SURAXANIDA GÜL BAYRAMI KEÇİRİLMİŞDİR
Hər il may ayının gəlişini xalqımız sevinc, ümid və iftixar hissilə qarşılayır. Bu da təsadüfi deyil. Məhz bu ayda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü təntənə ilə, böyük məhəbbət və ehtiramla bayram edilir. Əlamətdar gün münasibəti ilə artıq bir neçə ildir ki, doğma ölkəmizin hər bir guşəsində “Gül bayramı”larının keçirilməsi bir ənənəyə çevrilmişdir. Bu bayram hər bir vətəndaşımızın qəlbində xoş ovqat yaradır, xalqının bu günü naminə həyatını sərf etmiş dahi şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır.
Mayın 6-da Suraxanı rayonunda da əsl bayram ovqatı yaşanmaqdaydı. Həzin musiqi sədaları günəşli may səhərində hər bir Suraxanılını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Heydər Əliyev parkında keçirilən ümumrayon “Gül bayramı”na səsləyirdi. Park bayram libasına bürünmüşdü.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkda ucalan möhtəşəm abidəsinin ətrafında güllərdən xüsusi kompozisiya yaradılmışdı. Heydər Əliyev Mərkəzinin qarşısındakı tağbənd təbii güllərlə xüsusi bəzədilmişdi. Fəvvarələr meydanında Ulu Öndərin səhnədə yerləşdirilmiş barelyefi ətrafında yaradılmış möhtəşəm kompozisiya, Ulu Öndərin portretlərindən təşkil olunmuş “Yeddi portret”, Bayraq meydanında “Atəşgah buketi”, parkın “Gənclik bağçası”nda, “Skulptura bağı”nda və digər guşələrində təbii güllərdən yaradılmış müxtəlif kompozisiyalar diqqət çəkirdi.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Suraxanı rayon Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər və abidənin önünə tər güllər qoydular. Sonra tədbir iştirakçıları parkda düzənlənən gül kompozisiyaları və əl işləri ilə tanış oldular.
Heydər Əliyev parkında yaradılan müxtəlif gül kompozisiyaları, pannolar, şəkil və plakatlar, əl işlərindən ibarət sərgilər toplaşanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətini güllərin, çiçəklərin dili ilə beləcə maraqla baxmağa vadar edirdi. Rayonun bütün idarə və təşkilatları, ümumtəhsil məktəblərinin kollektivləri, uşaq-tərbiyə müəssisələrinin nümayəndələri aylardan bəri hazırladıqları işləri burada sərgiləmişdilər. Ümumilikdə, rayonun 35 məktəbi, 32 uşaq tərbiyə müəssisəsi əvvəlcədən keçirilmiş baxışda seçilmiş ən yaxşı sənət, əl işi və rəsm, gül kompozisiyalarından ibarət nümunələrini münsiflər heyətinin ixtiyarına vermişdi.
“Gül bayramı” Ümummilli Liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunduğu üçün nümayiş etdirilən hər bir buketdə, gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə məhəbbət, onun ruhuna ehtiram və səmimiyyət hissləri qabarıq gözə çarpırdı. Hər bir çalarda, hər bir rəng koloritində, hər ilmədə, hər naxışda bir istək, bir arzu, bir məna formalaşmışdı – Ulu Öndərə sonsuz qayğı və ehtiram. Tamaşaçı seyr edir, onu maraqlandıran mövzularda suallar verirdi, qiymətləndirmək işi isə münsiflər heyətinin üzərinə düşürdü.
“Gül bayram”ndan sonra Heydər Əliyev Parkında Suraxanı Rayon İcra Hakimiyyətinin və İctimai Televiziyanınn birgə təşkilatçılığı ilə canlı yayımla yubiley konserti oldu. Konsertdə ölkəmizin tanınmış mədəniyyət və incəsənət ustaları maraqlı rəgarəng konsert proqramı ilə çıxış etdilər. Konsert möhtəşəm atəşfəşanlıqla başa çatdı.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Suraxanı rayonu ərazisində iməciliklər də keçirilmiş, ağac əkilmiş, küçə və meydanlarda, parklarda abadlıq, səliqə-səhman işləri görülmüşdür.