Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda “Beynəlxalq Ahıllar günü” münasibəti ilə tədbir keçirilmişdir

03 oktyabr 2017 | 16:00

Suraxanı rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Ahıllar günü” münasibəti ilə tədbir keçirilmişdir.
Rayonda yaşayan ahıl insanlar üçün “Halal süfrə ” şadlıq evində təşkil edilmiş mərasimdə  çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev qeyd etmişdir ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmişdir və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Hər il “Beynəlxalq Ahıllar günü” ölkəmizin hər yerində olduğu kimi Suraxanı  rayonunda da yüksək səviyyədə qeyd olunur.
Ölkəmizdə ahıllarla bağlı dövlət siyasəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ahıl insanların sosial müdafiəsinin təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğı əsasında formalaşıb. Dövlətimiz ahıllara həmişə xüsusi diqqət və qayğı göstərir. Ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi, onların layiqli həyat şəraitinin təmin edilməsi Azərbaycan dövlətinin daim diqqətindədir. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət də məhz ölkə vətəndaşlarının rifahı üçündür.
Dövlətimizin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarına, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə qəbul edilmiş Dövlət Proqramına və digər sənədlərə əsasən ahılların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Arzərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva ahılların ən böyük qayğıkeşidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ahıllarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar günündə bu qəbildən olan insanlar üçün müxtəlif tədbirlər təşkil olunur:
Bu gün Azərbaycan ahıllarla bağlı milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin həyata keçirildiyi, ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması üçün məqsədyönlü işlərin aparıldığı, ahıllara hörmət və ehtiramla yanaşılan ölkələrdən biridir. Ahıl vətəndaşlara dövlət qayğısının artırılması, onların sosial müdafiəsinin, habelə pensiya təminatının gücləndirilməsi sahəsində ardıcıl addımlar atılır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev cari ilin əvvəlində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatında (Qocalar evi) aparılan əsaslı təmir və geniş yenidənqurma işləri ilə tanışlıqdan sonra ahıllarla görüşdə Azərbaycan cəmiyyətində bütün dövrlərdə ağsaqqallara, ağbirçəklərə böyük hörmət olduğunu və dövlətimiz tərəfindən bu ənənələrin yaşadıldığını vurğulayıb: “Güclü sosial siyasət bundan sonra da davam etdiriləcəkdir. Xüsusilə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə daim diqqət göstərilməlidir və göstəriləcəkdir. Belə gözəl müəssisələrin yenidən qurulması və bütün işlərin müasir səviyyədə təşkili Azərbaycan dövlətinin siyasətini və iradəsini əks etdirir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, Azərbaycan insanıdır”.
Ölkəmizdə son illər vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin, o cümlədən ahılların sosial müdafiəsinin təkmilləşdirilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində davamlı işlər görülür.
Azərbaycanda 451 min nəfər ahıl şəxs yaşayır. 244 nəfər ahıl dövlət təminatında yaşayır. 12 min nəfərdən çox ahıla evlərində sosial xidmət göstərilir.
Suraxanı rayonunda hazırda 70 yaşından yuxarı 5670 nəfər yaşayır. Onların hamısı dövlət  tərəfindən təqaüdlə təmin olunmuşlar və  çoxu ailələrdə yaşayırlar. 
        Rayonda yaşayan tənha və başqasının köməyinə ehtiyacı olan ahıl insanlara evdə qulluq həyata keçirilir.  
Hazırda rayonda  187  kimsəsiz ahıl insan yaşayır. Onlardan 146 nəfəri qadın, 41 nəfəri isə kişidir. Bu insanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qeydiyyata alınmış, onlara xidmət olunur  və həyat  tərzinə nəzarət edilir.
Qəsəbələrdə yerləşən poliklinikalar və xəstəxanalarda həkimlər tərəfindən ahıl vətəndaşların sağlamlığı nəzarətdə saxlanılır, onların dispaserizasiyasına xüsusi diqqət   göstərilir.
Ahıl insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün rayonda 8 “Veteranlar guşə”si tikilib istifadəyə verilmişdır.
Yaşlı nəslin problemlərinin həlli Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır.  Problemlərin həllinə rayonda fəaliyyət göstərən ictimai birlik və cəmiyyətlər cəlb olunurlar. Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin  rayon bölməsi, rayon Veteranlar  Şurası,  rayon Ağsaqqallar  Şurası  fəallıqları ilə fərqlənirlər.
Daha sonra tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri Şahalı Cəbiyev, Suraxanı Rayon Ağsaqqallar Şurasının üzvləri Mirzəağa Quliyev, Müseyib Bağırov, Rayon Əlillər cəmiyyətinin sədri Tahir Dəmirçiyev,  Böyük Vətən Müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, ahılllar çıxış etdilər.
Çıxış edənlər bu zümrədən olan  insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışdılar, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər