Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan sənayesinin inkişafı” mövzusunda tədbir keçirilmişdir

11 iyul 2017 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu ilə birlikdə tədbirləri davam etdirir. Növbəti tədbir Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində keçirilmişdir. Qəsəbə ziyalılarının, ictimaiyyət nümayəndələrinin, Suraxanıoyl Əməliyyat Şirkətinin bir qrup əməkdaşının iştirakı ilə 85 saylı tam orta məktəbin akt zalında ““Heydər Əliyev və Azərbaycan sənayesinin inkişafı”  mövzusunda tədbir təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov qeyd etdi ki, Heydər Əliyev Azərbaycan sənayesinin inkişafında böyük və müstəsna rolu olan əvəzsiz şəxsiyyətdir. 1969-1982 və 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etmiş Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev fəaliyyəti dövründə Azərbaycan sənayesinin, Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində həlledici addımlar atmışdır. Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində ölkədə sənaye istehsalının həcmi 1969-cu illə müqayisədə 1982-ci ildə 2,7 dəfə artmışdır. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı (indiki Şirvan), Naxçıvan, Xankəndi, Lənkəran, Yevlax, Şəki, Xaçmaz şəhərlərinin sənayesi inkişaf etdirilmişdir. Azərbaycanın sənayesində orta illik artım keçmiş İttifaqın bütün respublikalarından fərqli olaraq 7,9% olmaqla daha yüksək sürətlə inkişaf etmişdir.
Rəşid Məmmədov xüsusi vurğulamışdır ki. Ulu Öndərin müstəqil ölkəmizə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılmışdır. Bu illər ərzində sosial-iqtisadi inkişafa, sənayenin inkişafına geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, böhran həddində olan iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru inamlı dönüş yarandı. Ulu Öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratdı. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin layiqli təmsilçisi olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan milli intibahının şərəfli mərhələsini yaşayır.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin Müəssisənin iqtisadiyyatı kafedrasının müdiri, professor  Əli Hacıyev qeyd etdi ki, Ümumilli Lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi siyasət strategiyasının başlıca istiqamətlərini sabitləşdirmə, islahatlaşdırma, dünya iqtisadi inteqrasiyasına qоşulma, sоsial-iqtisadi inkişaf və xalqın rifahının yüksəldilməsi təşkil edirdi. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə digər sahələrlə yanaşı Azərbaycan sənayesi də güclü inkişaf etmişdir. Təkcə bu faktı gətirmək kifayətdir ki, 1982-ci ildə kimya və neft-kimya sənayesinin, maşınqayırma və metal emalının, yüngül və yeyinti sənayesinin xüsusi çəkisi sənayenin strukturunda 1913-cü ildəki 14.8%-ə qarşı 75.6% təşkil etmişdir. Üzümçülüyün intensiv inkişafı şərabçılıq sənayesinin inkişafı prosesini sürətləndirmişdir. 1970-1982-ci illərdə şərabçılıq sənayesinin istehsal həcmi 4 dəfədən çox artaraq respublikanın bütün sənaye istehsalının həcminin 1/7 hissəsini təşkil etmişdir. 1969-cu ilədək Azərbaycanda 735 sənaye obyekti tikilmişdirsə, Heydər Əliyevin rəhbərlik etdiyi 14 ildə onların sayı 1048-ə çatdırılmışdır.
Əli Hacıyev qeyd etdi ki, adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə gəlməklə dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə dayanan Azərbaycanı  xilas etmişdir. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə dünyanın aparıcı dövlətlərinin neft şirkətlərinin Xəzər hövzəsində külli miqdarda investisiya yatırması Azərbaycana həm də ən müasir innovasiya və informasiya texnologiyalarını gətirmişdir.
Heydər Əliyev siyasətini uğurla həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub. İqtisadi inkişaf göstəricilərinə görə dünyanın aparıcı dövlətləri ilə bir sıraya yüksəlmək iddiasını ortaya qoymuş Azərbaycan 2020-ci ilədək bütün sahələrdə sürətli modernləşmə yolu keçmək, ümumi daxili məhsulu 2 dəfəyədək artırmaq niyyətindədir. Natiq xüsusi vurğulamışdır ki, hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyət hər birimiz üçün nümunədir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu Aparatının rəhbəri, hüquq elmləri doktoru, professor  İsaxan Vəliyev, Suraxanıoyl Əməliyyat Şirkətinin icraçı direktoru Arzu Sarıbalayev çıxış etdilər.

Keçidlər