Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin məsul işçiləri 2 saylı Uşaq Evinin Zirədəki “Dalğa” yay düşərgəsində olub

17 avqust 2017 | 16:00

17 avqust 2017-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və aparatın məsul işçiləri 2 saylı Uşaq Evinin Zirə qəsəbəsində yerləşən “Dalğa” yay düşərgəsində olmuş və uşaqları ziyarət etmişlər.
Məlumat üçün bildirək ki, valideyn himayəsindən məhrum olan uşaqların qayğılarını yaddan çıxarmayan Heydər Əliyev Fondu Bakının Xəzər rayonunun Zirə qəsəbəsində Suraxanı rayonundakı 2 saylı Uşaq Evi üçün “Dalğa” yay düşərgəsi inşa etmiş və 2016-cı il iyunun 22-də düşərgənin açılış mərasimi olmuşdur. Açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə görüşdə 2 saylı Uşaq Evinin direktoru Sevda Hacıyeva bildirdi ki, “Dalğa” yay düşərgəsində uşaqların istirahəti üçün ən müasir şərait yaradılmışdır. 120 nəfər üçün nəzərdə tutulan düşərgədə müxtəlif yaş qruplarına aid uşaqlar üçün yaddaqalan yay istirahəti təşkil edilmişdir. Ümumi sahəsi 21 min kvadrat metrdən çox olan düşərgənin həyətini müxtəlif ağac və dekorativ kollar bəzəyir. Burada  uşaqların əylənməsi və istirahəti üçün maraqlı guşələr yaradılmış və idman meydançaları salınmışdır. Düşərgədə uşaqların musiqi ilə məşğul olmaq, müasir kompyuterlər vasitəsilə informasiya-kommunikasiya texnologiyalarına yiyələnmək və rəsm sahəsində istedadlarını inkişaf etdirmək üçün şərait yaradılmışdır. Düşərgənin kitabxanasında bir çox sahələri əhatə edən ədəbiyyat toplanmışdır. Müəssisənin geniş yeməkxanası balacaların və yeniyetmələrin vaxtında və düzgün qidalanmalarını təşkil etməyə şərait yaradır. Burada, həmçinin oyun zalı, emalatxana, dərs, istirahət otaqları da vardır. İkinci və üçüncü mərtəbə isə yataq korpusu üçün ayrılmışdır. Düşərgədə uşaqların əylənmələri üçün maraqlı tədbirlər təşkil olunur və uşaqların yay istirahətini səmərəli keçirməsi təmin edilir.
Gözəl dizaynla qurulan düşərgədə artıq ikinci dəfə istirahət edən uşaqlarla görüşən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrini, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğını, respublikamızın sürətli iqtisadi inkişafının uşaqların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaratdığını uşaqların diqqətinə çatdırdı.
İlqar Abbasov xüsusi vurğuladı ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva,   Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində, o cümlədən, 2 saylı Uşaq Evində olur, onların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır və hər zaman dəstək olurlar. Onlar  uşaq evlərində məskunlaşan balacalara əsl ana qayğısı göstərirlər.
İlqar Abbasov uşaq evinin sakinlərinə yay istirahət düşərgəsində maraqlı və xoş istirahət arzuladı və qeyd etdi ki, Heydər Əliyev Fondunun inşa etdiyi 2 saylı uşaq evinin “Dalğa” yay istirahət düşərgəsi uşaqların asudə vaxtlarının təşkilində mühüm rol oynayacaqdır.
Uşaq evinin sakinləri uşaqlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda uşaqlara yeni tədris ili ərəfəsində hədiyyələr və dərs ləvazimatları təqdim olundu.

Keçidlər