44 günlük Vətən müharibəsində canından keçərək Şəhidlik məqamına yüksəlmiş igid oğullarımızdan biri Şahbazov Elnur Qədir oğlunun bu gün 21 yaşı tamam olur
20 avqust 2022 | 10:09
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavini Könül xanım Axundova və şöbə müdirləri, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və nümayəndələri, rayon ictimaiyyəti, Şəhid ailələri, Şəhidin doğmaları, Azərbaycan paraolimpiyalı cüdoçu İlham Zəkiyev, Vətən müharibəsi qəhramanı İzzət Balacayev və digər qonaqlar iştirak etmişlər.
Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov bildirdi ki, Azərbaycan xalqının tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ildən bəri yaşadığımız yurd itkisinə son qoymaqla hamımıza sonsuz sevinc, ölkəmizə ümummilli təntənə bəxş etdi. Dəmir yumruğa çevrilmiş nəhəng güc hesabına qazandığımız bu misilsiz qələbə əvvəlki faciələrimizin ağrı-acılarını bizlərə ovutdurdu. Həmçinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü sayəsində düşmən tapdağından azad edilmiş torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanı, hər birinin fərqli qəhrəmanlıq salnaməsi var. Elnur kimi mərdliklə vuruşan oğullarımızın bu gün qürurla danışdığımız, gələcək nəsillər üçün örnək olacaq qəhrəmanlıq hekayələrini dinlədikcə qürurlanmamaq olmur.
Əziz Əzizov eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızda aparılan nəhəng yenidənqurma işlərindən bəhs edərək həyata keçirilən misli görünməmiş bu quruculuq işlərinin Azərbaycanın qüdrətinin göstəricisi, Cənab İlham Əliyevin güclü siyasətinin nəticəsi olduğunu da bildirmişdir.
Tədbirdə iştirak edən digər qonaqların çıxışından sonra Şəhid Elnur Şahbazovun təhsil aldığı 89 №-li tam orta məktəbin şagirdlərinin təqdimatında bədii hissə nümayiş olunmuşdur.
Sonra tədbir iştirakçıları Şəhidin məzarını ziyarət edərək ruhuna dualar oxumuş, eləcə də açılmış ehsan süfrəsində xatirəsini ehtiramla yad etmişlər.
Qeyd edək ki, 2019-cu il oktyabr ayında həqiqi hərbi xidmətə yollanan Elnur Şahbazov Vətən müharibəsində igidliklə vuruşaraq cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib. Laçın dəhlizi uğrunda gedən döyüşlərdə ölümün gözünə dik baxaraq 6 şəhidi döyüş meydanından çıxararkən özü də Şəhidlik zirvəsinə ucalmışdır.