şəhərinə birgə hücumunu əks etdirən maket və fotolar, habelə digər eksponatlar yerləşdirilib.
Məktəblilər muzeydəki eksponatlarla maraqla tanış olmuşlar.
Qarşıdakı günlərdə rayonun digər məktəbliləri də Memorial  Soyqırımı Muzeyi ilə tanış olacaqlar.

Keçidlər