Suraxanıda “31 mart Azərbaycanlıların Soyqırımı Günü” qeyd edilmişdir
01 aprel 2013 | 15:00
Rayonda “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində elektron lektoriya zalında 27-30 mart tarixlərində rayonda təhsil alan şagirdlərə Azərbaycanlıların Soyqırımı haqqında filmin nümayişi təşkil etdirilmiş, ermənilərin törətdiyi dəhşətli cinayət hadisələri bir daha şagirdlərin diqqətinə çatdırılmışdır. Rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərində “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şagirdlərin çəkdikləri rəsmlərin sərgisi təşkil olunmuşdur.
30 mart tarixində Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon Təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanmış erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətindən bəhs edən filmə baxdılar.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu təqvim son iki yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il 30 martın – 2 apeldə Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar.
Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti qurmaqdır.
Xəbis niyyətlərindən əl çəkməyən erməni daşnakları müharibədən sonrakı mərhələlərdə də Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyasına nail olmuşlar. 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixinin ən müdhiş hadisələrindən biri Xocalıda baş vermiş soyqırımıdır.
Soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir.
1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.
Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu bu faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönümündə çox ciddi layihələr reallaşdırır.
YAP Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov çxışında qeyd etdi ki, XX əsrdə azərbaycanlılara qarşı mərhələlərlə vəhşiliklər törədilmiş, onlar zorla köçürülmüş və repressiya olunmuşdurlar. Bu siyasət tarixin müxtəlif mərhələlərində dünya dövlətlərinin bir çoxunun planlarına uyğun gəldiyindən daima ermənilərə havadarlıq etmişlər. Soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən törədilən vəhşilik və ciyanətlərin miqyası, metodologiyası insanı dəhşətə gətirir. 31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fərəc Quliyev, YAP Gənlər Birliyinin sədri Seymur Orucov və digər çıxışçılar erməni millətçilərinin xalqımızı başına gətirdikləri vəhşiliklər haqqında danışdılar.
Tədbiri rayon rəhbəri İlqar Abbasov bu sözlərlə yekunlaşdırdı: Soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək soyqırımı qurbanlarının xatirəsi qarşısında hər birimizin müqəddəs borcu olmalıdır. Vaxt gələcək dünya birliyi ermənilərin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğu qənaətini qəbul edəcək və Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcəkdir.