Şriftin ölçüsü :

Saytın rəngi :

Zığ-Suraxanı yolunun 2,7 kilometrlik hissəsinin yenidən qurulması yekunlaşır

14 noyabr 2017 | 16:00

Suraxanı rayonunun Zığ-Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2,7 kilometrlik hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 metrə çatdırılıb. Yolun hərəkət hissəsinin eni 9 metr təşkil edir.
Sözügedən yol uzun müddət təmir olunmayıb və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış, dağılmış hissələr yaranıb. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradıb. Artıq bu problem tam olaraq aradan qaldırılır.
Aparılan işlər zamanı köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası aparılıb. Yolboyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb.
Artıq yolun asfaltlanmasına da start verilib və bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə 2 qat olmaqla yolun 30 min kvadratmetrə yaxın sahəsinə yeni asfalt-beton örtüyü döşənir.
Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolboyu 1,5 kilometrlik hissədə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi də aparılır. Səkilərin kənarına 6,7 min poqonmetr yeni səki daşı düzülür.
Səth sularının yolun hərəkət hissəsindən ötürülməsini təmin etmək məqsədilə zəruri olan yerlərdə xüsusi quyular tikilərək 10 ədəd yağış barmaqlıqları və 10 nöqtədə 250 millimetr diametrli drenaj borular, həmçinin qrunt sularının ötürülməsi üçün 6 ədəd suötürücü boru quraşdırılıb. Bundan başqa gələcəkdə yola ziyan vurmadan yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 9 yerdə ehtiyat keçidlər qoyulub.
Layihə çərçivəsində avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədilə 8 yerdə xüsusi “cib”li dayanacaq hissələr yaradılır. Bütün işlər tərtib olunmuş qrafikə uyğun “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır.
Qeyd edək ki, ötən il Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsinin tikintisi yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Ümumilikdə sözügedən avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.

 

Keçidlər