Zığ-Suraxanı avtomobil yolunun daha 2,7 kilometrlik hissəsi yenidən qurulur
Suraxanı rayonunun Zığ-Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2,7 kilometrlik hissəsinin yenidən qurulması işlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. Təmir-tikinti işləri zamanı yol genişləndirilərək 12 metrə çatdırılacaq. Yolun hərəkət hissəsinin eni 9 metr təşkil edir. Aparılan işlər zamanı köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılır. Yolboyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənir, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılır.
Torpaq işləri yekunlaşdıqdan sonra yolun asfaltlanmasına start veriləcək. Ümumilikdə 2 qat olmaqla yolun 30 min kvadratmetrə yaxın sahəsinə yeni asfalt-beton örtük döşənəcək. Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolboyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi nəzərdə tutulub. Səkilərin kənarına 6,5 min poqonmetr yeni səki daşı düzüləcək.
Səth sularının yolun hərəkət hissəsindən ötürülməsini təmin etmək məqsədilə 4 yerdə xüsusi quyular tikilərək yağış barmaqlıqları, həmçinin gələcəkdə yola ziyan vurmadan yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün bir neçə yerdə ehtiyat keçidlər qoyulacaq. Bütün işlər tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır.
Suraxanı rayonunun Zığ–Əmircan–Yeni Suraxanı avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.