Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 2017-ci ilin 9 ayına yekun vuruldu

13 oktyabr 2017 | 16:00

Suraxanı rayonunda 2017-ci ilin 9 ayına yekun vuruldu

13 oktyabr 2017-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ciı ilin doqquz ayının social-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrə və Suraxanı rayonu üzrə doqquz ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin Konfrans zalında keçirilən hesabat yığıncağında Rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov Nazirlər Kabinetinin iclasında dövlət başçısının proqram xarakterli nitqində vurğulanmış önəmli məsələlər və görülən işlər barədə yığıncaq iştirakçılarına məlumat verdi.
Rayon rəhbəri daha sonra ötən 9 ayda rayonda görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə danışdı. Doqquz ayın sosial-iqtisadi yekunları barədə məlumat verən rayon rəhbəri qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da cari ilin doqquz ayında  sürətli sosial-iqtisadi inkişaf davam etdirilmiş, bir çox işlər görülmüş və nailiyyətlər əldə olunmuşdur. Cari ilin 9 ayında Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 229,9 milyon manat, tikinti-quraşdırma işləri 24,0 milyon manat, nəqliyyat xidmətləri 11,7 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 25,9 milyon manat, kənd təsərrüfatı 4,9 milyon manat, pərakəndə ticarət dövriyyəsi 235,8 milyon manat, orta aylıq əmək haqqı 590 manat təşkil etmiş, əhaliyə  118,2 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş,  3684 yeni iş yeri açılmışdır.
Rayon infrastrukturunun yenidənqurulması davam etdirilmiş, 18,3 km. yeni qaz kəməri çəkilmiş və ya əsaslı təmir olunmuş, müxtəlif diametrli borularla  9888,0 p.m. su və 832,0 p.m. kanalizasiya xətləri çəkilmiş, 4720,0 p.m. qəzalı su xətti dəyişdirilmiş, yüksəkgərginlikli elektrik yarımstansiyası tikilmiş, biri təmir olunmuş, Hövsan qəsəbəsində yüksəkgərginlikli elektrik yarımstansiyasının tikintisi davam etdirilmiş, 1743,0 p.m. istilik xətləri dəyişdirilmişdir.
Müxtəlif mənbələr hesabına rayonda küçələrə və məhəllədaxili ərazilərə 250,0 min kv.m. asfalt örtüyü salınmış, Qaraçuxur qəsəbəsində Etibar Bəkirli küçəsinin 2,0 km hissəsi yenidən qurulmuş, uzunluğu 12,0 km. olan Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 3,0 kilometrlik hissəsi uzunluğu 6,8 km olan Zığ-Hövsan avtomobil yolu yenidən qurulur.
Yenidən qurulan yolların ətrafının estetik görünüşünün yaxşılaşdırılması məqsədi ilə yolların ətrafında irimiqyaslı təmir-tikinti, abadlıq işləri aparılır. Yolların kənarında yöndəmsiz vəziyyətdə olan, mövcud tikinti normalarının tələblərinə cavab verməyən, ətraf ərazinin ümumi görünüşünə xələl gətirən yerüstü kommunikasiya xətləri yerin altına salınır, yeraltı kommunikasiya xətləri təmir edilir və ya dəyişdirilir, qalan hissələri nizama salınaraq rənglənir. Hal-hazırda yenidən qurulan Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 3,0 kilometrlik hissəsində “Azərsu” ASC tərəfindən qəzalı vəziyyətdə olan 2 ədəd  400,0 mm. diametrli qəzalı su xətti dəyşdirilir, layihənin davamı olaraq Yeni Suraxanı qəsəbəsi Səttar Bəhlulzadə, Atamoğlan Rzayev küçələrində yeni su xətti çəkilir. Həmin hissədə artıq 5800,0 p.m su xətti çəkilmiş və işlər davam etdirilir.
Rayonda tikinti-quraşdırma işləri davam etdirilmiş, Yeni Günəşli “D” yaşayış sahəsində “Xəzər inşaat XXI əsr” MTK, “AB” yaşayış sahəsində “Atlanta” MTK, “V” yaşayış sahəsində “İB.İN.M-İNŞAAT” MTK, Zığ qəsəbəsində “Şahinlər” MMC, Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində “Elit-R” MTK tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşası, Hövsan qəsəbəsində “Xəyal Adası” yaşayış kompleksinin salınması işləri davam etdirilmişdir.
Rayonda eyni zamanda Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36, Qəzənfər Vəliyev küçəsi 13 ünvanda yerləşən istismara yararsız 3 ədəd yaşayış binalarının əvəzinə 12 və 14 mərtəbəli yaşayış binasının tikintisi, “ATEF Şirkətlər Qrupu” MMC tərəfindən yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun, Əmircan qəsəbəsində 100 yerlik uşaq bağçasının tikintisi, Qaraçuxur qəsəbəsində Neftçilər parkının əsaslı təmiri işləri də davam etdirilmişdir.
Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20,0 ha torpaq sahəsi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilmişdir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin dəstəyi ilə Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Hövsan qəsəbəsi  Elman Qasımov küçəsində 11, Oqtay Şabanov küçəsində 4 ədəd çoxmənzilli yaşayış binasının həyətləri abadlaşdırılmış, Oqtay Şabanov küçəsi 20 və 21 saylı binaların baş fasadının qarşısında yeni park salınmışdır. Hazırda Qaraçuxur qəsəbəsi 4042/60-cı məhəllədə 4, Yeni Günəşli “Q” yaşayış sahəsində 8 binanın həyəti abadlaşdırılır.
3 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində 2, Muxtar Fətəliyev küçəsində 3, Zaur Şərifov küçəsində 1, Cəlal Qurbanov küçəsində 1 binanın həyəti, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yaşadığı Əmircan qəsəbəsi, 8/6 saylı binanın divarına onun xatirə lövhəsinin vurulması ilə əlaqədar binanın ətrafı, Zaur Şərifov küçəsində 4 ədəd binanın həyəti abadlaşdırılmış, Elxan Həsənov küçəsində yerləşən 3 ədəd yaşayış binası təmir edilmişdir.
Ümumilikdə rayonun qəsəbələrində bu dövr ərzində 20 “Nümunəvi abad məhəllə” salınmışdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilmiş, bu il həmin proqrama əsasən rayon üçün 1435 yeni iş yeri açılmış, Rayon MKTB-yə  36-sı məcburi köçkün olmaqla cəmi 568  nəfər  işaxtaran  şəxs, digər qurumlarda isə 662 nəfər vətəndaş işə qəbul edilmişdir.
“Bir bələdiyyə-azı bir layihə” proqramı çərçivəsində Hövsan, Əmircan və Bülbülə bələdiyyəsinin hər biri  bir layihə reallaşdırmışdır.
Bu dövr ərzində ekoloji məsələlərin həllinə diqqət artırılmış, Zığ və Bülbülə göllərinin ekoloji vəziyyətlərinin yaxşılaşdırılması işləri davam etdirilmiş, rayonda operator şirkətlər tərəfindən ümumi sahəsi 1,5 hektar olan 45 gölməçə müxtəlif növ tullantılardan təmizlənmiş,  lay suları və neftlə çirklənmiş 9,8 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunmuş, 33 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, həmin ərazilərdə qazon və ağaclar əkilmişdir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş iməciliklərdə rayonda 5282 ədəd ağac əkilmişdir.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi yarandığı gündən rayonun ideoloji mərkəzinə çevrilmişdir. İndiyədək Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 76 minə yaxın yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 16 mindən artıq istifadəçi faydalanmışdır. Mərkəzdə 2017-cıin 9 ayı ərzində 14 ümumrayon tədbiri, ümumilikdə isə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar ilə birgə 2009-cu ildən bəri 220 tədbir keçirilmişdir.
Fəaliyyətə başladığı gündən Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər  Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində müxtəlif layihələr reallaşdıran Suraxanı rayonu Heydər Əliyev Mərkəzi sentyabr  ayından daha bir layihəni reallaşdırmağa başlamışdır. Belə ki, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Suraxanı Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq müqaviləsi  imzalanmışdır. Razılaşmaya əsasən AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu rayon məktəblərinin 10-cu sinfində təhsil alan və gələcəkdə I qrup ixtisaslarını seçən, xüsusi istedadı ilə fərqlənən və aztəminatlı ailələrdən olalan 15 nəfər şagirdin 2017-ci il sentyabrın 15-dən 2 il müddətində institutun alimləri tərəfindən kimya fənnindən hazırlaşdırmağa başlamışlar.
2017-2018-ci dərs ilinə ciddi uğurlarla gələn Azərbaycan təhsili üçün ötən dərs ili bir sıra mühüm hadisələr, islahatyönümlü tədbirlərlə əlamətdar olub. Rayon məzunları Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında ötən illərə nisbətən daha yaxşı nəticə göstəriblər. Belə ki, 2016-2017-ci tədris ilində rayon məktəblərini bitirmiş 2005 məzundan 1578 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Sənəd verənlərdən 1111  nəfəri tələbə adını qazanmışdır. Bu da sənəd verən məzunların 70,4 faizini təşkil edir. Abituriyentlərdən 78 nəfəri 600-dən yuxarı, onlardan 29 nəfəri isə 650-dən çox bal toplamışdır. Bir məzun - 278 nömrəli tam orta məktəbin məzunu Pərvin Əhmədova ən yüksək nəticə göstərərək 700 bal toplamışdır. 6 məzun Prezident təqaüdçüsü adına layiq görülmüşdür. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 76, 87, 104, 114, 141, 146, 270, 275, 278, 279, 281, 282, 316, 318 №-li tam orta məktəblərin və XDTG məzunları daha yüksək nəticələr göstərmişdir.
2017-ci ilin 9 ayı ərzində Suraxanı Rayon Gənclər və İdman İdarəsi tərəfindən aidiyyəti Dövlət Proqramlarının icrası, Dövlət İdman Siyasətinin həyata keçirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği məqsədi ilə ümumillikdə 173 tədbir və idman yarışı keçirilmiş, bu tədbirlərdə 29193 nəfər gənc, yeniyetmə və idmançı iştirak etmişdir.
İdman bazası Suraxanı rayonunda yerləşən “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır. İşğal altında olan Ağdamı təmsil edən “Qarabağ” futbol klubunun qələbəsi hər birimizi sevindirir və qürurlandırır.
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna 2017-ci ilun 9 ayı ərzində 23 mindən çox yerli və xarici turist gəlmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur.
2017-ci ilin 9 ayı ərzində  RİH başçısı tərəfindən 456 nəfər vətəndaş qəbul edilmiş, 2180 nəfərin iştirakı ilə 38 səyyar görüş-qəbul keçirilmişdir.
Rayon əhalisinin sosial müdafiəsi diqqət mərkəzində olmuş, hesabat dövründə 8924 aztəminatlı şəxsə 5,98 milyon manat sosial müavinət ödənilmiş, 1013 ailəyə  ünvanlı dövlət sosial yardımı təyin edilmiş, Məşğulluq Mərkəzinə müraciət edənlərdən 828 nəfəri işlə təmin edilmiş, 106 nəfər peşə hazırlıq kurslarına göndərilmişdir.
Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və aidiyyəti dövlət orqanlarının iştirakı ilə rayonda ənənəvi olaraq dövlət bayramları qeyd edilmiş və müxtəlif tədbirlər keçirilmişdir.
Hesabat yığıncağında əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları də müzakirə olunmuşdur. Yığıncaqda Milli Məslisin deputatları Fərəc Quliyev, Ağacan Abiyev çıxış etdilər.
Tədbiri yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi vurğuladı:  “Dövlətimizin başçısı cənab İlham Əliyevi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri qəbul edilmiş Dövlət Proqramlarında müəyyən olunmuş  iqtisadi inkişaf hədəflərinin təmin olunması, nəzərdə tutulmuş bütün işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, qazanılmış uğurların daha da artırılması üçün əzmlə çalışacaq, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə  üzərimizə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəyik.”

Keçidlər