Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Suraxanıda məktəblilərin təntənəli yolasalma mərasimi olmuşdur
“Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Suraxanıda məktəblilərin
təntənəli yolasalma mərasimi olmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə “Ölkəmizi tanıyaq” tur-aksiyaları təşkil olunur.
“Ölkəmizi tanıyaq” tur-aksiyaların növbəti mərhələsində 26 mart 2018-cil tarixdə Suraxanı məktəblilərinin Naxçıvan MR-ə təntənəli yolasalma mərasimi olmuşdur.
“Ölkəmizi tanıyaq” layihəsində fəal iştirak edən Suraxanı rayon məktəbliləri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər və Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular.
Daha sonra layihə iştirakçıları ilə “Atəşgah” restoranında keçirilən görüşdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova bildirdi ki, artıq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 8 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 16 min 860 nəfər iştirak edib.
Martın 15-18 və 26-29 tarixlərini əhatə edən növbəti 9-cu tur-aksiyada isə 6 istiqamət üzrə Naxçıvan MR də daxil olmaqla 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3393 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 20 mindən çox olacaq. Onlardan 326 nəfəri Suraxanı məktəbliləridir.
Afət Həsənova qeyd etdi ki, Suraxanı rayonunun 27 nümunəvi şagirdi bu tur-aksiyada Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər. Beş minillik şəhər mədəniyyəti ənənələrinə malik olan qədim Naxçıvan Azərbaycanın bütövlükdə Qafqazın və dünyanın sivilizasiya xəzinəsinə dəyərli töhfələr verib. Bir vaxtlar əzəmətli keçmişini yalnız tarixi abidələri ilə xatırladan Naxçıvan bu gün hamını heyran qoyan inkişaf diyarına çevrilib. İndi Naxçıvanı, sözün həqiqi mənasında, Azərbaycanın inkişaf dinamikasının əyani göstəricisi hesab etmək olar.
Naxçıvanda inkişafın miqyası illərlə, aylarla deyil, günlərlə ölçülür. Təsadüfi deyil ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin, həmçinin respublikamızın Gənclər paytaxtı elan olunub. Bütün bu uğurları Naxçıvan Muxtar Respublikası Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış blokada şəraitində əldə edib.
Bu gözəl diyarda inkişafın təməli Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə qoyulub və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində daha da zənginləşib.
Bu tur aksiyada siz Naxçıvan istiqaməti üzrə səfər edəcək və blokada şəraitində intibah yaradan müasir Naxçıvanla tanış olacaq, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında ətraflı məlumat alacaqsınız. Eyni zamanda, Naxçıvanda bu günədək qorunub saxlanılan və bərpa olunan Möminəxatun, Nuh Peyğəmbər, Qarabağlar türbələri, “Əshabi-Kəhf” ziyarətgahı və digər qədim abidələr, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev-muzeyləri ilə tanış olacaqsınız.
Görüşdi Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, tur iştirakçısı Bəyim Vahabzadə çıxış etdilər və şagirdlər üçün yaradılan bu şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam etdi. Şagirdlər “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış oldular.
Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Heydər Əliyev Hava limanına yola düşdülər.