“Bilik günü” münasibəti ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilmişdir
“Bilik günü” münasibəti ilə Suraxanı rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər təşkil olunmuşdur. Tədbirlərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, bələdiyyə sədrləri iştirak etmişlər.
Əmircan qəsəbəsindəki 114 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov iştirak etmişdir.
114 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ceyran Növruzova qonaqları salamladı və bildirdi ki, məktəbin kollektivi yeni tədris ilinə tam hazırdır. 2016-2017-ci dərs ilində məktəbi 103 şagird bitirmiş, onlardan 85 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Sənəd verənlərdən 55 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 2-si qəbul imtahanında 600-dən yuxarı bal toplamışdır.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətibaşçısı İlqar Abbasov bildirmişdir ki, son 14 ildə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhsil sistemində də çox ciddi irəliləyişlər, uğurlar əldə olunmuşdur. Bu illər ərzində yaradılmış baza Azərbaycan təhsilinin inkişafına uzun müddət xidmət edəcəkdir.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
2017-2018-ci dərs ilinə ciddi uğurlarla gələn Azərbaycan təhsili üçün ötən dərs ili bir sıra mühüm hadisələr, islahatyönümlü tədbirlərlə əlamətdar olub. Təhsil islahatlarının daha da dərinləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son illər başlanan işlər daha qətiyyətlə davam etdirilib, bir sıra yeni layihələrə start verilib, təhsil sistemimizin dünya təhsil məkanına daha sıx inteqrasiyası yönündə uğurlu addımlar atılıb.
Yeni dərs ili ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevə Bakının bir sıra tam orta məktəblərinin binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuşlar.
Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları, Heydər Əliyev Fondunun həyata keçirtdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.
İlqar Abbasov vurğulamışdır ki, Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsini təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaqdır.
Rayon rəhbəri bildirdi ki, təhsilə göstərilən dövlət qayğısı Suraxanı rayonundan da yan keçməyib. Suraxanı rayonunda son 14 ildə 5920 şagird yerlik 7 məktəb binası, şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 14 məktəb üçün 7340 şagird yerlik 17 əlavə tədris korpusu tikilmiş, 26372 şagird yerlik 23 məktəb binası əsaslı təmir olunmuşdur.
Təhsilin uğurlarından danışan rayon rəhbəri qeyd etmişdir ki, 2016-2017-ci tədris ilində isə rayon ərazisində yerləşən 34 orta ümumtəhsil məktəbini və Xarici Dillər Təmayüllü gimnaziyanı 2005 şagird bitirib, onlardan 1977 nəfər attestat alıb. 1578 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Sənəd verənlərdən 1111 nəfəri tələbə adını qazanmışdır. Bu da sənəd verən məzunların 70,4 faizini təşkil edir. Abituriyentlərdən 78 nəfəri 600-dən yuxarı bal toplamışdır. 650-dən çox bal toplayan məzunların sayı 29 nəfərdir. Rayonun tarixində ilk dəfə olaraq 278 nömrəli tam orta məktəbin məzunu Pərvin Əhmədova 700 bal toplamışdır. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 76, 87, 104, 114, 141, 146, 270, 275, 278, 279, 281, 282, 316, 318№-li tam orta məktəblərin və XDTG məzunları daha yüksək nəticələr göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 sentyabr 2017-ci il tarixli sərəncamı ilə 2017-2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcəkdir. Məzunlarımızdan 6 nəfəri də onların sırasındadır.
2016-2017-ci tədris ilində 275 nömrəli məktəbin 12, 278 və 279 nömrəli məktəblərin hər birinin 7, XDTG-nin 6, 141, 281 və 316 nömrəli məktəblərin hər birinin 5 məzunu 600-dən yuxarı bal toplamışdır.
2017-2018-ci tədris ilində rayon üzrə 5020 uşaq 1-ci sinifə gedəcək. Onlardan 4386-sı azərbaycan bölməsində, 634-ü isə rus bölməsində təhsil alacaqlar.
İlqar Abbasov əldə olunan uğurlara görə rayonun bütün təhsil işçilərini təbrik etdi və qarşıdakı 2017-2018-ci tədris ilində uğurlar arzuladı.
Tədbirdə çıxış edənlər təhsilə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər.
Sonra ilk zəng şagirdləri dərsə səslədi. Birinci sinif şagirdləri ilə görüş oldu.