Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
19 mart 2018-ci il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilmişdir.
Bayram tədbirində Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, Milli Məclisin deputatı Ağacan Abiyev, YAP Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
“Atəşgah Məbədi”nin qarşısı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdü. Meydanın ortasına yerləşdirilmiş böyük səməni şənliyə xüsusi yaraşıq verirdi.
Şən, oynaq musiqi sədaları ətrafı bürümüşdü. Milli geyimli qızlar, oğlanlar meydanda rəqs edirdilər. Baharı, Azərbaycanı tərənnüm edən mahnılar dalğa-dalğa hər tərəfə yayılır, bayram mərasiminin iştirakçılarında xoş ovqat doğururdu.
Bayram tonqalı alovlandırıldı.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinlərini tədbik edərək qeyd etdi ki, Novruz xalq bayramıdır. Yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzidir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Novruzu milli birlik bayramı adlandırırdı.
Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən, milli-mənəvi dəyərlərimizi böyük sevgi ilə yaşadan möhtərəm Prezidentimiz cənab İlham Əliyev də hər il bayram günü xalqa təbrik ünvanlayır, bayram şənliklərində iştirak edir və onlarla öz sevincini paylaşır.
Rayon rəhbəri xüsusi vurğuladı ki, öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulmasına, muğam musiqi müsabiqələrinin, beynəlxalq festivalların keçirilməsinə, xarici ölkələrdə müxtəlif sərgilərin təşkilinə, bir çox digər irimiqyaslı layihələrin reallaşmasına nail olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış, BMT Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" barədə qətnamə qəbul edilmişdir.
Novruz bayram arzular bayramıdır. Hər insanın öz arzusu var. Eyni zamanda xalqımızın, millətimizin arzusu vardır. Mən bu bayram günü hamının öz arzularına, niyyətlərinə çatmasını arzulayıram. Arzu edirəm ki, hər bir insanın arzusu yerinə yetsin. Amma eyni zamanda, bizim hamımızın ümummilli, ümumxalq arzumuz vardır.
Bu arzu ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında daha da möhkəmlənsin, inkişaf etsin. Biz iyirmi yeddi ildir ki, bu bayramı müstəqil dövlət kimi, azad xalq kimi qeyd edirik. Ona görə də hamımızın ümumi arzumuz odur ki, bizim bu milli azadlığımız, bizim dövlət müstəqilliyimiz daimi olsun, əbədi olsun.
Biz hamımız bu arzularla yaşayırıq və tam əminəm ki, bu arzularımıza ilbəil nail olacağıq. Xalqımız ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır.
Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət siyasətində görür və bu intibahlı yolunu ürəkdən dəstəkləyir.
Xalqımızı, sizin hər birinizi bir daha Novruz bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm. Hər evə, hər ailəyə, hər bir Azərbaycan vətəndaşına bayram ovqatı və sevinc arzu edirəm.
Bayram tədbirində YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Şəhid anası Saray Quliyeva çıxış edərək bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər.
Bayram şənliyində tanınmış incəsənət ustaları, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər, "Kosa, Keçəl və Bahar qız" tamaşasını göstərdilər, rəngarəng konsert proqramı ilə çıxış etdilər. Bayram şənliyində bir tərəfdə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar, kəndirbazlar öz məharətlərini göstərir, digər tərəfdə isə qədim şərq bazarı, sərgilənən misgərlik əşyaları, xalça, palac, kilim iştirakçıların marağına səbəb olurdu. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər. Bu əziz bayramı Suraxanı sakinləri böyük sevinc və fərəhlə qeyd etdirlər.
Bayram tədbirləri rayonda davam edir.