Suraxanı rayonunda 2012-ci ilə yekun vurulmuşdur
28 fevral 2013 | 16:00
27 fevral 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin Akt zalında “Suraxanı rayonunda 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuş, sonra Heydər Əliyev parkının “Bayraq meydanı”nda “Leylandii” ağacları əkmişlər.Bununla da rayonda ağacəkmə kompaniyasına start verilmişdir.
Daha sonra tədbir iştirakçıları RİH-in Rəsm qalareyasında ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərlə ilə baxmış, rayonun sənaye müəssisələrinin istehsal etdiyi məhsullarla tanış olmuşlar.
RİH-in akt zalında keçirilən hesabat yığıncağında ölkədə aparılan genişmiqyaslı işlər haqqında film və slaydlarla rayonda aparılmış abadlıq-quruculuq işləri göstərildikdən sonra hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məlumat verilmişdir ki, 2012-ci il ərzində Suraxanı rayonunda da Dövlət və yerli Proqramlarının icrası uğurla davam etdirilmişdir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Suraxanı rayonu üzrə həyata keçiriləcək işləri əks etdirən 102 bənddən ibarət tədbir nəzərdə tutulmuş, onlardan 32-i tam icra olunmuş, 48-i hazırda icradadır, 22-nin icrasına başlanılmamış, icrası başa çatdırılan və hazırda icra olunan tədbirlər proqramın 78,4 faizini təşkil edir.Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Suraxanı rayonu üzrə həyata keçiriləcək işlərə dair 48 bənddən ibarət əlavə tədbir nəzərdə tutulmuş, onlardan 37-si təhsil sahəsinə, 11-i isə yanğına qarşı su hovuzlarının tikintisi və təmirinə aid tədbirlərdir və onlardan 6-sı hazırda icradadır.
Ötən illərdə olduğu kimi 2012-ci ildə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə dəfə rayonumuzu şərəfləndirərək, Dövlət Proqramları çərçivəsində görülən işlərlə tanış olmuşdur.
Belə ki, fevralın 8-də Bülbülə qəsəbəsindəki 313 saylı uşaq bağçasında, mayın 11-də Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yeni salınmış sayca 5-ci parkın açılışında, avqustun 2-də Yeni Suraxanı qəsəbəsindəki 85 saylı orta məktəbdə və Bülbülə qəsəbəsindəki 268 saylı uşaq bağçasında, sentyabrın 14-də isə Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmişdir.
Dövlət Proqramının icrası ilə əlaqədar 2012-ci il ərzində “Azərsu” ASC tərəfindən 18980 p.m. su, 3844 p.m. kanalizasiya xətləri çəkilmiş, “Dədə Qorqud” adlandırılan yaşayış sahəsinin yaxınlığında 2 ədəd 10,0 min kub.m. həcmli su anbarlarının tikintisi başa çatdırılmış, Heydər Əliyev prospektinin sol tərəfindəki yaşayış sahəsini içməli su ilə təmin etmək üçün Ramana yaşayış sahəsində 10 000 kub.m-lik su anbarı tikilir.
Respublikamızda ilk dəfə olaraq pilot layihə çərçivəsində Yeni Günəşli “Q” yaşayış sahəsində 28 ədəd doqquzmərtəbəli binanın su təchizatı səbəkəsi yenidən qurulmuş, bunun nəticəsində 4571 sakin (1183 abonent), Hövsan qəsəbəsində isə 32,0 min sakin (11035 abonent) 24 saat fasiləsiz içməli su ilə təmin olunmuşdur.
“Azəriqaz” İB tərəfindən rayonda 506,8 min p.m. qaz xətləri çəkilmişdir.
“Bakıelektrikşəbəkə” ASC tərəfindən yüksəkgərginlikli 1 yeni yarımstansiya tikilmiş, 4 Transformator Məntəqəsi sökülərək yerində yeni Transformator Məntəqəsi binaları inşa edilmişdir.
Rayon üzrə mərkəzi istilik sisteminə qoşulmuş 279 yaşayış binasından 266 yaşayış binası cari mövsümdə istiliklə təchiz olunur.
Təhsil, səhiyyə və mədəniyyət sahəsində 1 yeni məktəb tikilmiş, 6 məktəb əsaslı təmir edilmiş, 2 məktəb üçün 720 şagirdlik 36 sinif otağı tikilmiş, 3 məktəb üçün 1600 şagirdlik 80 sinif otağının tikintisi işləri davam etdirilmişdir. 2013-cü ildə 12 məktəb əsaslı təmir ediləcək, 9 məktəb üçün 3820 şagirdlik 191 sinif otağı tikiləcəkdir.
5 körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuş, 2 saylı Uşaq evinin və 4 uşaq bağçasının əsaslı təmirinə başlanılmış, 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının və 31 saylı şəhər poliklinikasının əsaslı təmiri işləri davam etdirilmişdir.
Yeni Günəşli yaşayış sahəsində yeni parkın tikintisi işləri davam etdirilmiş, Hövsan qəsəbəsində mövcud park yenidən qurulur.
Rayonun küçə və yollarına, məhəllələrə müxtəlif mənbələr hesabına 364,2 min kv.m asfalt örtüyü salınmış, yol kənarlarına 1293 p.m. uzunluğunda səki daşları düzülmüş, Hövsan qəsəbəsində Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 81 mənzilli 9 mərtəbəli sayca 2-ci yaşayış binası istifadəyə verilmişdir. Rayon Gənclər evinin tikintisi sürətlə davam etdirilir.
2003-cü il ilə müqayisədə 2012-ci ildə rayonda sənaye məhsullarının istehsalı 4,3 dəfə artaraq 321 milyon manat təşkil etmiş, tikinti-quraşdırma işləri 5,7 dəfə, nəqliyyat xidmətləri 2,0 dəfə, əsas kapitala yönəldilən investisiyalar 10,2 dəfə artmış, orta aylıq əmək haqqı 4,3 dəfə artaraq 546 manat olmuşdur. 2003-2012-ci illərdə daimi olmaqla 14652 yeni iş yeri açılmış, 3,5 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Dövlət İnvestisiya Şirkətinin köməkliyi ilə Zığ qəsəbəsində “Milk Pro” şirkətinə məxsus Yeni Bakı Süd Kombinatı fəaliyyətə başlamış, sahibkarlar üçün Bülbülə və Qaraçuxur qəsəbələrində növbəti kredit yarmarkaları keçirilmiş, rayondan olan 24 sahibkara 1 milyon 44 min manat məbləğində ətlik və quşçuluq təsərrüfatlarının, xidmət sahələrinin yaradılması məqsədi ilə güzəştli kreditlər verilmişdir.
“Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun ətrafının abadlaşdırılması, Heydər Əliyev prospektini “Atəşgah” məbədi ilə birləşdirən S.Bəhlulzadə və V.Balandin küçələrində yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının təmir olunaraq rənglənməsi işləri davam etdirilmişdir.
2012-ci il ərzində rayonda 8 ədəd yeni abad məhəllə salınmış, 14 abad məhəllədə təmir işləri aparılmış, dövlət mənzil fonduna aid evlərdə mənzil kommunal təsərrüfatı idarələri tərəfindən 27,4 min kv.m. dam örtüyü təmir edilmişdir.
Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri davam etdirilmiş, neftlə çirklənmiş torpaqlarda aparılmış rekultivasiya işləri nəticəsində 24 hektardan çox sahə təmizlənmiş, ümumi sahəsi 17,5 hektar olan 72 neft gölməçəsi qurudulmuş, 107 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, həmin ərazilərdə 1260 ağac əkilmişdir.
Göstərilən dövr ərzində rayonun ideoloji qərargahına çevrilmiş Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin imkanlarından geniş istifadə edilmişdir.
Mərkəzin Elektron kitabxanasının xidmətindən bu günə qədər 9 min istifadəçi faydalanmışdır.
Mərkəzə gələn ziyarətçilərlə yanaşı hər gün rayonun məktəblərindən əlaçı və ictimai işlərdə fəallıq göstərən şagirdlər də gəlir və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsini öyrənirlər.
Mərkəzdə ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, kütləvi informasiya vasitələri, qanunvericilik və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və nümayəndələri ilə birgə ümumilikdə 88 tədbir keçirilmiş, rayona gələn yerli və xarici qonaqlar böyük maraqla mərkəzin fəaliyyəti ilə tanış olmuş, bu günə qədər ümumilikdə 40 min 500 nəfərdən artıq ziyarətçi Mərkəzi ziyarət etmişdir.
2012-ci ildə Dövlət İdman Siyasətinin həyata keçirilməsi ilə bağlı 67 tədbir keçirmiş, bu tədbirlərdə ümumilikdə 13,4 min idmançı iştirak etmişdir.
Ölkə başçısı, cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların problemlərinin həlli, onlara göstərilən diqqətin artırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi işi daim rayonun dövlət orqanlarının diqqət mərkəzindədir.
2012-ci il ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3948 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, imtiyazlı ailələrə 5,2 milyon manat ünvanlı sosial yardım və 4,7 milyon manat sosial müavinət ödənilmişdir. Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 1215 nəfərdən 693 nəfəri işlə təmin olunmuşdur.
Səyyar görüş-qəbullar hər növbəti ay üçün təsdiq olunmuş qrafikə uyğun keçirilmişdir. 2012-ci ildə 2135 nəfərin iştirakı ilə 35 səyyar görüş-qəbulda qaldırılmış 106 məsələdən 55-i müsbət həll edilmiş, 2-nin icrası nəzarətdədir, 3-nə aidiyyəti üzrə baxılır, 46-na qanunamüvafiq izah verilmişdir.
RİH başçısı tərəfindən 2012-ci il ərzində 669 nəfər vətəndaş qəbul edilmişdir.
Son illər Respublikamızda, eləcə də Bakı şəhərində sosial, infrastruktur, kommunikasiya, yol-nəqliyyat yönümlü layihələrin uğurla yerinə yetirilməsi, Dövlət və yerli əhəmiyyətli proqramların müvəffəqiyyətlə həyata keçirilməsi vətəndaşları narahat edən məsələləri, müvafiq olaraq müraciətləri nəzərəçarpacaq dərəcədə azaltmışdır.
Rayon İcra Hakimiyyətində müntəzəm yeniləşən www.surakhani-ih.gov.az internet saytı, mail@ surakhani-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu, kimi mütərəqqi əlaqə və informasiya vasitələrindən, yerlərdə quraşdırılmış “Şikayət və təkliflər” səyyar poçt qutularıdan geniş istifadə edilir.
Rayon İcra Hakimiyyətində tətbiq edilmiş “Elektron icraçı” Avtomatlaşdırılmış İdarəetmə Sistemi proqramına sənədlərin daxil edilməsi davam etdirilmişdir.
Görülmüş və görüləcək işlər, mövcud problemlər və onların həlli yolları barədə sakinlərə ətraflı məlumat verilməsi üçün kütləvi informasiya vasitələrindən, televiziya kanallarından, ərazidə quraşdırılmış məlumat lövhələrindən və müasir informasiya köşklərindən geniş istifadə edilir, bu günə kimi 400 minə yaxın internet istifadəçisinin tanış olduğu RİH-in internet saytında xəbər və məlumatlar operativ yerləşdirilir.
İ.Abbasov çıxışının sonunda rayon sakinləri və əmək kollektivləri adından Suraxanı rayonuna daim diqqət və qayğı göstərdiyinə görə, böyük qətiyyətlə ölkəmizi irəliyə aparan Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi və əmin etdi ki, həmişə olduğu kimi cənab Prezudentin ətrafında sıx birləşərək, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə üzərimizə düşən vəzifələrimizi layiqincə yerinə yetirəcəyik.
Tədbirdə iştirak etmək arzusunda olan, amma müxtəlif səbəbdən gələ bilməyən rayon sakinləri “Skype” vasitəsi ilə Suraxanı Rayon İcra Hakimiyyətinin “Suraxanı-RİH” səhifəsinə daxil olmaqla tədbirə canlı qatıldılar və onları narahat edən məsələlərə aydınlıq gətirildi.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyey, Milliət Məslisin deputatı Sevinc Fətəliyeva, iri müəssisə və xidmət sahələrinin rəhbərləri çıxış etmişlər. Sonda rayonun sosial-iqtisadi, ictimai həyatında fəal iştirak edən şəxslərə və təşkilatlara Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunmuşdur.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçılarının ünvanladığı müraciətin mətni oxunmuşdur.