Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2017-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

26 yanvar 2018 | 16:00

Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə  nümayəndəliyin 2017-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafına, bölgələrdə abadlıq-quruculuq işlərinin aparılmasına daim diqqət və qayğı göstərir. Bu, Suraxanıda da aydın nəzərə çarpır. Təkcə ötən il ərzində rayonda bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib. Küçələr, məhəllədaxili yollar və yaşayış binalarının həyəti yenidən asfaltlanıb, piyada səkiləri təmir edilib, hasarlar rənglənib, yeni işıqlandırma dirəkləri quraşdırılıb, çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilib, fasad hissəsi müasir üzlük daşları ilə bəzədilib, giriş blokları və pilləkənlər təmir edilib. Küçələrin kənarında və binaların qarşısında səliqə-səhman yaradılıb, ağac və gül kolları əkilib.
Dövlət proqramlarının icrası sayəsində 2017-ci ildə rayonun Hövsan qəsəbəsində də yollar, məhəllədaxili küçələr və səkilər təmir edilib, bu yaşayış məntəqəsini şəhərlə birləşdirən Hövsan-Zığ yolunun yenidən qurulması işləri davam etdirilib, içməli su problemi əsaslı həll olunub, əhalinin məişət qazı, elektrik enerjisi ilə fasiləsiz təminatı yoluna qoyulub. Bütün bunlarla yanaşı, çoxmərtəbəli binaların, məktəb və səhiyyə obyektlərinin əvvəllər istiliklə təminatında yaranan fasilə aradan qaldırılıb.
Azərbaycan Respublikasının Dövlət İnvestisiya Proqramına əsasən “Azəravtoyol” ASC tərəfindən Zığ və Hövsan qəsəbələrini birləşdirən, uzunluğu 8,0 km olan Zığ-Hövsan avtomobil yolu yenidən qurulur, Hövsan qəsəbəsi, “Quşçuluq Sovxozu” adlandırılan yaşayış sahəsində 170 ailəni su ilə təmin etmək üçün yaşayış sahəsinin su xəttinə Hövsan qəsəbəsindəki mövcud şəbəkədən birləşmə verilmişdir. Hövsan qəsəbəsində 1 ədəd yüksəkgərginlikli elektrik yarımstansiyası tikilmiş, biri təmir olunmuşdur. İlqar Əhlimanov küçəsində 11, O.Şabanov küçəsində 4 binanın həyətində 5 100,0 p.m. yeni səki daşları qoyulmuş, 27 700,0 kv.m asfalt örtüyü vurulmuş, 65 500,0 kv.m ərazi abadlaşdırılmışdır. Oqtay Şabanov küçəsi 20, 21a, 21b və 21v saylı binaların arxa hissəsində sahəsi 8 800,0 kv.m. olan yeni park salınmışdır, sakinılərin istirahətinin təşkili üçün söhbətgahlar, oturacaqlar, uşaqların əylənməsi üçün müxtəlif oyun elementləri quraşdırılmış, yaşıllıqlar salınmış, yeni ağaclar əkilmiş və suvarma sistemi quraşdırılmışdır. Elman Qasımov küçəsində sahəsi 50,0 kv.m. olan “Veteranlar guşə”si tikilib istifadəyə verilmiş, ahılların istirahətinin təşkili üçün lazımi şərait yaradılmış, Böyük Vətən müharibəsində həlak olan Hövsan qəsəbə sakinlərinin şərəfinə ucaldılmış abidə kompleksi əsaslı təmir edilmiş, 1150,0 kv.m ərazi abadlaşdırılmışdır.
Qəsəbədə yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, bu istiqamətdə nəzərəçarpacaq müsbət nəticələr əldə edilib.
Bütün bunlar barədə Hövsan inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə rayon rəhbərliyi, xidmət qurumları təmsilçiləri və sakinlərin iştirakı ilə keçirilən toplantıda son bir ildə əldə olunan uğurlardan və növbəti layihələrdən ətraflı söhbət açılıb. Qəsəbə nümayəndəsi Ağasəlim Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin paytaxtın inkişafına göstərdiyi diqqət və qayğıdan, Hövsanın abadlaşdırılması, burada sakinlərə hər cür şəraitin yaradılması istiqamətində görülən işlərdən,  mövcud problemlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Hesabat yığıncağında çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   rayon və onun qəsəbələrinə göstərdiyi ardıcıl, sistemli diqqət və qayğını sakinlərin böyük razılıqla qarşılamasından, bu işlərin miqyasının ildən-ilə genişləndirilməsindən və nəzərdə tutulan növbəti işlərdən ətraflı bəhs edib.
İlqar Abbasovxususi vurğulayıb ki, 24 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimində iştirak ediblər.
Hövsan qəsəbəsində inşa olunacaq Hövsan Yaşayış Kompleksi Bakının sürətlə inkişaf edən şərq hissəsində, Xəzər sahilindən cəmi 2 kilometr məsafədə, yaşayış və istirahət üçün olduqca rahat bir məkanda yerləşəcək. Kompleksin 20 hektarlıq ərazisinin qərb hissəsində şam və zeytun ağaclarından ibarət geniş yaşıllıq zonası mövcuddur. Şəhərcik çoxmənzilli 11 yaşayış binasından ibarət olacaq. Kompleksdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin tikintisi aparılacaq. Ərazidə hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə müvafiq nəqliyyat infrastrukturunun yaradılması və şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiyası planlaşdırılır.
Rayon rəhbəri bildirib ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, rayon icra hakimiyyəti qəsəbənin sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsini bundan sonra da diqqət mərkəzində saxlayacaq.
İlqar Abbasov xatırladıb ki,  rayon sakinləri son illər ölkəmizdə sosial-iqtisadi və mədəni sahədə əldə edilən böyük uğurları haqlı olaraq Ölkə Prezidenti cənab İlham Əliyevin bütün bölgə və regionlara, o cümlədən Suraxanı rayonuna göstərdiyi gündəlik diqqət və qayğının nəticəsi kimi qiymətləndirir, sabaha böyük inam və ümidlə baxırlar.
Toplantıda sakinlərin arzu, istək və təklifləri səslənib. Suallar cavablandırılıb, nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Sonda yığıncağın yekunu üzrə müvafiq qərar qəbul olunub.

Keçidlər