Suraxanı rayonunda 2013-ü ilin 1-ci rübünün nəticələri müzakirə olunmuşdur
Şura iclasında məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov aprel ayının 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqinin bəzi məqamlarına toxundu, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha iclas iştirakçılarının diqqətinə çatdırdı. Bildirildi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının bütün sahələrində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı dəyərli tapşırıq və tövsiyələri yerlərdə əsl fəaliyyət proqramı kimi qəbul olunmuşdur.
Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Suraxanı rayonunda da ötən dövr ərzində Dövlət və yerli Proqramlarının yerinə yetirilməsi işləri uğurla davam etdirilmişdir.
2013-cü ilin 1-ci rübündə rayonun sənaye müəssisələri tərəfindən 75,9 milyon, tikintidə 9,1 milyon manat (+6,5%), nəqliyyatda 3,2 milyon manat (+6,5%) həcmində iş görülmüş, əsas kapitala 5,1 milyon manat investisiya yönəldilmiş, pərakəndə ticarət dövriyyəsi 61,7 milyon manat (+3,7%) təşkil etmiş, 683 yeni iş yeri yaradılmış, orta aylıq əmək haqqı 561 manata (+12,9%) çatdırılmış, rayon əhalisi 207,6 min nəfər təşkil etmiş, 2012-ci ilin müvafiq dövrünə nisbətən artım 1,5% olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda rayon üzrə nəzərdə tutulmuş 102 tədbirin 34-ü tam icra olunmuş, 50-nin icrasına başlanılmış, 18-nin icrasına başlanılmamış, icrasına başlanılan və başa çatdırılan tədbirlər proqramın 83,3 faizini təşkil etmiş, həmin Proqramın “Əlavə Tədbirlər Planı"nda nəzərdə tutulmuş 48 tədbirin 7-nin icrasına başlanılmış və onlar proqramın 14,6 faizini təşkil edir.
2013-cü ilin 1-ci rübündə rayonda 9250 p.m. qaz xətti, 645 p.m su xətti çəkilmiş, 3828 ədəd "Smart-kart" tipli elektron qaz sayğacı, 2020 ədəd su sayğacı, 3 Kompleks Transformator Məntəqəsi quraşdırılmış, 6986 p.m. kabel xətti və 1292 p.m. naqil çəkilmiş, 75,0 min kv.m. asfalt örtüyü salınmış, 3 istilik qazanxanasının tikintisinə başlanılmışdır.
85 saylı orta məktəb üçün yeməkxana, laboratoriya, idman və akt zalının tikintisi, 2 uşaq bağçasında əsaslı təmir işləri başa çatdırılmış, “Gənclər evi”nin, Rayon Polis İdarəsinin yeni inzibati binasının, 84 saylı orta məktəbin yerində yeni 960 şagirdlik məktəb binasının, 2 saylı Bərpa Xəstəxanasının köhnə binasının yerində yeni xəstəxana binasının, 1000 şagird yerlik 2 əlavə tədris korpusunun, idman zalının, 1 xəstəxananın, 6 uşaq bağçasının, 2 poliklinikanın, 2 saylı uşaq evinin və 1 Tibbi sanitar hissəsinin əsaslı təmiri işləri davam etdirilmiş, şahmat məktəbinin tikintisinə başlanılmışdır.
Zığ qəsəbəsində qəza nəticəsində yararsız vəziyyətə düşmüş yaşayış binasının əvəzinə RİH tərəfindən 5 mərtəbəli, 2 girişli, 25 mənzilli yaşayış binasının tikintisi başa çatdırılmış və sakinlərin evlərə köçürülməsinə başlanılmışdır.
Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən birgə icra edilən “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi” çərçivəsində Zığ və Bülbülə qəsəbələrində, Yeni Günəşli yaşayış sahəsində əvvəllər mövcud olmuş məişət tullantıxanaları təmizlənmişdir.
22 fevral tarixdə Sahibkarlığa Kömək Milli Fondu və RİH-in birgə təçkilatçılığı və 120 nəfər sahibkarın iştirakı ilə növbəti 5-ci kredit yarmarkası keçirilmişdir.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, bu ilin mart ayının 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva rayonumuzu şərəfləndirərək “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğuna gəlmişlər.
Burada 2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işlərinin aparıldığı və 7 ay ərzində başa çatdırıldığı cənab Prezidentin diqqətinə çatdırılmış, cənab Prezident aparılan bərpa və yenidənqurma işləri ilə yaxından tanış olmuş və müvafiq tapşırıqlarını vermişdir.
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi işi daim rayonun dövlət orqanlarının diqqət mərkəzindədir.
Belə ki, 2013-cü ilin 1-ci rübü ərzində Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 174 ailəyə yeni sosial müavinət, 668 ailəyə ünvanlı sosial yardım, 424 yeni doğulmuş uşağa 33,1 min manat birdəfəlik müavinət təyin edilmiş, bütövlükdə bu dövr ərzində 1,1 milyon manat sosial müavinət və 1,3 milyon manat sosial yardım ödənilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən rüb ərzində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 344,5 min manat vəsait toplanmış, artım 63,0 faiz təşkil etmiş, 271 nəfərə pensiya təyin edilmiş, bu dövr ərzində 26797 nəfər təqaüdçüyə 13,1 milyon manat pensiya ödənilmiş, orta aylıq pensiya məbləği 162 manata çatdırılmış, artım 9,4 faiz təşkil etmişdir.
2013-cü ilin 1-ci rübü ərzində Rayon Məşğulluq Mərkəzinə 286 nəfər müraciət etmiş, 160 nəfər, o cümlədən kvota üzrə 5 nəfər işlə təmin olunmuşdur.
Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında 1-ci rüb ərzində rayon əhalisinə 260 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
Ötən dövr ərzində vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılmış, onların problemlərinin həllinə hərtərəfli köməklik göstərilmişdir.
2013-cü ilin I rübü ərzində Rayon İcra Hakimiyyətinə 1034 vətəndaş müraciəti daxil olmuşdur.
Müraciətlərin böyük hissəsi fərdi yaşayış evlərinin tikintisi, layihələrinin təsdiqi, ilkin hüquqi qeydiyyata alınması, mənzil növbəsinə götürülmə, mənzil və torpaq sahəsi ilə təmin olunma, su və kanalizasiya xətlərinin çəkilməsi, küçə və yolların asfaltlanması, maddi köməklik göstərilməsi, ünvanlı sosial yardım verilməsi və s. məsələlərlə bağlıdır.
2013-cü ilin 1-ci rübündə Rayon İcra Hakimiyyətində 575 nəfər, o cümlədən RİH başçısı tərəfindən 184 nəfər vətəndaş qəbul edilmiş, qəsəbələrdə sakinlərlə 12 səyyar görüş-qəbul keçirilmiş, qəbullarda 837 nəfər sakin iştirak etmiş, qaldırılan məsələlərin əksəriyyəti müsbət həll edilmişdir.
RİH başçısının yanında Şuranın iclaslarında rayonun sosial-iqtisadi həyatına, hərtərəfli inkişafına dair məsələlər mütəmadi müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.
Ötən dövr ərzində də təsdiq edilmiş tədbirlər planlarına əsasən rayonda bir çox ictimai-siyasi tədbir keçirilmiş, bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 41 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 9,5 min istifadəçi faydalanmış, Mərkəzdə 2013-cü ilin 1-ci rübü ərzində 4 ümumrayon tədbiri keçirilmişdir.
Məruzə ətrafında çıxışlar olmuşdur.
Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirdi ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü ərzində davam etdiriləcək, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.
Suraxanı rayonuna göstərilən diqqət və qayğıya görə İlqar Abbasov rayon sakinləri adından bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi və dövlətimizin başçısını əmin etdi ki, rayonun əmək kollektivləri və sakinləri həmişə olduğu kimi, yenə də Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, qazanılmış uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaqlar.
Hesabat yığıncağında Milli Məclisin deputatları Ağacan Abıyev və Fərəc Quliyev iştirak etmişdir.