Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilmişdir

14 noyabr 2017 | 16:00

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, veteranlar, ictimaiyyət nümayəndələri və tur-aksiyanın iştirakçıları iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə, Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədi ilə Mərkəzin sifarişi ilə hazırlanmış “Xilaskar” filmini izlədilər.
Mərkəzin Elektron lektoriya zalında Suraxanı məktəblilərinin “Ölkəmizi tanıyaq” tur-aksiyalarda  iştiraklarından bəhs edən video-çarx nümayiş olundu.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tövsiyəsinə əsasən, Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan maarifləndirici tur-aksiyaların keçirilməsi gözəl ənənə halı almışdır. Ötən 4 il ərzində 7 istiqamət üzrə 7 tur-aksiya təşkil edilmişdir.
Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 13 min 648 nəfər iştirak edib. Bu il noyabr ayının 11-14 və 16-19 tarixlərini əhatə edən növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 78 şəhər və rayondan 3213 nəfər 9-11-ci sinif şagirdi iştirak edir. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı, ümumilikdə, 17 minə çatır. Onlardan 299 nəfəri Suraxanı məktəbliləridir.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Suraxanı rayonunun 40 nümunəvi şagirdi bu tur-aksiyada 16-19 noyabr tarixlərində Gəncə-Şəmkir-Göygöl istiqamətində səfər edəcəklər.
Onlar qədim Nizami yurdu olan Gəncənin, Şəmkirin, Göygölün yeni xəritəsində öz əksini tapan müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, yaraşıqlı prospektləri, park və xiyabanları, sosial-iqtisadi və mədəni həyatı, Gəncə şəhərinin tarixi məkanları – Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamamı, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsi ilə tanış olacaqlar.
Həmin yerlərlə tanışlıq məktəblilərin yaddaşlarında silinməyən bir iz qoyacaqdır.
İlqar Abbasov qeyd etmişdir ki, illər ötdükcə müstəqil Azərbaycanımız, dövlətçiliyimiz daha da güclənir. Azərbaycanda daxili ictimai-siyasi sabitlik, həmrəylik güclənir, sosial-iqtisadi sahələr inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Bütün bunların nəticəsində də ölkəmiz yeni-yeni uğurlar qazanır.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası gözəl nəticələr verməkdədir. Bu strategiya xalqımızın firavanlığını təmin etməkdədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev neft strategiyasının bəhrələrindən ölkəmizin hər bir sahəsinin inkişafı, o cümlədən qeyri-neft sektorunun inkişafı üçün istifadə edir, bu yöndə səmərəli siyasət həyata keçirir.
Neft kapitalının insan kapitalına çevrilməsi ideyasının müəllifi də möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.
“Əsrin müqaviləsi” adını almış neft kontraktının vaxtının uzadılması gələcək inkişafımız üçün çox əhəmiyyətlidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin vurğuladığı kimi:  “Əsrin müqaviləsi”nin uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində ölkəmizin maddi imkanları daha da genişlənəcək”.
TAP və TANAP layihələrinin uğurla icra olunması, bu günlərdə Bakı-Tibilisi-Qars dəmir yolunun istifadəyə verilməsi də Azərbaycan insanının xoş, firəvan yaşamasına xidmət edir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz, nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir iri layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. 2013-cü ilin fevral ayında ilk telekommunikasiya peyki olan “Azerspace-1”in  kosmik fəzaya buraxılması, 2012-ci ildə Azərbaycan “Eurovision-2012” möhtəşəm musiqi yarışmasının, “Bakı 2015” I Avropa Oyunlarının,  2016-cı ildə 500 milyon auditoriyası olan  “Formula-1” Avropa Qran-prisinin, Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula-2 yarışının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin nə qədər nüfuz sahibi olduğunun göstəricisidir. 
İlqar Abbasov xüsusi vurğulamışdır ki, mohtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına göstərdikləri qayğı, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz tibbi müayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, müharibə veteranlarına, Qarabağ əlillərinə, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımıza, imkansız ailələrə, internat, uşaq və qocalar evlərində yaşayanlara qayğısı hər birimizin göz önündədir.
Gənclərin hərbi vətənpərvərlik ruhunda yetişməsi dövlət siyasətinin əsasını təşkil edir. 2016-cıilin Aprel döyüşlərində biz bunun şahidi olduq. Həmin döyüşlərdə Azərbaycan ordusunun qazandığı tarixi qələbə “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulmasına böyük zəmin yaratdı. Biz artıq işğal altında olan ərazilərimizə qayıdırıq. Bütün bunlarla hər birimiz qürur duyuruq.
Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova, ötən ildəki tur-aksiyanın iştirakçısı 85 nömrəli məktəbin şagirdi Aydan Şərifzadə, Bülbülə qəsəbə Ağsaqqallar şurasının sədri Miqzəağa Quliyev, valideyn Vüsalə Vəliyeva, tur-aksiya iştirakçısı 281 nömrəli məktəbin şagirdi Şəbnəm Bağırova çıxış edərək gənc nəslin tərbiyəsinə, onların savadlı, vətənpərvər böyüməsinə və fiziki inkişafına göstərdiyi diqqətə, qayğıya, şagirdlər üçün yaradılan bu şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Digər şəkillər /gallery/27.html

Keçidlər