Şriftin ölçüsü :

Saytın rəngi :

“Tolerantlıq - dini müxtəliflikdə birgəyaşayışın Azərbaycan həqiqətləri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

10 iyul 2017 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu ilə birlikdə maarifləndirici tədbirləri davam etdirir. Növbəti tədbir Suraxanı rayonu, Zığ qəsəbəsində keçirilmişdir. Qəsəbə ziyalılarının, gənclərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Zığ mədəniyyət evində “Tolerantlıq - dini müxtəliflikdə birgəyaşayışın Azərbaycan həqiqətləri” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov qeyd etdi ki, hazırda dinamik inkişaf yolunda müvəffəqiyyətlə irəliləyən ölkəmiz sosial-iqtisadi, siyasi sahədə ciddi uğurlara imza atıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Əldə olunan nailiyyətlər həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə qəbul olunur və təqdir edilir. Azərbaycan müsəlman ölkəsi olaraq dövlət-din münasibətləri baxımından nümunə olacaq bir ölkədir. Bu gün Azərbaycan multikultural dəyərlərin önəm verildiyi, tolerantlıq məkanı kimi dünya dövlətləri tərəfindən qəbul olunur.
Maarifləndirici tədbirdə məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və Proqnozlaşdırma şöbəsi müdirinin müavini Aqşin Axundov qeyd etdi ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multukulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun  qurulmasına və islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşmış dəyərlər toplusu olmaqla, mədəniyyətin əsas daşıyıcıları olan  fərdlər və xalqların birgə yaşayış norması və  digər tərəfdən də bir vahid dünya çərçivəsində yaşayan çoxlu sayda xalqlardan ibarət olan mədəniyyət müstəvisidir. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət İslam dəyərlərinin qorunması və inkişaf etdirilməsi ilə yanaşı, ölkəmizdə yaşayan milli və dini icmaların arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu düzgün strateji xəttin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilməsinin göstəricisidir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı çıxış edərək qeyd etdi ki, bu gün Azərbaycan multikultural dəyərlərin və tolerant mühitin inkişaf etdiyi bir ölkədir. Dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə  2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və 4-cü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi  ölkəmizin İslam Həmrəyliyinin  möhkəmləndirilməsi sahəsində növbəti əməli addımıdır. Biz çalışmalıyıq ki, vətəndaşlarımız İslam dəyərlərini dərindən öyrənsin. İslami dəyərlər milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və biz bu dəyərləri qorumalıyıq.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı.

Keçidlər