Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında ilk xalını qazanıb
Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində oktyabrın 18-də Bakı Olimpiya Stadionunda İspaniyanın “Atletiko Madrid” komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, fransalı baş hakim Ruddi Buquetin idarə etdiyi oyun qolsuz heç-heçə ilə başa çatıb və “Qarabağ” komandası UEFA Çempionlar Liqasında ilk xalını qazanıb.
Ağdam təmsilçisinin start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli və Bədavi Hüseynov çıxıblar.
Madridlilərin ilk onbirliyində isə Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Antonio Qrizman, Saul Nigez, Yannik Karrasko, Qabi, Şime Vrsaliko, Kevin Qameyro, Nikolas Qaytan və Xose Mariya Ximenes yer alıblar.
UEFA Çempionlar Liqasında keçirdiyi əvvəlki oyunlara nisbətən bu görüşdə daha inamlı təsir bağışlayan “Qarabağ” rəqibin qapısı qarşısında ilk təhlükəli vəziyyəti matçın 4-cü dəqiqəsində yaradıb. Ağdamlıların sürətli hücumu zamanı cərimə meydançasına daxil olan Pedro Enrikenin Dino Ndlovuya ötürməsinə son anda müdafiəçilər mane olublar. Matçın 12-ci dəqiqəsində komandamızın sürətli əks-hücumu zamanı Mahir Mədətovun ötürməsindən sonra Riçard Almeydanın vurduğu top müdafiəçilərə toxunaraq meydandan çıxıb.
Oyunun 24-cü dəqiqəsində Antuan Qrizmanın ötürməsindən sonra Kevin Qameyro “Qarabağ”ın qapıçısı ilə təkbətək qalsa da, İbrahim Şehiç hücumçunu qabaqlayaraq topu götürə bilib. Bir dəqiqə sonra Nikolas Qaytanın vurduğu top qapının üstündən keçib. Matçın 27-ci dəqiqəsində isə İbrahim Şehiç qonaqların hücumçusu Karrasko ilə dueldən qalib ayrılaraq qola mane olub.
Görüşün 32-ci dəqiqəsində “Qarabağ”ın növbəti əks-hücumu zamanı Dino Ndlovunun Mahir Mədətova ötürməsindən sonra rəqibin qapısı qarşısında yaranan təhlükəni müdafiəçilər son anda sovuşdura biliblər. Bir dəqiqə sonra Mahir Mədətovun qüvvətli zərbəsindən sonra top müdafiəçilərə toxunaraq meydanı tərk edib.
Qarşılaşmanın 39-cu dəqiqəsində İbrahim Şehiç A.Qrizmanın fərqlənməsinə imkan verməyərək komandasını növbəti dəfə qoldan xilas edib.
Komandaların səylərinə baxmayaraq, matçın ilk hissəsində hesab açılmayıb.
“Atletiko Madrid” futbolçuları ikinci hissədə təşəbbüsə yiyələnsələr də, ilk təhlükəli vəziyyəti komandamız yaradıb. Oyunun 63-cü dəqiqəsində Mahir Mədətovun ötürməsindən sonra Dino Ndlovunun vurduğu topu rəqib komandanın qapıçısı tutub. Bir dəqiqə sonra Miçelin ötürməsindən sonra qonaqların cərimə meydançasına daxil olan Pedro Enrikenin zərbəsi bir qədər dəqiq olmayıb.
Matçın 75-ci dəqiqəsində ağdamlılar hakimin ədalətsiz qərarı ilə üzləşərək meydanda sayca azlıqda qalıblar. Rəqibin cərimə meydançasında Dino Ndlovunun sürətli hücumunun qarşısının kobudluqla alınmasına baxmayaraq, hakim futbolçumuzu “cəzalandırıb”. İkinci sarı vərəqə alan Dino Ndlovu stadionu tərk etməli olub.
Bundan sonra qonaqlar təzyiqi daha da artırıblar. Oyunun 83-cü dəqiqəsində A.Qrizmanın zərbəsindən sonra İ.Şehiç topu dəf etsə də, tuta bilməyib. Qonaqların davam etdirdiyi hücumu Fernando Torres başla tamamlasa da, zərbəsi qapının üstündən keçib.
Matçın 90-cı dəqiqəsində İbrahim Şehiçin ötürməsindən sonra “Qarabağ”ın yeni transferi Tarık Elyunussinin qüvvətli zərbə endirdiyi top qapıdan bir qədər aralı keçib.
Beləliklə, meydanda sayca azlıqda qalmasına və rəqibin artan təzyiqinə baxmayaraq, “Qarabağ” komandası qapısını toxunulmaz saxlayaraq UEFA Çempionlar Liqasında ilk xalını qazanıb.
“Atletiko Madrid” isə üç turdan sonra iki xalla turnir cədvəlində üçüncü sırada qərarlaşıb.
Ağdamlılar qrup mərhələsinin dördüncü turunda səfərdə “Atletiko Madrid”in qonağı olacaqlar.