Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Beynəlxalq Müəllimlər günü” təntənəli qeyd edildi

05 oktyabr 2017 | 16:00

Suraxanı  rayonunda  “Beynəlxalq Müəllimlər  günü” münasibəti  ilə  geniş  tədbir  keçirilmişdir. Rayon  ərazisində  yerləşən  təhsil  müəssisələrində   çalışan  təhsil  işçilərinin  bir  qrupunun  qatıldığı  tədbirdə  ali məktəblərə  qəbul  imtahanında  yüksək  nəticə  göstərən  rayon  məzunları  da  iştirak  ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə tər güllər qoymuşlar. Sonra  Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında tədbir keçirilmişdir.
Tədbiri  giriş  sözü  ilə  açan  Rayon  İcra  Hakimiyyətinin  başçısı  İlqar  Abbasov   bildirmişdir  ki, müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. Əsası Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 14 ildə milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişiklikləri baş vermişdir. Müasir dövrün tələblərinə cavab verən fəal maarifçilik kursu həyata keçirilir. Mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sistemi müasirləşdirilir. Dünya təhsil məkanına inteqrasiya ölkəmizdə reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi qara qızılın insan kapitalına çevrilməsi işi uğurla davam edir. Qəbul edilmiş Dövlət Proqramları, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirtdiyi   “Yeniləşən  Azərbaycana   yeni   məktəb”   Proqramı  və digər irimiqyaslı layihələr təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə, təhsilin inkişafına və keyfiyyətinin artırılmasına davamlı öz töhfəsini verir.
2017-2018-ci dərs ilinə ciddi uğurlarla gələn Azərbaycan təhsili üçün ötən dərs ili bir sıra mühüm hadisələr, islahatyönümlü tədbirlərlə əlamətdar olub. Təhsil islahatlarının daha da dərinləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son illər başlanan işlər daha qətiyyətlə davam etdirilib, bir sıra yeni layihələrə start verilib, təhsil sistemimizin dünya təhsil məkanına daha sıx inteqrasiyası yönündə uğurlu addımlar atılıb. Ötən tədris ili nailiyyətlərlə zəngin il kimi yaddaşlara həkk olub.
İlqar Abbasov vurğulamışdır ki, dövlətimizin başçısı cənab İlham Əliyev Bilik günündə Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışında məktəbin müəllim və şagird kollektivi ilə görüşündə qeyd edib ki, həm müəllimlər, həm də valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsular. Çünki əgər milli dəyərlərimizdə hər hansı bir sarsıntı yaranarsa, bu cəmiyyətimizin əsaslarını, sütunlarını sarsıdar. Milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır.
Rayon rəhbəri xüsusi qeyd etmişdir ki, 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunmuşdu. Məqsəd uşaq və gənclərə. Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatların verilməsi idi. Uşaqları vətənpərvərlik ruhunda tərbiyə edilməsində belə dərslərin tədrisinə böyük ehtiyac var.
İlqar Abbasov qeyd etmişdir ki, təhsilə göstərilən dövlət qayğısı Suraxanı rayonundan da yan keçməyib. Suraxanı rayonunda son 14 ildə 5920 şagird yerlik 7 məktəb binası, şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 14 məktəb üçün 7340 şagird yerlik 17 əlavə  tədris korpusu tikilmiş, 26372 şagird yerlik 23 məktəb binası əsaslı təmir olunmuşdur.
Hazırda Suraxanı rayonunda yerləşən təhsil müəssisələrində 39624 şagirdin təlim-tərbiyəsi ilə 3230 müəllim məşğul olur.
2016-2017-ci tədris ilində isə rayon məktəblərini 2005 şagird bitirib, onlardan 1977 nəfəri attestat alıb. 1578 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Sənəd verənlərdən 1111  nəfəri tələbə adını qazanmışdır. Bu da sənəd verən məzunların 70,4 faizini təşkil edir. Abituriyentlərdən 78 nəfəri 600-dən yuxarı bal toplamışdır. 650-dən çox bal toplayan məzunların sayı 29 nəfərdir.
278 saylı tam orta məktəbin məzunu Pərvin Əhmədova ən yüksək nəticə göstərərək 700 bal toplamışdır. 6 məzun Prezident təqaüdçüsü adına layiq görülmüşdür.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 76, 87, 104, 114, 141, 146, 270, 275, 278, 279, 281, 282, 316, 318 №-li tam orta məktəblərin və XDTG məzunları daha yüksək nəticələr göstərmişdir.
Rayon rəhbəri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər  Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində müxtəlif layihələr reallaşdıran Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi sentyabr  ayından daha bir layihəni reallaşdırmağa başlamışdır. Belə ki, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Suraxanı Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq müqaviləsi  imzalanmışdır. Razılaşmaya əsasən AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu rayon məktəblərinin 10-cu sinfində təhsil alan və gələcəkdə I qrup ixtisaslarını seçən, xüsusi istedadı ilə fərqlənən və aztəminatlı ailələrdən olalan 15 nəfər şagirdin 2017-ci il sentyabrın 15-dən 2 il müddətində institutun alimləri tərəfindən kimya fənnindən hazırlaşdırılırlar.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Bəşarət Məmmədli, 278 nömrəli  tam orta məktəbin direktoru Məlahət Əliyeva, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında yüksəkbal toplayan Prezident təqaüdçüləri Pərvin Əhmədova, Səidə İsmayılova, Aysel Ibrahimova, valideyn Vasif Ibrahimov təhsilə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildirdilər.
Bir qrup təhsil müəssisəsinin kollektivi və təhsil işçiləri, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən məzunlar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildilər, onlara qiymətli hədiyələr verildi.
Sonda şagirdlərin ifasında bədii hissə göstərildi.

Keçidlər