Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Dindarlıq və vətəndaşlıq” mövzusunda növbəti maarifləndirici tədbiri keçirilib

25 oktyabr 2017 | 16:00

25 oktyabr 2017-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə Hövsan qəsəbə ziyalılarının, ictimaiyyət nümayəndələrinin, gənclərin iştirakı ilə 118 saylı tam orta məktəbin akt zalında  “Dindarlıq və vətəndaşlıq” mövzusunda maarifləndirici tədbir keçirmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Hətəm Gülməmmədov, Pərvin Nuriyeva, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov qeyd etdi ki, Azərbaycanın  coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrlərdən burada fərqli dinlərin mövcudluğuna şərait yaratmışdır. Ölkəmizdə mövcud olan tolerantlıq və multikultural dəyərlər tarixlərə söykənən bir reallıqdır və dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ölkəmiz dünyəvi, demokratik, hüquqi, unitar dövlət olmaqla yanaşı, həm də öz milli-mənəvi dəyərlərinə söykənən dövlət kimi dünyada öz sözünü deyir.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəldikdən sonra Müstəqil Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında əhəmiyyətli işlər görülmüşdür. Ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində Ulu Öndərin gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açmış və dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradılmışdır.
Rəşid Məmmədov vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti var. İslam həmrəyliyi deyəndə biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu ideyaya daxil etdiyi son dərəcə həssas və dərin mətləbləri nəzərə almalıyıq. İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Dövlətimizin başçısının Azərbaycanı bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün vacib siyasi, ideoloji, mənəvi addımdır. Bu gün Azərbaycan tolerantlıq və İslam həmrəyliyinin mərkəzinə çevrilmişdir. Biz belə bir ölkənin vətəndaşlarıyıq. Gələcək nəsil belə bir ölkədə yetişir. Bizim vəzifəmiz dövlətçilik ənənələrimizi qorumaq, onu inkişaf etdirmək, zənginləşdirmək,  gələcək nəslə ötürmək və sarsılmaz mövqeyi olan Azərbaycan vətəndaşı yetişdirməkdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Hətəm Gülməmmədov, Pərvin Nuriyeva, 118 saylı tam orta məktəbin direktoru Nizaməddin Ağcayev çıxış etdilər. Tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı.
  Sonda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəadət” filmi nümayiş olundu.

Keçidlər