Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Etibar Bəkirli küçəsi yenidən qurulub
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisindəki Etibar Bəkirli küçəsinin yenidən qurulması ilə bağlı tikinti işləri tamamilə yekunlaşdırılıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yenidənqurulma işləri vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində görülür. Sözügedən yolun əsaslı şəkildə yenidənqurulması texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə adı çəkilən küçənin İlqar Musayev küçəsi ilə kəsişməsinədək olan 1,9 kilometrlik hissəsində aparılıb. Tikinti işləri çərçivəsində küçənin eni 4-5 metr arasında ərazidən asılı olaraq 9-12 metrə qədər genişləndirilib.
Daha sonra yolboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Qazılmış və genişləndirilmiş hissələrə karbonat materialı tökülərək kipləşdirilmə işləri aparılıb. Yol yatağının tikintisindən sonra asfaltlanma işləri görülüb ki, ümumilikdə yolun asfaltlanması üçün 20 min kvadratmetr sahəyə ikiqat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənib.
E.Bəkirli küçəsində aparılan yenidənqurma işləri çərçivəsində 1,5 metr enində piyada səkiləri inşa edilib. Piyada səkilərinin salınması üçün 5 min poqonmetr səki daşından istifadə olunub. Layihəyə uyğun olaraq, yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 6 yerdə ehtiyat keçidlər salınıb, 15 ədəd kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub, yağış sularını ötürmək üçün 7 ədəd yağış barmaqlıqları qoyulub, həmçinin 6 yerdə yolun altından dəmir-beton borular quraşdırılıb.
Layihəyə uyğun bütün işlər tamamilə başa çatdıqdan sonra zəruri olan yerlərdə 55 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.