Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48 illiyi Suraxanı rayonunda qeyd edildi

15 iyul 2017 | 05:29

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48 illiyi münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbir Yeni Suraxanı qəsəbəsində “14 iyul” küçəsində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi günü tərənnüm etdirən Xatirə kompleksinə baxış keçirməklə başlamışdır. Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin hər il 14 iyul tarixində Xatirə kompleksini ziyarət etməsi bir ənənə halını almışdır.
Sonra tədbir iştirakçıları Ümummilli Liderin Heydər Əliyev parkında ucalan  abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuş və Mərkəzin sifarişi ilə hazırlanmış “Əyilməz iradə” filminə baxmışlar.
Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48 illiyi münasibəti ilə keçirilən konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur. 14 iyul 1969-cu il Ulu Öndərin Azərbaycanda siyasi olimpə yüksəldiyi gündür. Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cu ilin iyunundan 2003-cü il oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir.
İstər Sovetlər Birliyi, istərsə də Mustəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət Heydər Əliyevin mubarizə devizi və həyat idealı olmuşdur.
Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründən başlayır. Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi.
Görülən məqsədyönlü tədbirlər nəticəsində qısa zaman kəsiyində Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrildi. Belə ki, 1980-ci ildə sənaye məhsulu istehsalının həcmi 1970-ci ilə nisbətən 2,9 dəfəyə qədər artdı. Maşınqayırma sənayesində istehsalın həcmi 5,3 dəfə, kimya və neft-kimya sənayesində 3 dəfədən çox, yeyinti sənayesində isə 4 dəfədən çox artmışdır. Sənayenin struktur quruluşunda maşınqayırma kompleksinin xüsusi çəkisi 1960-cı ildəki 5,1 faizdən 1982-ci ildə 16,4 faizə, kimya və neft-kimya, meşə sənayesi kompleksi müvafiq olaraq 4,1 faizdən 8,7 faizə, tikinti materialları sənaye kompleksi 2,7 faizdən 3,2 faizə, yeyinti sənayesi kompleksi 2 dəfədən çox artdı.
Sənaye ilə yanaşı ölkə iqtisadiyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da inkişaf etdirilirdi. Əkinçiliyin ayrı-ayrı sahələri - pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəz, eləcə də heyvandarlıq məhsullarının istehsalı 1982-ci ildə 1969-cu illə müqayisədə 2,5 dəfədən çox artmışdır.
Ulu Öndər Heydər Əliyev ölkədə elmin və təhsilin yüksəlməsinə, yeni ali məktəblərin və ali məktəblərdə yeni ixtisasların açılmasına, Azərbaycan gəncinin mükəmməl bilik alaraq cəmiyyətin fəal üzvünə çevrilməsinə hər cür şərait yaratdı.
Kohfransda çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi şurasının üzvü, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbliyə qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən sonra respublika həyatının bütün sahələrində tənəzzüldən tərəqqiyə doğru ciddi dönüşə nail olundu. Ulu Öndər Heydər Əliyevin ölkənin böyük perspektivlərinə hesablanmış strateji proqramının başlıca məqsədlərindən biri də xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi olmuşdur. Hələ 1993-cü ilin iyununda - ölkənin yenicə əldə etdiyi müstəqilliyin itirilməsi təhlükəsinin reallaşdığı bir vaxtda xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ümummilli Lider Azərbaycanı bütün təhlükələrdən xilas edərək, onu böyük inkişaf yoluna çıxarmış, eyni zamanda mühüm sosial müdafiə tədbirlərinin təməlini qoymuşdur.
Hadı Rəcəbli qeyd edib ki, əsası Ulu Öndər tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət son nəticədə təhsil və səhiyyə də daxil olmaqla, ümumən sosial sahədə geniş miqyaslı işlərin görülməsinə zəmin yaradıb.  
Kohfransda çıxış edən Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası  Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, professor Nurlana xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən sonra respublika həyatının bütün sahələrində tənəzzüldən tərəqqiyə doğru ciddi dönüşə, sürətli inkişafa nail olunduğunu vurğulayaraq qeyd etdi ki, Ulu Öndər bütün mənalı ömrünü xalqın rifahının yaxşılaşdırılmasına, dövlətimizin möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinin və dönməzliyinin bərqərar olmasına həsr etmişdir.
Konfransda çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyev qeyd etdi ki, Azərbaycana rəhbərliyi dövründə ölkə iqtisadiyyatının inkişafı, yeni strateji əhəmiyyətli müəssisələrin yaradılması, sənaye və kənd təsərrüfatının inkişafı, kadr potensialının formalaşdırılması istiqamətlərində məqsədyönlü tədbirlər həyatra keçirən Ulu Öndər öz parlaq zəkası, dövlətçilik bacarığı və uzaqgörənliyi sayəsində ölkənin gələcək müstəqilliyi üçün vacib potensialın yaradılması, milli şüurun yüksəlişini təmin etmişdir.
Konfransın işini yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Ulu Öndər Heydər Əliyev və onun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı bugünkü nailiyyətlərə addım-addım gətirmişlər. Bu gün Azərbaycan ölkə vətəndaşlarının tam etimad bəslədiyi, özünə alternativsiz Lider olaraq gördüyü möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, özünün intibah dövrünü yaşayır. Bütün sahələrdə özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən ölkə kimi tanıdan Azərbaycan regionun davamlı inkişaf edən, müasirləşən dövlətinə çevrilib.
Azərbaycan bu gün, eyni zamanda, təkcə Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülh və inkişaf mərkəzlərindən biri kimi tanınır. Azərbaycanın dünya ölkələri ilə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir.
İlqar Abbasov vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan  və Azərbaycan xalqı qarşısında müstəsna xidmərlərini qeyd edərkən Ümummilli Liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində müstəsna xidmətləri olan Azərbaycanın Birinci vitse Prezidenti, Heydər Əliyev Fondu onun Prezidenti, Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyeva Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və mənəvi dəstək, səhiyyə, təhsil, mədəniyyət sahələri üzrə irimiqyaslı layihələri reallaşdırmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına, onların həllinə daim diqqətlə yanaşır.
Müstəqil Azərbaycan  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji yolla uğurla irəliyə doğru addımlayır.
Azərbaycan xalqı və onun yaratdığı dövlət durduqca Ulu Öndər Heydər Əliyev də yaşayacaqdır. Ulu Öndər Heydər Əliyev Yaradanın sevimlisi, yaranmışların şərəflisi olmuş və olaraq qalır.
Konfransda Milli Məclisin deputatı Ağacan Abiyev və Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov iştirak etmişdir.

Keçidlər