Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Respublika günü geniş qeyd edildi

28 may 2013 | 15:00

Suraxanı rayonunda Azərbaycanda Xalq Cumhuriyyətinin yaranmasının 95 illik yubileyi münasibəti ilə silsilə tədbirlər təşkil olunmuşdur.  Rayon ərazisində yerləşən tam orta məktəblərdə Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş dərslər, inşa yazı müsabiqələri keçirilmiş, sənaye, səhiyyə, təhsil müəssisələrində dəyirmi masalar təşkil olunmuşdur.
27 may 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində rayon məktəblərini yüksək nəticələrlə bitirən şagirdlərin və təhsil işçilərinin iştirakı ilə seminar-məşqələ keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Onlara məlumat verilmişdir ki, Mərkəzdə Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir.
Seminar-məşğələnin iştirakçıları Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif anlarını, fəaliyyətini əks etdirən çoxsaylı foto şəkillərə baxmış, xüsusi fərdi səs sistemi ilə təchiz edilmiş elektron auditoriyalarda “Əyilməz iradə”, “Xilaskar” və “Millət atası” filmlərini seyr etmişlər.
Elektron lektoriya zalında keçirilən seminar-məşğələ dövlət himninin səsləndirilməsi ilə başlandı. Seminar-məşğələni açan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etmişdir ki, ölkəmiz şərqin ilk demokratik respublikası olmuşdur. Təkcə bu faktı dilə gətirmək özü bizi nə qədər qürurlandırır. Bu Azərbaycan tarixidir. Vətənimizin qızıl hərflərlə yazılmış tarixi. 95 il bundan əvvəl – 1918-ci ilin may ayının 28-də Gürcüstanın Tiflis şəhərində o dövrün böyük ziyalıları və ictimai xadimləri sayılan F.X.Xoyski, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, N.Yusifbəyli və digərlərinin gərgin əməyi, tarixi cəsarəti sayəsində Şərqdə ilk demokratik üsul-idarəyə əsaslanan  cümhuriyyət   quruldu.     Onlar millət, xalq aşiqi olmuş böyük insanlar idilər. Buna görə də millətimiz və dövlətimiz bu gün də bu insanları dəyərləndirir, onları yaşadır. Azərbaycan xalq cümhuriyyəti xalqın cümhuriyyəti idi. Öz xalqının milli şüurunu bərpa edən, ana dilini dövlət dili elan edən, mənəvi dəyərlərini qorumağı vacib bilən, inkişafa, tərəqqiyə aparan çətin yolu seçən, milli bayraq, milli himn, milli gerb kimi vacib dövlət atributlarını yaradan, vətəndaşların hüquqlarını qoruyan, onun problemlərini həll etməyi hədəf götürən ilk parlamentli respublika quran, milli ordumuzu ərsəyə gətirən, ali təhsil ocağı təsis edən, xarici ölkələrə oxumağa tələbə göndərən, mətbuatın inkişafına yardım edən və müstəqilliyi de-fakto tanınan və de-yure tanınmağı da qarşısına məqsəd qoyan məhz Azərbaycan Xalq Cümhuriyyəti idi.
Seminar-məşğələdə çıxış edən tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev, 196 saylı tam orta məktəbin direktoru Ağasi Hüseynov, 318 saylı tam orta məktəbin tarix müəllimi Sevda Kərimova, 97 saylı tam orta məktəbin direktoru Solmaz Səfərova, 278 saylı tam orta məktəbin tarix müəllimi Vaqif Rüstəmov qeyd etdilər ki, 1918-ci ildə Şərqdə - müsəlman aləmində ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikası yaranmışdır.Xalq Cümuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində ölkənin inkişafı üçün bir sıra işlər görmüşdür. Sovet hakimiyyətinin süqutu ilə 1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycan bitib-tükənməyən hakimiyyət çəkişmələri, parçalanıb məhv olmaq təhlükəsi ilə üz-üzə gəlmiş, ermənilərin Azərbaycan torpaqlarının iyirmi faizini  işğal etməsi nəticəsində bir milyondan çox soydaşımız qaçqın-məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Ölkənin belə ağır vəziyyətdən xilasının yeganə yolunu görkəmli siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıtmasında görən həmvətənlərimiz onu təkidlə Bakıya dəvət etmiş, milyonlarla insanın təkidinə və xahişinə hörmətlə yanaşan Ulu Öndərimiz yenidən siyasi hakimiyyətə qayıdaraq 1993-cü il iyunun 15-də Milli Məclisin sədri seçilməsi ilə dövlət müstəqilliyinin qorunması, ölkədə sabitlik, əmin-amanlıq yaranması, iqtisadiyyatın inkişafını təmin etmişdir.
Çıxış edənlər  xüsusi vurğulamışlar ki, Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə dövlət müstəqilliyinin qorunub möhkəmlənməsində, iqtisadiyyatın inkişafında, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində yeni mərhələ başlanmışdır. Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla təmin etməyə qadir olan güclü ordusu yaradılmış, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması təmin edilmiş, Azərbaycan iqtisadi inkişafın artımına görə dünyada ön sıraya çıxmışdır.
Seminar-məşğələ bu sözlərlə yekunlaşdı: Artıq 22 ildir ki, müstəqilliyimizin bəhrələrini görürük. 95 il bundan əvvəl qazandığımız azadlığın davamını, növbəti ildönümünü yaşayırıq. 28 May Azərbaycan respublikasının müstəqillik arzularının gerçəkləşdiyi gün kimi hər zaman xatırlanacaqdır.

Keçidlər