Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi rayonun ideoloji mərkəzinə çevrilmişdir

08 sentyabr 2017 | 16:00

2009-cu il may ayının 4-də fəaliyyətə başlayan Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji mərkəzinə çevrilmişdir.
Mərkəzi  ziyarətə gələnlər Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar. Rayon sakinləri, rayona gələn yerli və xarici qonaqlar, Milli Məclisin deputatları böyük maraqla Mərkəzin fəaliyyəti ilə tanış olurlar.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə digər ziyarətçilərlə yanaşı rayon məktəbliləri də davamlı tanış olur, Mərkəzin imkanlarından faydalanırlar. Rayonda ibtidai siniflərdə təhsil alan şagirdlər tərtib olunmuş cədvələ uyğun olaraq hər həftənin çərşənbə axşamı günləri Heydər Əliyev Mərkəzinə gəlirlər. Gənc Heydərçilər cərgəsinə qoşulmaq üçün ilk addımlarını atan şagirdlər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən çoxsaylı eksponatlarla yaxından tanış olur, Mərkəz haqqında ətraflı məlumatlandırıldıqdan sonra Mərkəzin Elektron lektoriya zalında Ulu Öndərin həyatından bəhs edən filmlərə tamaşa edirlər.
İndiyədək Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 75 mindən artıq yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 16 mindən artıq istifadəçi faydalanmışdır.
Mərkəzdə 2017-ci ilin ötən dövrü ərzində 12 ümumrayon tədbiri, ümumilikdə isə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlarla birgə 2009-cu ildən bəri 200-dən artıq tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Azərbaycan RespublikasıTəhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında və Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının Heydər Əliyev lektoriya zalında 11-ci sinif şagirdlərinə dərslər 2016-2017-ci tədris ilində də tədris olunmuşdur. Bunun üçün ixtisaslı tarix müəllimlərindən və ölkəmizin nüfuzlu ali təhsil və elmi müəssisələrində çalışan tarixçilərdən ibarət tərkib seçmişdir. Dərslərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün zəruri təşkilati məsələlər həll edilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə eyni zamanda ayda bir dəfə tədris olunmaqla “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 9-11-ci sinif şagirdlərinə açıq dərs keçirilir. Bu dərslər  2016-2017-ci tədris ilinin sonuna qədər davam etdirilmiş və rayonun bütün məktəblərini əhatə etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulmuş, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılmışlar.
2017-2018-ci tədris ilində Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində açıq dərslər davam etdiriləcəkdir.

Keçidlər