“Mənim yay tətilim-2017” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılacaq
AZƏRTAC
Oktyabrın 6-da Bakı Xətai Sənət Mərkəzində “Mənim yay tətilim-2017” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək sərginin məqsədi məktəblilərin yay tətili xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirməkdən ibarətdir. Sərgidə 120-dək balaca rəssamın 150-dən çox sənət əsəri nümayiş olunacaq.
Qeyd edək ki, 15 yaşadək fırça ustasının qatıldığı müsabiqədə iştirakçıların öz təxəyyülü ilə yaratdıqları əsərlərə üstünlük verilib.
Bu müsabiqədə əsasən Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbi, Şəki şəhər Uşaq Rəssamlıq Məktəbi, Zığ qəsəbəsi Mədəniyyət Evi uşaq rəssamlıq kursu, Xırdalan qəsəbəsində yerləşən “Uğur” Tədris Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, eləcə də Qax, Binəqədi, Suraxanı, Sabunçu və digər rayonlardan olan məktəblilər fəallıq göstəriblər.