Suraxanıda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə konfrans keçirilmişdir
6 may 2013-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Azərbaycana həsr olunmuş ömür” mövzusunda konfrans keçirilmişdir.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Heydər Əliyev parkında 90 ağac əkdilər. Daha sonra Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər və abidənin önünə tər güllər qoydular,
Qeyd etmək yerinə düşər ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə cari ildə Suraxanı rayonunda 90 min ağac əkilməsi nəzərdə tutulmuşdur.
Daha sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış oldular və Mərkəzin 3-cü mərtəbəsində Elektron lektoriya zalında “Tarixi yaradanlar” filminə baxışdan sonra konfrans öz işinə başladı.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin ömür yolunun əsas məqamların əks etdirən məruzə ilə çıxış etdi. İlqar Abbasov bildirdi ki, bu günlərdə Azərbaycan xalqı, bütün türk dünyası dünyanın ən böyük Azərbaycanlısı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyini qeyd edir.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” imzaladığı sərəncamda deyilir: "Dahi Heydər Əliyev səxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir".
Natiq qeyd etmişdir ki, Heydər Əliyev müdrikliyindən, taleyin ona qismət etdiyi bilik və qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, millət və xalqı yolunda istifadə etmişdir. Ulu Öndər bütün həyatını döğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Bu səbəbdəndir ki, Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq mümkün deyildir. Bu bir həqiqətdir ki, biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq. Heydər Əliyevlə Azərbaycan birlikdə olanda daim inkişaf və tərəqqi baş verib.
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanımızın öz müstəqilliyini bərpa etməsindən keçən, tarix üçün bir an qədər çəkən müddətdən sonra geriyə baxanda uğurlu daxili və xarici siyasət yürüdən ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər və beynəlxaq aləmdəki mövqeyi aydın görünür. Az vaxt ərzində ictimai, siyasi və iqtisadi həyatın bütün sahələrində əldə olunan müvəffəqiyyətlər bütün dünyanı heyran qoymuşdur. Hazırda Azərbaycanın hər yerində gedən möhtəşəm quruculuq işləri, mədəniyyət, idman və digər sahələrdəki tərəqqi hər bir Azərbaycanlını qürurlandırır, ölkəmizə gələn çoxsaylı qonaqları heyrətə salır. Bütün bunlar isə Ulu Öndərimiz Heydər Əliyevin həm daxili, həm də xarici siyasətdəki səriştəsi, yüksək idarəetmə bacarığı, bənzərsiz nitq qabiliyyəti, geniş biliyə sahib olması və analitik düşüncə tərzinin nəticəsində mümkün olmuşdur.
Xalqın arzu və tələbi ilə ikinci dəfə dövlət rəhbərliyinə qayıtdıqdan sonra Ulu Öndərimiz belə vəziyyətdə balanslaşdırılmış xarici siyasət kursunu tutdu və dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri istedadını birləşdirdi. Ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı. Milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, zabit kadrlarının hazırlanması üçün müasir tələblərə cavab verən hərbi məktəblər formalaşdırıldı, ordunun gücləndirilməsi diqqət mərkəzinə gətirildi. Azərbaycan informasiya blokadasından çıxarıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin ədalətli həlli ilə bağlı beynəlxalq qurum və təşkilatlarda səmərəli fəaliyyətin təməli qoyuldu. Azərbaycan Avropanın enerji daşıyıcıları ilə təminatında etibarlı tərəfdaşa, Cənubi Qafqazda söz sahibi sayılan dövlətə çevrildi.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, Azərbaycan xalqının qəlbində Ümumilli Lider zirvəsinə ucalan dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev əbədiyaşarlıq qazanmışdır. Vətənini sevən hər bir Azərbaycan övladı özünün Ümumilli Lideri ilə fəxr edir. Bu gün 90 illiyini qeyd etdiyimiz dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında ümumxalq məhəbbətini qazanan Ulu Öndər, mütəfəkkir olaraq qalmışdır. Xalqımızın indiki və sonrakı nəsilləri onu həmişə sonsuz hörmət və məhəbbətlə yad edəcəkdir.
İlqar Abbasov çıxışını bu sözlərlə yekunlaşdırdı: Bu gün biz buraya toplaşıb Ümumilli Liderimizin 90 illiyini qeyd etməklə yanaşı, onun qurub yaratdığı doğma Azərbaycanımızın daha da çiçəklənməsi üçün hər birimizin öhdəsinə müəyyən vəzifələr düşdüyünü, hər birimizin məsuliyyət daşıdığını bir daha dərk edirik. Dahi rəhbərin yarım əsrlik siyasi fəaliyətini hər bir Azərbaycanlı təcrübə məktəbi kimi əxz etməli, ölkənin tərəqqisi naminə yorulmadan çalışmalıdır.
Necə deyərlər “Güc birlikdədir”. Biz məhz birlik sayəsində, əlbir səylərlə Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanımızın qüdrətini və şöhrətini artıra bilər, vətənimizi dünyanın ən qabaqcıl ölkəsi səviyyəsinə qaldıra bilərik. Ulu Öndərimiz məhz bunu arzulayırdı, bunun üçün çalışırdı və bizə də bunu vəsiyyət etmişdir. Gəlin, Ulu Öndərimizin adına, şöhrətinə əziz xatirəsinə layiq olaq.
Məruzə ətrafında Milli Məclisin deputatlar Hüseynbala Mirələmov, Musa Quliyev, Aydın Mirzəzadə, İlham Məmmədov, Sevinc Hüseynova, Sevinc Fətəliyeva çıxış etdilər.
Çıxış edənlər qeyd etdilər ki, vətənini, millətini sevən hər bir Azərbaycanlı üçün tükənməz qürur mənbəyidir ki, bu gün nəinki ölkəmizdə, bir çox dünya dövlətlərində Ümummilli Liderimiz Heydər Əliyevin 90 illik ilə bağlı silsilə tədbirlər keçirilir.
Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi.
Heydər Əliyev Azərbaycan tarixində Azərbaycan xalqının inkişafı, gələcək tərəqqisi naminə vətənimizin ən ağır və faciəli günlərində ona rəhbərliyi öz üzərinə götürərək misilsiz xidmətlər göstərməklə ölkəni parçalanıb məhv olmaqdan xilas etmiş əbədi Liderdir.
Konfransın işini yekunlaşdıran İlqar Abbasov qeyd etmişdir ki, Heydər Əliyev sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin inkişafının bütün istiqamətlər üzrə əsaslarını formalaşdırdı.Ölkənin demokratik inkişaf yolunu müəyyənləşdirdi, sosial-iqtisadi-mədəni inkişaf xəttinin təməlini qoydu. Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl, gələcək illərdə təməli daha da möhkəmlənəcək milli dövlətçilik ideologiyasını formalaşdırdı və Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsində bu ideologiyanı, Azərbaycanın sosial-iqtisadi-siyasi-mədəni tərəqqisini uğurla həyata keçirə biləcək əvəzsiz varisini yetişdirdi.
Bu gün müasir Azərbaycan özünəməxsus inkişaf yolu ilə gedir. Bu inkişafın təməl daşları Ümummilli Liderimizin çiyinləri üzərində hörülüb.Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar, daim xalqla birbaşa ünsiyyətdə olması Ümummilli Lider tərəfindən başlanmış yolun davamıdır. Bu gün hərtərəfli inkişaf edən Azərbaycan regionda bütün sahələrdə lider dövlətə çevrilmişdir. Dövlətimizin başçısı hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Dövləti xalqa, xalqı dövlətə bağlayan da bu qarşılıqlı inam və etibardır.
Konfrans bu sözlərlə yekunlaşdı: Heydər Əliyev başımızın üstündə daim nur saçan bir günəşdir. Həmişə işıq saçır, yolumuzu aydınlığa bürüyür.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev iştirak etmişdir.