YAP-ın yaradılmasının 25-ci ildönümü münasibətilə «Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu» mövzusunda tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının və YAP Suraxanı rayon təşkilatının birgə təşəbbüsü ilə partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə «Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu» mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP-ın Suraxanı, Sabunçu, Xəzər, Nizami və Şuşa rayon təşkilatlarının Qadınlar Şurasının üzvləri iştirak ediblər.
YAP Suraxanı rayontəşkilatının qərargahında keçirilən tədbir dövlət himnin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan qadınlarına həsr olunmuş video-çarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır. Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox mühüm uğurlar qazanıb. Təşkilat sədri qeyd edib ki, partiyamızın sıralarında qadınların da təmsilçiliyi çox yüksəkdir.
YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, bugünlər xalqımız partiyamızın yaradılmasının 25-ci ildöünümü böyük təntənə ilə qeyd edir. N.Əliyeva qeyd edib ki, Ulu öndər Heydər Əliyev qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına, dərin müşahidəsi və həyati biliyinə bələd idi: «Odur ki, bu zərif, həm də çox güclü zümrənin dövlətçilik və müstəqiliyimizin çətin yollarında böyük dayaq olacağına inanırdı. Bu inam ilə 1995-ci ildə YAP Qadınlar Şurası yaradıldı. Ilk günlərdən Qarabağ savaşında düşmənə qarşı qətiyyətli etirazları ilə əhali arasında təbliğat aparan qadınlarımız YAP-ın sıralarına dəstə-dəstə gəlirdilər. Onları bu partiyanın sıralarına gətirən Heydər Əliyev zəkasına, onun müdrük siyasətinə olan böyük inam, ümid və etibar idi. Bu sarsılmaz inamla onlar YAP-ın sıralarında böyük bir orduya çevrildilər».
N.Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin hər bir qadın üçün örnək olduğunu deyib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin Azərbaycan qadınları tərəfindən birmənalı şəkildə dəstəkləndiyini vurğulayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP Qadınlar Şurasının sədr müavini Sevinc Fətəliyeva, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, millət vəkili Dilarə Cəbrayılova, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında partiyanın yaranma tarixindən danışıb və xalqımız qarşısında xidmətlərindən ətraflı bəhs ediblər.
Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.