Ötən ilin müvafiq dövrü ilə müqayisədə “Atəşgah məbədi”nə gələn turistlərin sayında artım var
Son on dörd ildə ölkə həyatının bütün sahələri kimi, milli turizm sənayesinin də inkişafı istiqamətində mühüm addımlar atılıb. Ölkədə yaradılan müasir infrastruktur – rahat yollar, brend otellər, istirahət və əyləncə kompleksləri, sağlamlıq və spa mərkəzləri müxtəlif ölkələrdən turistlərin Azərbaycana gəlməsinə şərait yaradır. Azərbaycanın əsrarəngiz təbiəti, zəngin mətbəxi, ən əsası isə ölkəmizdə mövcud olan daxili sabitlik, yüksək səviyyədə ev sahibliyi etdiyimiz forumlar, festivallar, idman yarışları, simpoziumlar dünyanın fərqli guşələrindən insanları bu qonaqpərvər diyara cəlb edir.
Son bir neçə ildə turizmin sistemli şəkildə tərəqqisini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanması, Azərbaycan Turizm Şurasının, Milli Turizm Təbliğat Bürosunun yaradılması, habelə Bakıda ilk dəfə olaraq Şopinq festivalın keçirilməsi ölkə rəhbərliyinin bu sahəyə diqqətinin bariz nümunəsidir. Turizm sənayesinin inkişafına yaradılan şərait ölkəmizə turist axının ildən-ilə artmasına səbəb olub.
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna 2017-ci ilun 9 ayı ərzində 23 mindən çox yerli və xarici turist gəlmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur.
“Atəşgah məbədi”nə gələn yerli və xarici turistlər böyük maraqla tarixi abidə ilə tanış olurlar.