Suraxanıda rayonunda 20 Yanvar faciəsi silsilə tədbirlərlə qeyd edilmişdir
Suraxanıda rayonunda 20 Yanvar faciəsi silsilə tədbirlərlə qeyd edilmişdir
"20 Yanvar” faciəsinin iyirmi səkkizinci ildönümü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda silsilə tədbirlər keçirilmişdir.
“20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 198 №-li, 20.12.2017-ci il tarixli sərəncamının icrasının təmin edilməsi, həmçinin Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinin yad edilməsi məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 166 №-li, 27.12. 2017-ci il sərəncamı ilə “20 yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün Suraxanı rayonunda keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmişdir.
Tədbirlər planına uyğun olaraq rayonun bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı abadlıq və təmizlik işləri aparılmışdır.
Rayonda fəaliyyət göstərən sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində "20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda xatirə tədbirləri təşkil olunmuş, tam orta məktəblərdə 20 Yanvar faciəsinə həsr olunmuş rəsm, inşa yazı müsabiqələri keçirilmişdir.
Rayonun qəsəbələrindəki şəhid məzarları və onların xatirəsinə ucaldılmış abidələr rayon ictimaiyyəti tərəfindən ziyarət olunmuşdur.
Yanvar ayının 18-də Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayında Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin, rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə ümumrayon xatirə tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayondan Milli Məclisə seçilmiş deputatlar, rayonun hüquq-mühafizə orqanlarının, sənaye, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatların nümayəndələri, 20 Yanvar faciəsi iştirakçıları və qonaqlar iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsinin önünə gül qoydular.
Tədbir 20 Yanvar faciəsinin şəhidləri və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Hacıyev qeyd etdi ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq xatırlanır. Milli azadlıq hərəkatı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.
1990-cı ilin 20 yanvarından ötən illəri bir qayda olaraq kədər, hüzn, matəm kimi qeyd etmişik, şəhidlərimizin ruhunu ümumxalq hüznü, qəlb ağrısı ilə anmışıq.
Ümumxalq hüzn günü bu əhval təbiidir. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragürahuna qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı.
Qanlı Yanvar faciəsi ilə bağlı Ümumilli Lider Heydər Əliyev tərəfindən verilən ən kəskin bəyanat məhz 1990-cı il yanvarın 21-də, Kremlin yaxınlığında, Azərbaycana düşmənçilik mövqeyindən əl çəkə bilməyən Mixail Qorbaçovun adamlarının gözü qarşısında səsləndirilən bəyanat idi. Tarixçilərin fikrincə, həmin bəyanat Azərbaycan tarixində yeni siyasi dövrün başlandığıını bildirirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 yanvar faciəsində həlak olan şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifə kimi qarşıya qoymuşdur. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Son illərdə ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün çoxmənzilli binalar və fərdi yaşayış evləri inşa edilib, təhvil verilmişdir. Bu gün də bu istiqamətdə işlər davam etdirilir.
İllər keçəcək, amma igid övladlarımızın fədakarlığı qəhrəmanlığı yaddan çıxmayacaqdır. Onların əziz xatirəsi böyük ehtiramla yad olunacaqdır.
Sonra YAP Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, “Qadın və inkişaf” mərkəzinin direktoru, 20 Yanvar şəhidinin həyat yoldaşı Şövkət Xanməmmədova, Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan çıxış etdilər.
Sonra Bakı Uşaq Teatrı kollektivinin hazırladığı azadlıq və qəhrəmanlıq məfkurəsini özündə təcəssüm etdirən “Vətən” adlı tamaşa göstərildi.
Tədbirdən sonra 20 Yanvar cəmiyyətinin Suraxanı rayon şöbəsinin üzvlərinə ərzaq yardımı göstərildi.