“Müasir Azərbaycan tarixinin Heydər Əliyev səhifəsi” mövzusunda tədbir keçirilmişdir
Suraxanı Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu ilə birlikdə tədbirləri davam etdirir. Növbəti belə tədbir Suraxanı rayonu, Hövsan qəsəbəsində keçirilmişdir.Qəsəbə ziyalılarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə 281 saylı tam orta məktəbin akt zalında “Müasir Azərbaycan tarixinin Heydər Əliyev səhifəsi” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
Dəyirmi masada giriş sözü ilə çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov qeyd etmişdir ki, bir neçə gündən sonra xalqımız əlamətdar bir tarixi günü- 14 iyul tarixini qeyd edəcək. 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur. 14 iyul 1969-cu il Ulu Öndərin Azərbaycanda siyasi olimpə yüksəldiyi gündür.
Rəşid Məmmədov xüsusi vurğulamışdır ki, 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cü ilin iyunundan 2003-cü il oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmiş Ulu Öndər istər Sovetlər Birliyi, istərsə də Mustəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət etmişdir.
Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründən başlayır. 1969-cu ildə Heydər Əliyevin dövlətə rəhbərliyinin ilk günlərindən respublikada böyük bir inkişafın başlandığı göz önündə idi. Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi.
Dəyirmi masada çıxış edən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Şimali Qafqaz şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dossent Vasif Qafarov qeyd etdi ki, 14 iyul 1969-cu ildə siyasi hakimiyyətə gələn Heydər Əliyevin həyata geçirdiyi məqsədyönlü tədbirlər nəticəsində qısa zaman kəsiyində Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrildi. Sənaye ilə yanaşı ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da inkişaf etdirilirdi. Əkinçiliyin ayrı-ayrı sahələri - pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəz, eləcə də heyvandarlıq məhsullarının istehsalı 1982-ci ildə 1969-cu illə müqayisədə 2,5 dəfədən çox artmışdı. Ulu Öndər Heydər Əliyev ölkədə elmin və təhsilin yüksəlməsinə, yeni ali məktəblərin və ali məktəblərdə yeni ixtisasların açılmasına, Azərbaycan gəncinin mükəmməl bilik və ixtisas alaraq cəmiyyətin fəal üzvünə çevrilməsinə hər cür şərait yaratdı. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dəyirmi masada çıxış edənlər qeyd etdilər ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın həyatında ictimai-siyasi və iqtisadi dönüşün, onun müstəqilliyə hesablanan yolunun başlanğıcını qoymuşdur. Ümimmili Liderin o dövrdə həyata keçirdiyi geniş quruculuq işləri strateji xarakter daşımış, Azərbaycanın bugünkü müstəqilliyinə xidmət etmişdir.