Dövlət Statistika Komitəsi şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı təlimat xarakterli zona müşavirələrinə start verib
Dekabrın 20-də paytaxt Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin təşkilatçılığı ilə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı təlimat xarakterli zona müşavirəsi keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətində baş tutan müşavirədə paytaxtın 12 rayonunun, Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Qobustan, Qubadlı, Zəngilan, Cəbrayıl və Şuşa rayonlarının icra hakimiyyəti başçılarının aidiyyəti müavinləri, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli statistika orqanlarının rəhbərləri və uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak edib.
Müşavirədə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Komitə tərəfindən ardıcıl islahatlar həyata keçirilir. Qeyd edib ki, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələrində 2013-cü ildən tətbiq edilən təsərrüfatbaşına uçot sənədlərinin işlənməsi müddəti başa çatdığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 oktyabr tarixli 423 nömrəli qərarına əsasən yeni təsərrüfatbaşına uçot sənədləri hazırlanıb. Təkmilləşdirilmiş nümunələr Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra çap etdirilərək respublikanın şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılıb. Komitə sədri onu da deyib ki, 2018-ci ilin yanvar ayından tətbiq ediləcək yeni təsərrüfatbaşına uçot sənədlərinin məlumatlarından əhalinin növbəti siyahıyaalınmasına hazırlıq üçün də istifadə olunacaq. Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədləri ilə bağlı növbəti mərhələdə isə bir sıra mühüm tədbirlər həyata keçiriləcək. Bu tədbirlərə uçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Tağı Tağıyev və Orxan Bayramov çıxış edərək ərazi üzrə mühüm informasiya mənbəyi olan təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifələrini diqqətə çatdırıblar.
Suraxanı Rayon İcra Hakimiyyətinin başcısı İlqar Abbasov isə rayonun sosial, iqtisadi göstəriciləri, görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Sonra Dövlət Statistika Komitəsinin Sosial statistika şöbəsinin müdiri Elçin Hacı şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydalarını slaydlar vasitəsi ilə tədbir iştirakçılarına təqdim edib. İştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Onuda qeyd edək ki, təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələri 21-26 dekabr tarixlərində Şəki, Lənkəran, Gəncə şəhərlərində və Kürdəmir rayonunda keçirilməklə bütün regionları əhatə edəcək.