Suraxanıda yetkinlik yaşına çatmayanlarla maarifləndirici tədbir keçirilmişdir
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşəbbüsü və Suraxanı Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir.
Tədbirdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, Rayon Polis İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, rayon məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəblilər iştirak etmişdir.
Maarifləndirici tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etmişdir ki, yetkinlik yaşına çatmayanların maarifləndirilməsi, gənclərin pis vərdişlərdən uzaq olması üçün Suraxanı rayonunda əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə müxtəlif tədbirlər həyata keçirilir. İl ərzində mütəmadi Suraxanı rayonu Heydər Əliyev Mərkəzində, Gənclər Evində, Səttar Bəhlulzadə və Qurban Abbasov adına Mədəniyyət saraylarında, rayonun digər mədəniyyət ocaqlarında, rayonun tam orta məktəblərində “Narkomaniya əsrin bəlasıdır”, “Sağlam gənclik narkomaniyaya yox deyir”, “Asudə vaxtımızı səmərəli keçirək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” və digər mövzularda silsilə maarifləndirici tədbirlər, diskussiyalar, tam orta məktəblərdə açıq dərslər, rəsm və inşa yazı müsabiqələri, çoxsaylı idman yarışları keçirilir.
Tədbirdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin YYÇPİTŞ-nin XMT üzrə baş inspektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərov “Yetkinlik yaşına çatmayanların cinayətə meylliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin YYÇPİTŞ-nin baş inspektoru, polis baş leytenantı Elmar Ədilxanov “Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədi ilə “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik yoxsa həyat?”, Suraxanı Rayon Qeydiyyat şöbəsinin müdiri İradə Kazımova “Yetkinlik yaşına çatmayan qızların erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması” mövzularında çıxışları maraqla dinlənildi.
Maarifləndirici tədbirdə Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Vəli Əliyyev və İdarənin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru Elmir İsgəndərov çıxış etdilər.
Tədbirdə narkomaniyanın törətdiyi fəsadlar barədə video-çarx nümayiş olundu.
Sonda məktəblilərin çoxsaylı sualları cavablandırıldı.