Şriftin ölçüsü :

Saytın rəngi :

YAP milli mənafelərə xidmət etməklə ümumxalq partiyası olduğunu sübut edib

17 noyabr 2017 | 16:00

Noyabrın 17-də  Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı və rayon İcra Hakimiyyətininin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin rayon ərazisindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə, eyni zamanda, YAP-ın yaradılması və ölkəmizin inkişafındakı xidmətləri ilə bağlı Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun məsləhətçisi olduğu və "SƏS" Media Qrupun hazırladığı  “Xalq və dövlətçilik uğrunda-25 il” adlı qısametrajlı film nümayiş etdirilib, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov geniş məruzə ilə çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb.
V.Seyidov qeyd edib ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib. Eyni YAP-ın ötən dövr ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdıran natiq Ümummilli Liderin əsasını qoyduğu siyasi kursun ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə və regionun güc mərkəzinə çevrildiyini qeyd edib. Rayon təşkilatının sədri 25 il ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, iqtisadi qüdrətinin günü-gündən artmasından danışıb.
YAP-ın təsis konfransının iştirakçısı, partiyanın veteran üzvü Sabir Allahverdiyev YAP-la bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, YAP-ın olduqca gərgin ictimai-siyasi zamanda yarandığını qeyd edərək  ötən dövr ərzində partiyanın Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrildiyini vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP-ın yaranmasını və tez bir zamanda xalqımızın iradəsi ilə siyasi hakimiyyətə gəlişini müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri kimi dəyərləndirib və bu münasibətlə tədbir iştirakçılarını təbrik edib.
YAP Siyasi Şurasının üzvü qeyd edib ki,  YAP tarixi zərurətdən yaranaraq, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa zaman ərzində ümumxalq partiyasına çevrilmiş, eyni zamanda, iqtidar partiyası olaraq xilaskarlıq missiyası ilə yenicə müstəqillik əldə etmiş Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edərək müstəqilliyin qorunub saxlanılmasını təmin edib.  Yarandığı dövrdən bu günə qədər YAP-ın yalnız Azərbaycanın inkişafı naminə çalışdığını qeyd edən V.Rəhimzadə tarixə nəzər salaraq, o dövrün çətinliklərindən bəhs edərək 1990-cı illərin əvvəllərində xalqımızın müstəqil Azərbaycanı dərin, çıxılmaz vəziyyətlərdən, düşdüyü böhrandan yalnız ümummilli lider Heydər Əliyevin çıxaracağına böyük ümidlər bəslədiyini və bununla da Azərbaycanın taleyində gələcəkdə çox mühüm rol oynayacaq YAP-nın yaradıldığını xatırladıb.
Vüqar Rəhimzadə bildirib ki, ölkənin dərin böhran şəraitində olduğu bir vaxtda xalqımızın iradəsi və təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycanda siyasi rəhbərliyə qayıdışı müasir tariximizin ən şərəfli səhifələrindəndir. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti və zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısının alınmasına, vətəndaş qarşıdurmasının aradan qalxmasına, sabit, müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın tam təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verib. Ulu öndər Heydər Əliyevdən sonra davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ölkənin maraq və mənafelərinin təmin olunmasına xidmət etməklə bir daha ümumxalq partiyası olduğunu sübut  edib.
Daha sonra YAP Suraxanı rayon təşkilatının fəal gənci Azad Abıyev çıxış edərək partiyanın gənclər siyasətindən, eyni zamanda ölkədə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. YAP fəalı dövlət gənclər siyasətinin bütün sahələri əhatə etdiyini vurğulayaraq gənclərin idarəetmədəki uğurlarını diqqətə çatdırıb.   
"SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. B.Quliyev qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın ən güclü siyasi təşkilatı kimi özünü təsdiq edib. Azərbaycanın inkişafı prosesində YAP fəal iştirak edir.
Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. İcra Hakimiyyətinin Başçısı dövlət müstəqilliyin ilk  ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan YAP-ın Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Bildirib ki, bütün bunlar partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin uğurlu strategiyasının məntiqi nəticəsi idi. Bu gün bu siyasətin Azərbaycanın Prezidenti, Yeni Azərbaycan partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan uğurlu nailiyyətlər qazanır.
Tədbirin sonunda YAP Suraxanı rayon təşkilatının bir qrup fəal üzvü fəxri fərmanla təltif edilib. Eyni zamanda, partiyaya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi verilib.
“İki sahil”

Digər şəkillər /gallery/28.html

Keçidlər