Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir

21 fevral 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Dövlət Universitetinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti ilə Suraxanı rayonunda keçirilən tədbirdə BDU-nun bu rayondan olan məzunları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan  abidəsini ziyarət etmiş, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, daha sonra Ümummilli Liderin adını daşıyan parkda BDU-nun 100 illiyi ilə əlaqədar xatirə ağacı əkmiş, Bakı Dövlət Universitetinə həsr edilmiş sərgi ilə tanış olmuşlar.                                                         
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, 2017-ci il noyabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda deyilir:
2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır.
Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir. Respublikada yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması Universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, dövlət idarəçiliyinin, xalq təsərrüfatının, elmin, təhsilin, mədəniyyətin müxtəlif sahələrində uğurla çalışan çoxsaylı yüksək ixtisaslı kadrlar hazırlayan Bakı Dövlət Universiteti məzunlarının zirvəsində "Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam"- deyən dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev durur. Ulu Öndər Bakı Dövlət Universitetini "Azərbaycan xalqının milli sərvəti" adlandırırdı. Qürurla deyə bilərik ki, Bakı Dövlət Universiteti bu gün regionun ən qabaqcıl elm və təhsil mərkəzidir. Dünyanın aparıcı ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Bir çox  beynəlxalq qurumların nüfuzlu üzvüdür.
Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbulla bağlı keçirtdiyi imtahanlarda ən yüksək bal toplayanların əksəriyyəti Bakı Dövlət Universitetini seçir. Bu fakt özü-özlüyündə Bakı Dövlət Universitetinin yüksək reytinqindən xəbər verir.
Ölkəmizin hər bir şəhər və rayonunda olduğu kumui, Suraxanı rayonunda da  Bakı Dövlət Universitetinin çoxsaylı məzunları müxtəlif dövlət və qeyri-dövlət müəssisələrində uğurla çalışırlar. Rayonun hüquq-mühafizə orqanlarında, təhsil, sənaye müəssisələrində işləyən Bakı Dövlət Universitetinin məzunları bu şərəfli adı öz işləri, fəaliyyətləri ilə döğruldurlar.
Mən burada xüsusi vurğulamaq istərdim ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 4 may 2009-cu il tarixdə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin açılışını etdikdən az sonra 14 iyul 2009-cu il tarixdə  Bakı Dövlət Universiteti ilə birgə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 40-cı ildönümü münasibəti ilə konfrans keçirilmişdir. Suraxan ictimaiyyəti bu tədbiri xoş təəssüratlarla xatırlayırlar.
Həmin vaxtdan Bakı Dövlət Universiteti ilə sıx əməkdaşlıq edirik və bu gün  Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Dövlət Universitetinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ilk tədbirin də məhz  Suraxanda keçirilməsi qürur vericidir, fərəhlidir.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumla BDU arasındakı əlaqələrdən, universitetin yubileyi ilə bağlı keçiriləcək tədbirlərdən, əməkdaşlıq məsələlərindən söz açıb.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamlardan danışıb. Bildirilib ki, cəmi 23 ay yaşamış AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. 1919-cu ildə BDU-nun təsis edilməsinin AXC-nin gördüyü mühüm işlərdən biri olduğunu deyən rektor vurğulayıb ki, milli hökumət yarandığı ilk günlərdən həlli mühüm olan bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atıb. Rektor o dövrdə universitetin yaradılması ideyasının meydana çıxmasını şərtləndirən bir sıra amillər haqqında da danışıb. BDU-nun və ölkəmizin tarixləri arasında bir vəhdətin, üzvi əlaqənin olduğunu deyən rektor bildirib ki, bu ali məktəbin yaranması tarixinə nəzər saldıqda respublikamız kimi onun da nə qədər çətinliklərlə üzləşdiyini müşahidə etmək mümkündür. Bu tarix bütövlükdə müstəqil Azərbaycanın yaranmasında xalqımız qarşısında dayanan maneələri, xalqımıza bu işdə dəstək olan çoxsaylı xeyirxah insanları, eyni zamanda, ölkəmizi müstəqil, sivil ölkələr sırasında görmək istəməyən qüvvələri özündə əks etdirir.
A.Məhərrəmov deyib ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı BDU hər bir ölkənin iqtisadi, mədəni və intellektual səviyyəsinin barometri hesab edilən milli universitet missiyasını bu gün şərəflə həyata keçirir. BDU-nun Heydər Əliyev, Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Lev Landau, Mir Cəlal Paşayev, Əşrəf Hüseynov, Zahid Xəlilov, Abdulla Qarayev, Bəxtiyar Vahabzadə kimi dünya şöhrətli məzunlarının olduğunu deyən rektor universiteti indiyədək 150 minədək məzunun bitirdiyini bildirib. Qeyd edilib ki, cəmi iki fakültə ilə fəaliyyətə başlayan universitetin hazırda humanitar, fundamental və təbiət elmləri sahələrini əhatə edən 17 fakültəsində 65 ixtisas, 210 ixtisaslaşma üzrə 22 mindən artıq tələbə Azərbaycan, rus və ingilis dillərində təhsil alır.
BDU-nun Suraxanı rayonundan olan məzunları Məhluqə Əzizova, Oqtay Səmədov, Elşad Həsənov universitetlə bağlı xatirələrini bölüşüblər. BDU-nun birinci kurs tələbəsi Nərminə Nəzərli bu ali məktəbdə gənclərin keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə minnətdarlığını bildirdi.
Tədbirdə Bakı Dövlət Universitetinə həsr olunmuş “Sütunlar” filmi nümayiş etdirilib.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədova Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi, rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edildi.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova “Universitetin dostu” mükafatını İlqar Abbasova təqdim etdi.
Tədbir 2019-cu ildə keçiriləcək BDU məzunlarının qurultayına nümayəndələrin seçilməsi və konsert proqramı ilə başa çatdı.

Digər şəkillər  -  /gallery/34.html

 

Keçidlər